Hal-hazırda Ayna qəzetinin 03.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Generalın qətli ilə bağlı məhkəmə başladı
Generalın qətli ilə bağlı məhkəmə başladı
Həmin gün Rail Rzayevin iş otağından oğurluqlar...
Şənbə, 03.04.2010

Hacı Zeynalov mətn ölçüsü  

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin qətli ilə bağlı toplanmış cinayət işinin materiallarının bir hissəsi araşdırılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib. Məhkəmədə Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev mühakimə edilirlər. Məhkəmənin hakimi İslam Neymanovun sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Generalın iş otağı qarət olunub...

İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin ifadəsi əsasında müəyyən edilib ki, Aydın Rəfiyev generalın ölümündən dərhal sonra onun iş otağına girərək generala məxsus seyfdən oğurladığı 200 min avro məbləğində pulu Binəqədi rayonunda yaşayan tanışı Ceyran Babayevanın mənzilində gizlədib. Aydın Rəfiyev həmçinin general Rail Rzayevin öldürülməsi faktı üzrə başlanan cinayət işinin ibtidai istintaqı zamanı generalın yavəri Anar Haşımovu fevralın 12-də döyərək, generalın otağına girməsi faktını gizlətməyi tələb edib. Nəticədə Anar Haşımov öz iradəsi ziddinə bu barədə istintaqa yalan ifadə verib.

Rüşvətlə əsgər yığan dəstə ifşa olunub

Bundan əlavə, istintaq zamanı Aydın Rəfiyevin digər cinayət əməllərinin də üstü açılıb. İstintaqla müəyyən edilib ki, Aydın Rəfiyev general Rail Rzayevlə yaxın münasibətindən istifadə edərək ayrı-ayrı rayon və şəhər hərbi komissarlıqlarından hərbi xidmətə çağırılan şəxslərin rüşvət müqabilində Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissələrdə qulluq keçmələrini təmin etmək məqsədilə yaradılmış mütəşəkkil dəstənin üzvü kimi fəaliyyət göstərib.

İstintaq tərəfindən dindirilən Aydın Rəfiyev ilkin ifadələrində törətdiyi cinayət əməllərini etiraf etmədən ziddiyyətli fikirlər səsləndirib. Lakin sonda zərərçəkən və şahid ifadələri qarşısında çıxılmaz vəziyyətə düşən Aydın Rəfiyev generalın iş otağındakı əmlakını və seyfdə saxlanılan külli miqdarda pulu götürdüyünü etiraf etməklə yanaşı, Rail Rzayevlə bağlı maraqlı faktlar danışıb.

General qızıl həvəskarı olub

Onun sözlərinə görə, general Rail Rzayev son illər çox miqdarda qızıl-zinət əşyaları almağa meyl göstərib. Ölümündən bir gün əvvəl Rail Rzayev köməkçisi Aydın Rəfiyevi çağıraraq qızıl boyunbağısını iki il əvvəl tanış olduqları Zeynal adlı zərgərə düzəltdirməyini tapşırıb. R.Rzayev həmçinin Zeynalda olan qızıl məmulatlarını baxmaq üçün ona gətirməsini Aydın Rəfiyevdən xahiş edib. Generalın tapşırığı əsasında A.Rəfiyev zərgərdən götürdüyü 16 500 dollar dəyərində təkqaş sırğa, 3 800 dollarlıq qızıl komplekt, 1200 dollarlıq dəyərində qızıl üzük, 4000 dollar dəyərində "qvozdik" sırğalar, 1600 dollarlıq başqa formada qızıl sırğalar, 700 dollar dəyərində qızıl kulon, 3000 dollar dəyərində qolbağı və 1800 dollar dəyərində təkqaş qolbaqdan ibarət məmulatları gətirərək R.Rzayevə təhvil verib.

General vurulan gün...

