Bu gün Unibank Premyer Liqasında XXVI turun oyunları başlanır. "Xəzər-Lənkəran"la "Qarabağ" son iki həftədə ikinci dəfə Lənkəranda üz-üzə gələcək. Bundan əvvəl Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə qarşılaşan komandalar bu dəfə "altılıq"da vacib oyuna çıxacaqlar. Ancaq "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov komandasını kubokda uduzduğu "Qarabağ"a qarşı oyuna çıxara bilməyəcək. O, cəzalı olduğu üçün texniki zonadan kənarda qalacaq. "Qarabağ" bu oyunda da xal itirsə, çempionluq uğrunda mübarizədə işini çətinə salacaq.
Turun yeganə Bakı derbisində son iki ilin çempionları görüşəcəklər. Vahid lider "İnter" "Bakı"nı doğma meydançasında məğlub etsə, qızıl medallara bir qədər də yaxınlaşacaq. "Qəbələ" ardıcıl ikinci səfər oyununu Bakıda keçirəcək. Ramiz Məmmədovun komandası "Bakı"dan sonra "Neftçi"nin qonağı olacaq. "Qarabağ" və "Bakı"nı büdrədən "Qəbələ"ni ilk mərhələdə üstələdiyi "Neftçi" ilə çətin sınaq gözləyir.
Turun oyunları: "Neftçi" - "Qəbələ", "Simurq" - "Muğan", "Olimpik-Şüvəlan" - "Turan", "Xəzər-Lənkəran" - "Qarabağ", "İnter" - "Bakı", "Karvan" - "Standard".
Bir qədər də ötən tur haqqında. Mübarizəni dayandırdığı ölkə kuboku da olmaqla, son oyunda qələbə qazana bilməyən "Qarabağ" uğursuz ənənəni ötən tur da poza bilməyib. Lider "İnter"lə matçda uduzan Ağdam klubu son dəqiqələrdə Aslan Kərimovun vurduğu qol sayəsində bir xal qazana bilib.
"Xəzər-Lənkəran" liderin Ağdamda xal itirməsindən faydalana bilməyib. Ötən tur "bankirlərə" uduzan Lənkəran təmsilçisi bu dəfə iki xal itirib. Ağasəlim Mircavadovun komandası son vaxtlar uğursuz çıxış edən "Neftçi" ilə qarşılaşmada qolsuz heç-heçə ilə ayrılıb.
"Bakı" türkiyəli baş məşqçi Bülənt Korkmazın istefasından sonra ilk sınağını "Qəbələ"də verib. Paytaxt klubu bu görüşdə qələbə qazansaydı, iki pillə irəliləyərək "Qarabağ" və "Neftçi"ni qabaqlayacaqdı. Amma "Bakı" hesabı açsa da, matçın sonlarında buraxdığı qolla meydanı bir xalla tərk edib.
Ötən turun nəticələri: "Bakı" - "Qəbələ" - 1:1, "Olmpik-Şüvəlan" - "Karvan" - 0:0, "Xəzər-Lənkəran" - "Neftçi" - 0:0, "Qarabağ" - "İnter" - 1:1, "Turan" - "Simurq" - 0:0, "Muğan" - "Standard" - 1:0.
|