Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi 2009-cu il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı məruzə və qətnamə qəbul edib. APA-nın məlumatına görə, Azərbaycanda bələdiyyə seçkilərini izləmiş AŞ müşahidə missiyasının rəhbəri Frensis Lek tərəfindən təqdim olunan məruzə konqres nümayəndələrinin dekabrın 20-dən 24-dək Azərbaycanda seçki ilə bağlı apardıqları müşahidələri əks etdirir.
Məruzədə bildirilir ki, ümumilikdə seçki texniki cəhətdən yaxşı təşkil olunub və sakit əhval-ruhiyyədə keçib. Buna baxmayaraq, qeydiyyat prosesi və səslərin sayımı ilə bağlı şübhələr olub.
Konqres üzvləri ölkədə siyasi plüralizmin aşağı olmasından narahatlıq ifadə edib, geniş informasiya plüralizminin formalaşmasını və həbsdə olan jurnalistlərin azad olunmasını arzulayıblar. F.Lek prezidentin imzaladığı əfv fərmanını, bunun nəticəsində "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və başqalarının azad olunmasını alqışlayıb.
"Bu tamamilə doğru addımdır, mən ümid edirəm ki, biz də hökumətlə apardığımız dialoq vasitəsilə buna öz töhfəmizi vermişik", - deyə o bildirib.
Azərbaycanda mühüm yerli və regional demokratiya islahatlarının keçirilməsini yoxlamaq məqsədilə konqresin qəbul etdiyi qətnaməyə əsasən, bu proses iki il ərzində nəzərdən keçiriləcək. Konqres bələdiyyələrə daha çox maliyyə müstəqilliyi və muxtariyyət vermək üçün lazımi islahatlar aparılmasına, Bakı şəhər İcra Hakimiyyəti postuna seçkilərin keçirilməsinə yardıma hazır olduğunu bildirib.
|