Fevralın 11-i səhər saat 07:30 radələrində generalın sürücüsü Şövqi Seyfullayev Aydın Rəfiyevə zəng edərək həyəcanlı vəziyyətdə "Maşının "podpresi" sındı, komandanın da ürəyi getdi, onu hara aparım", - deyə soruşub. A.Rəfiyev sürücüyə generalı təcili hospitala çatdırması barədə tapşırıq verib. Lakin sürücü hospitalın yerini bilmədiyi üçün A.Rəfiyev ondan özünü də götürməyi tələb edib. Sürücü A.Rəfiyevi evindən götürdükdən sonra generalı hospitala aparıblar. Hospitalda isə həkimlər R. Rzayevin artıq öldüyünü deyiblər.

A.Rəfiyev generalın ölməsi barədə onun yaxınlarına məlumat verib.

REKLAM

R.Rzayevin hospitala gələn kürəkəni İlqar Hüseynov A.Rəfiyevdən generalın iş otağındakı şəxsi əşyalarını təcili yığışdırmağı xahiş edib.

Bundan dərhal sonra A.Rəfiyev generalın yavəri Anar Haşımova zəng edərək R.Rzayevin otağında olan bütün əşyaları və seyfdə olan pulları açıb götürməsi barədə tapşırıq verib. Lakin A.Haşımov seyfi aça bilmədiyi üçün oradakı əşyaları da götürə bilməyib. Buna qəzəblənən A.Rəfiyev özü R. Rzayevin iş otağına gedib. A.Rəfiyev oradakı qızılları, dərman preparatlarını, video diskləri və seyfdə olan pulu götürərək gizlədib. O, generalın yavəri Anar Haşımova bu barədə heç kimə danışmaması barədə tapşırıq verib. Sonra isə A.Rəfiyev generalın otaqdakı təzə ayaqqabılarını da geyinərək oranı tərk edib. Yenidən hospitala qayıdan A.Rəfiyev generalın yaxınlarına onun iş otağında pul və qızıl-zinət əşyalarının olmadığı barədə yalan məlumat verib.

Rail Rzayevin oğlu istintaqa nə deyib?

Generalın oğlu Qurban Rzayev istintaqa ifadəsində atasının ölümündən iki gün sonra A.Rəfiyevin ona içərisində R.Rzayevə məxsus orden və medallar olan iki ədəd zərf verdiyini qeyd edib. A.Rəfiyev onda R.Rzayevə məxsus hər hansı əlavə əşya, pul, qızıl-zinət əşyalarının olmadığını bildirib.

İş üzrə dindirilmiş Hərbi Hava Qüvvələrinin şəxsi heyət bölməsinin baş zabiti Ramil Tağıyev isə generalın ölümündən sonra dəfn mərasimi ilə əlaqədar R.Rzayevin şəkil və medallarını götürmək məqsədi ilə A.Rəfiyevlə birlikdə R.Rzayevin iş otağına getdiklərini qeyd edib. Fevralın 11-i saat 10:00 radələrində növbətçi İzzət Məhərrəmov və inzibati bölmə rəisi Nailə İbrahimovanın iştirakı ilə generalın iş otağındakı seyfi açan R.Tağıyev orada tapança aşkar edib. Seyfdə aşkarlanan silah barədə Hərbi Hava Qüvvələrinin qərargah rəisi, polkovnik Yaqubəli Qulamov məlumatlandırılıb.

Məlum cinayət işinin ibtidai istintaqı zamanı Hərbi Hava Qüvvələrinin xeyli sayda əməkdaşı istintaqa cəlb edilərək şahid qismində dindirilib. İş üzrə təqsirləndirilən şəxslərin günahı şahid və zərərçəkmişlərin ifadələri əsasında kifayət qədər sübuta yetirilmiş hesab olunub.

Mərhum generalın oğlu məhkəməyə gəlməkdən imtina etdi

Məhkəmə prosesində hakim İslam Neymanov bildirdi ki, Rail Rzayevin oğlu Qurban Rzayev səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməyə məktub göndərib.

