NATO baş katibi Anders Foq Rasmussenin Cənubi Qafqaz və Orta Asiya regionuna səfəri çox böyük ehtimalla iyulun ortalarına təsadüf edəcək. Bu barədə "Ayna"ya NATO-ya yaxın mənbə bildirib. Rasmussen Azərbaycana gəlməzdən öncə Gürcüstan və Ermənistana baş çəkəcək, daha sonra isə Orta Asiyaya yollanacaq.
Xatırladaq ki, NATO-nun Azərbaycanda əlaqə dövləti statusunu yerinə yetirən Rumıniya səfiri Nikolaye Ureki srağagün bildirib ki, yay aylarına planlaşdırılan səfərin dəqiq vaxtı hələlik bəlli deyil. Onun sözlərinə görə, bu tip səfərlər çərçivəsində qarşılıqlı əməkdaşlığa dair məsələlər müzakirə olunur.
"Ayna"nın əməkdaşı NATO baş katibinin Azərbaycana səfərinin bir sıra detallarını öyrənməyə müvəffəq olub. Məlumatlara görə, bu səfər həm də Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) birinci və ikinci mərhələlərinin yekun olaraq dəyərləndirilməsi, üçüncü mərhələnin perspektivlərini aydınlaşdırmaq məqsədi daşıyır. Bu səfərə qədər Azərbaycanda olacaq alyans nümayəndələri əməkdaşlığın müsbət və mənfi məqamlarını araşdıracaqlar.
Məsələn, IPAP sənədinin ikinci mərhələsinin dəyərləndirilməsi məqsədilə mayda NATO heyəti Azərbaycana səfər edəcək. Onların səfərinin məqsədi apreldə başa çatan IPAP-ın ikinci mərhələsində görülən işləri qiymətləndirməkdir.
Bundan öncə - aprelin ortalarında Bakıda Avroatlantik Tərəfdaşlıq Şurasının (AATŞ) beynəlxalq konfransı keçiriləcək. Konfrans BMT TŞ-nın silahların ixtisarına dair 1540 saylı qətnaməsinin yerinə yetirilməsinə həsr olunacaq. Konfransda NATO-ya üzv ölkələrin nümayəndələri, o cümlədən NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun da iştirakı gözlənir. NATO-ya üzv və tərəfdaş 50 ölkəni özündə birləşdirən AATŞ siyasət və təhlükəsizlik məsələlərinə dair dialoq və məsləhətləşmələr üçün müstəvi rolunu oynayır.
Mart ayından etibarən IPAP çərçivəsində görülən işlərin Azərbaycanın ayrı-ayrı hökumət strukturlarında, daha sonra NATO tərəfindən dəyərləndirilməsi prosesinə başlanılıb. Əgər işlər nəzərdə tutulan qaydada gedərsə, onda artıq cari ilin iyunundan etibarən IPAP-ın növbəti ikiillik (2010-2012) mərhələsinə start veriləcək.
NATO-nun qiymətləndirmə missiyası Azərbaycanın səylərinə hansı qiyməti verəcək? Bakı IPAP-ın birinci və ikinci mərhələsində nəzərdə tutulan islahatları yerinə yetirə bildimi? Nəzərə alınmalıdır ki, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın IPAP-ının tam mətni ictimaiyyət üçün hələ də açıqlanmayıb. O səbəbdən sənəddə hansı islahatların nəzərdə tutulduğu və onların hansının nə müddətə yerinə yetiriləcəyi barədə hər hansı təkmil rəy söyləmək çətinlik yaradır.
Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) hesab edir ki, ilk növbədə IPAP-ın birinci və ikinci mərhələsini bir-birini tamamlayan eyni məzmunlu islahatlar prosesinin zənciri kimi anlamaq lazımdır. Mərhələlərlə bağlı ümumi fikir bundan ibarətdir ki, ilk mərhələyə salınmış, lakin müəyyən səbəblərdən yerinə yetirilməsi ləngidilmiş (gecikdirilmiş) islahatlar yenidən ikinci mərhələyə salınıb. "Eyni prosesin üçüncü mərhələyə münasibətdə də təkrarlanacağı istisna deyil" deyən HATM rəhbəri, ehtiyatda olan polkovnik İldırım Məmmədovun fikrincə, müşahidələr göstərir ki, Azərbaycan tərəfinin IPAP-da əksini tapan islahatların bir çoxunu yerinə yetirməsi prosesində qismən obyektiv, əksərən isə subyektiv problemlər yaşanır.
Ekspertlərin fikrincə, bu gün IPAP-da əksini tapan, amma hələ də yerinə yetirilməmiş islahatlar çoxsaylıdır. Onların arasında güc strukturlarının kadr təminatında ciddi çatışmazlıqlar, ixtisaslara uyğun olaraq zabitlərin hazırlanması prosesində ortaya çıxan problemlər, sülhməramlı qüvvələrin fəaliyyətinin qanunvericilik əsasının təmin olunmaması, SQ-in maddi-texniki təminatı sahəsində islahatların ləngliyi, hərbi hissələrin arxa təminatında problemlər və s. diqqəti cəlb edir.я
"Düşünürəm ki, bu və digər məqamlar NATO rəhbərliyinin diqqətindən qaçmayacaq və onlar Azərbaycanın səylərinə dəstək göstərməyə hazır olduqlarını bir daha bəyan edəcəklər", - deyə İ.Məmmədov bildirir.
|