Aprelin 7-dən 11-nə qədər Litvanın Kaunas şəhərində Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək. Həmin festivalda Azərbaycanı iki istedadlı yeniyetmə təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə bununla əlaqədar Bakıda uşaq musiqi məktəblərinin şagirdləri dinlənib və seçim turu aparılıb. 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, respublika müsabiqəsi qalibləri Kamran Ömərli (skripka) və Günay Ağalarova (fortepiano) hər iki mərhələdən uğurla keçdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak edəcəklər. Onlar Motsart, Çaykovski, Ştraus, Q.Qarayev, F.Əmirovun əsərlərini səsləndirəcəklər. Festivala 36 ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Rusiya, Türkiyə, Belarus, Moldova, Ukrayna, Gürcüstan və digər ölkələrin təmsilçiləri qatılacaqlar.
|