çap et  
Azərbaycanlı ziyalılar azadlıqdan məhrum edilib
Qiyabi həbs cəzaları da kəsilir
Şənbə, 03.04.2010

S.Soltan

İranda milli-mədəni və qanuni haqlarını tələb edən türk ziyalılarına qarşı repressiyalar davam etməkdədir. "GünAzTV"nin xəbərinə görə, İnqilab Məhkəməsinin Təbrizdəki yerli şöbəsi tanınmış ziyalılar Həsən Ərk və İbrahim Dəştinin həbsi ilə bağlı hökm çıxarıb. Hər iki ziyalı 91 gün azadlıqdan məhrum edilib. Onlar ötən il sentyabrın 21-də ETTELAAT-ın Təbriz təcridxanasında 39 gün saxlanıldıqdan sonra uyğun olaraq, hər biri 20 min və 30 min dollar məbləğində mülk girovu qarşılığında sərbəst buraxılmışdı.

İki gün öncə isə yerli məhkəmə onları "İslam Respublikasına qarşı təbliğatda" ittiham edib. Onların məhkəməsi qapalı keçirilib. Həsən Ərk və İbrahim Dəştiyə qarşı irəli sürülən ittihamda əsas səbəb kimi onların "GünAzTV"yə müsahibəsi göstərilib.

Hər iki ziyalı 2006-cı ilin məlum may hadisələri zamanı (Tehranda çıxan "İran" qəzetində türklərin aşağılanmasına qarşı etiraz aksiyaları) keçirilmiş kütləvi etiraz aksiyalarında iştirak etdikləri üçün tutulmuş və girov qarşılığında sərbəst buraxılmışlar.

Şahnaz Qulamiyə qiyabi həbs

Təbrizdə yerli İnqilab Məhkəməsi azərbaycanlı jurnalist, qadın hüquq müdafiəçisi Şahnaz Qulami barəsində 8 il azadlıqdan məhrumetmə barədə qiyabi hökm çıxarıb. "Mediaforum"un məlumatında bildirilib ki, Şahnaz xanım "İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda", "yalan məlumat yaymaqda", mövcud hakimiyyətə müxalif sayılan "Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıqda" suçlandırılır.

Xəbərə əsasən, Şahnaz Qulami bir ilə yaxındır 12 yaşlı qızı Hüsna ilə birlikdə İranı tərk edərək xaricdə yaşayır. Bu qadın Azərbaycan türklərinin milli kimliyi və qadın hüquqları uğurunda apardığı mübarizəyə, çeşidli mətbu orqanlarda çap olunmuş yazılarına görə 1999-2003-cü, 2008-2009-cu illərdə həbs olunub.

Şahnaz xanım hardasa üç il öncə Qulamrza Əmani və qardaşlarının müəmmalı avtomobil qəzasından həlak olmaları ilə bağlı fikrinə görə tutulmuşdu. Onda İnqilab Məhkəməsinin Təbrizdəki 1-ci şöbəsi Şahnaz Qulamiyə qarşı "dövlət quruluşu əleyhinə təbliğat" ittihamı irəli sürərək, 6 ay müddətinə barəsində azadlıqdan məhrumetmə cəzası kəsmişdi. Bunları o zaman "Azadlıq" radiosuna barəsində 91 gün azadlıqdan məhrumetmə hökmü çıxarılmış təbrizli jurnalist Həsən Ərk demişdi. "Onun başqa bir ittihamla həbs olunduğu istisna deyil" - deyən jurnalistin sözlərinə görə, Qulaminin həbsinə səbəb Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar da ola bilər. "Xanım Qulami mühəndis Əmaninin düşdüyü avtoqəzanı xüsusi adamların, böyük ehtimalla dövlət adamlarının təşkil etdiyi qənaətində idi. Hakimiyyətin nəzərincə, belə fikirlər söyləmək iğtişaş salmaq, ictimai fikirdə təşviş yaratmaq sayılır. Ola bilsin Şahnaz Qulami bu fikirlərinə görə tutulub", - deyə Həsən Ərk söyləmişdi.

Yerli müşahidəçilərin sölərinə görə, Şahnaz Qulami fəal ictimaiyyətçi olduğu üçün tez-tez təzyiqlərə məruz qalırdı: "O, qadın haqları uğrunda mübarizə aparır, Azərbaycan türklərinin kimliyi, dili, mədəni haqları ilə bağlı yazılarla çıxış edir. Ümumiyyətlə, çox işgüzar qadındır. Bu səbəbdən də nəzərə tez çarpır".

Şahnaz Qulami Xalq Mücahidləri Hərəkatında siyasi fəaliyyət göstərdiyinə görə 1989-94-cü illərdə həbsdə saxlanıb. Sonralar bu qurumla əlaqələrini kəsdiyi deyilirdi.

2006-cı ilin mayında "İran" qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz aksiyalarının ildönümündə iştirak etdiyi üçün bir ay müddətinə həbs olunmuşdu. O, "azarwomen" bloqunun yaradıcısı, İranda Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür. Həbsdə olduğu müddətdə ağır saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçirmişdi. Bu azərbaycanlı hüquq müdafiəçisi həbsxanada işgəncəyə məruz qalıb, quru döşəmədə yatmağa məcbur edilmiş, isti paltarla təmin olunmamışdı. ETTELAAT-ın Təbriz təcridxanasında ağır fiziki və mənəvi işgəncəyə məruz qalıb.

Səid Mətinpur hələ də həbsdədir

Başqa bir azərbaycanlı jurnalist, 8 il azadlıqdan məhrum edilmiş Səid Mətinpurun isə həbsxanada da haqları pozulur. "GünAzTv"nin məlumatında bildirilib ki, Tehranın Evin adlı zindanında saxlanılan jurnalistə müalicə olunmaq üçün məzuniyyət verilmir. Xəbərə əsasən buna ETTELAAT mane olur. Martda anası onunla həbsxanada görüşüb. Məhbusun anası bildirib ki, Səidin müalicəsindən ötrü məsullara müraciət ediblər:

"Ancaq onlar bildirdilər ki, ona bununla bağlı məzuniyyət verilməsi üçün ETTELAAT tərəfindən rəsmi məktub var. Ona görə də müraciətimiz nəticəsiz qaldı".

Anasının sözlərinə görə, S.Mətinpurun səhhəti ağırlaşmaqdadır.

Bu azərbaycanlı jurnalistin azadlığa buraxılması tələbi ilə İngiltərə, Almaniya, Kanada və başqa ölkələrdə imzatoplama kampaniyası, aclıq aksiyası keçirilib. Aksiya iştirakçıları Londonda İngiltərə parlamenti binası qarşısında Səid Mətinpurun azadlığı tələbi ilə bağlı şüarlar yazılmış plakatlar tutub, 3 günlük aclıq aksiyası keçiriblər. Bənzər tədbir Almaniyanın Heydelberq şəhərindəki Qlurya kinoteatrında gerçəkləşdirilib.