Təqsirləndirilən Aydın Rəfiyevin vəkili Bəylər Məmişov bildirdi ki, Qurban Rzayev istintaq dövründə bir neçə dəfə ifadə verib: "Qurban Rzayev istintaq dövründə verdiyi ifadələri eyni məzmunlu olub. Lakin istintaqın sonuna yaxın verdiyi ifadəsində əvvəlki ifadələrini dəyişib. O, sonuncu dəfə qərəzli ifadə verib. Ona görə də Qurban Rzayevin məhkəmədə iştirakının təmin edilməsini və həmin qərəzli ifadəyə aydınlıq gətirməsini istəyirik".

Hakim İslam Neymanov bildirdi ki, Qurban Rzayevin səhhəti imkan versə, onun prosesdə iştirakı təmin ediləcək: "Həmin ifadələrə də məhkəmə qiymət verəcək".

Təqsirləndirilənlər ittihamları qəbul etmədilər

Bəylər Məmişov bildirdi ki, istintaq təqsirləndirilən şəxslərin yaxın qohumlarını şahid qismində dindirib. Vəkil həmin şəxslərin ilkin olaraq dindirilməsinin nəzərə alınmasını hakimlərdən xahiş etdi. Hakim bunu şahidlərin dindirilmə mərhələsi başlananda müzakirə edəcəklərini qeyd etdi.

Daha sonra prosesdə prokuror ittiham aktını elan etdi. Prokurorun çıxışına münasibət bildirən təqsirləndirilənlər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədilər. Prokuror Toğrul Hüseynov bildirdi ki, təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Buna görə də prokuror zərərçəkmişlərin dindirilməsi ilə məhkəmənin davam etdirilməsini xahiş etdi.

Vəkillər isə prokurorun təklifini etirazla qarşıladılar. Aydın Rəfiyevin vəkili Bəylər Məmişov hakimlərin diqqətinə çatdırdı ki, zərərçəkmişlər prosesdə iştarak etmir: "Belə olan halda zərərçəkmişlərin prosesdə dindirilməsi mümkün deyil".

Mətbuat zaldan çıxarıldı

Hakimlər isə məhkəmənin təqsirləndirilən şəxslərin dindirilməsi, sonra zərərçəkmiş və şahidlərin məhkəməyə dəvət edilməsi barədə qərar qəbul etdilər. Hakim bildirdi ki, məhkəmənin hazırlıq iclasında prokuror cinayət işində bir sıra məxfi məlumatların olmasını əsas gətirərək, prosesin bir hissəsinin qapalı keçirilməsi barədə vəsatəti təmin edilib. Hakim qeyd etdi ki, təqsirləndirilən şəxslərin ifadələri qapalı prosesdə alınacaq. Hakim həmin şəxslərin ifadələrində məxfilik olduğunu bildirdi. Bundan sonra prosesdə olan təqsirləndirilən şəxslərin yaxın qohumları və mətbuat mənsubları zaldan çıxarıldı.

Generalın köməkçisinin ifadəsi gizlədildi

Prosesin qapalı hissəsində təqsirləndirilən şəxs Anar Rəfiyevin vəkili Aslan İsmayılov prosesdə iştirak etmək istəsə də, prosesə buraxılmayıb. Hakim bildirib ki, hazırkı mərhələdə vəkilin prosesə qatılması mümkün deyil. Sonra Aydın Rəfiyev ifadə verib. O, ifadəsində şərlənərək tutulduğunu bildirib. Qeyd edib ki, mərhum generalın xidməti otağına müdaxilə edilməyib. Aydın Rəfiyev bütün ittihamları rədd edərək, özünü təqsirsiz hesab edib. Məhkəmə prosesi aprelin 9-da davam etdiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müdafiə Nazirliyi "sabiqləri" yola saldı

Hərbi Doktrina gələn ilə qaldı

Generalın siması kətan üzərinə köçdü

Bölmənin digər xəbərləri
 
Bankirlərə hökm oxundu
"Kapitalbank"ın bir qrup işçisi cəzalandı

Kriminal avtoritet 6 il iş aldı
İrandan narkotik qaçaqmalçılığı geniş miqyas alıb

Qatilə 14 il iş
Əzizbəyov rayonunda baş verən qətl hadisəsi ilə bağlı məhkəmə yekunlaşdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər