![]() |
çap et |
|
|||
İranın ali rəhbəri Əli Xamneyinin rəsmi saytında yayılmış xəbərdə bildirilir ki, ölkənin lideri vətəndaşları ilin son Çərşənbə törənlərini keçirməməyə çağırır. Farsların törəni kimi təqdim edilən həmin gün bu il martın 16-na düşdü. Farslar ona Məlik şah Səlcuq zamanından "Çərşənbə-suri" deyirlər.
Əli Xamneyi müraciətində bildirir ki, bu törənin islamla heç bir əlaqəsi yoxdur və şəriətlə təsbit edilməyib. Onun qənaətincə, bu bayram "cəmiyyətdə pozucu ziyanlı işlər yaradır" (?!). İrandakı bəzi din xadimləri də bu törənin keçirilməsinin "kitabdan-kitaba" salaraq, yasaqlanmasını tələb edirlər (?!). Fəqət ötən illərdə hakimiyyət bu bayramın keçirilməsinə yardım edərdi. Bu il isə... Şəhriyarın Azərbaycan türkcəsində olan şeirlərindən örnəklər gətirməyi xoşlayan ayətulla Xamneyiyə və onun tərəfdarlarına onun "Heydər babaya salam" poemasından bir xatırlatma: "...Qızlar deyər, "Atıl-matıl Çərşənbə Ayna təkin baxtım açıl, Çərşənbə". Bir müddət öncə Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi bəyanatla çıxış edərək, bundan sonra küçə yürüşü keçirilməsinə icazə verilməyəcəyini bildirmişdi. Bu yalnız Tehrana deyil, bütün ölkəyə şamil olunacaq. Yaradılan maneələrə baxmayaraq, güney azərbaycanlılar bu mərasimi kütləvi şəkildə və çeşidli ideyalarla qeyd edirlər. Bu il də belədir. Həmin gün güneyli soydaşlarımız milli haqların təmini ilə bağlı biri-birilərinə açıqcalar göndərmiş, şirniyyatlar paylamışlar. Bayramın özəlliklərindən biri də insanların kütləvi bayramlaşmasıdır. Azərbaycan türklərinə bu sayaq mədəni mərasim keçirməyi çox görən hakimiyyət Şirazda Tacikistan və Əfqanıstan prezidentləri ilə Novruzu qeyd etməyə hazırlaşır. İran KİV-in məlumatına görə, Tehranın Düşənbə səfiri Ələsgər Şeirdust deyib ki, "farsdilli dövlətlərin" prezidentləri Həmid Karzay, İmaməli Rəhman və Mahmud Əhmədinejad martın sonunda Şirazda görüşəcək. Onun sözlərinə görə, tərəflər arasında 2008-ci ildə əldə olunmuş razılaşmaya əsasən bu bayramı prezidentlər növbə ilə üç ölkədən birində görüşüb, qeyd etsinlər. 2008-ci ildə onlar Novruzu Tacikistanda, ötən il Əfqanıstanda qarşılamışdılar. İranın "Həmdül-ansambl" qrupu isə Novruzla bağlı Avstriya, Almaniya, İtaliyada "fars musiqisi" adı altında martın sonunadək konsertlər verəcək. Bəli, bu il Novruz "pozucu ziyanlı işlər yaradır", amma bir neçə il öncə Novruzun İrana (yəni farslara) aid olduğu ilə bağlı YUNESKO-ya müraciət etmişdi. O vaxt BMT-nin bu qurumu onların bu yersiz iddiasını qəbul etmədi. İranda biri-birini əvəzləyən hakimiyyətlər illər uzunudur ki, bu bayramın farslara məxsusluğunu "sübut etmək" üçün çeşidli uydurmalar yazır, onu təbliğ edirlər. Bu hakimiyyətin təbliğat maşını az qalır iddia etsin ki, Adəm peyğəmbər də fars imiş, Salman Farsi isə İslamın başlıca ideoloqu olub. Bu cəfəngiyat istehsalçısı yazarlar Adəm peyğəmbərin yaşını, Cənnəti görüb gəldiklərini belə yazmaqdan nə utanır, nə də usanırlar. Bu yaxınlar da İranın siyasi-ideoloji xəttini Azərbaycan türkcəsində yeridən elektron informasiya vasitələrindən birində Novruz bayramının yaşı, bu bayramın "arilərə" məxsusluğu haqda guya elmi əsaslara söykənmiş "ardı var"la bir yazıya göz gəzdirdik. Bəlli oldu ki, Novruz bayramının düz "3500 il yaşı" var (!?). Bu cəfəngiyatı yazanlar bu hesabla təbiətin, kainatın, Yer kürəsinin, insanın yaranmasının da yaşından xəbər verə bilərlər. Buna heç kəsin şübhəsi olmasın. İlahiyyatçılardan biri ilə söhbətimizdə bu şəxs bizə maraqlı bir hədis danışdı: "Bir gün şiələrin imamı Cəfəri Sadiqdən bu bayram haqda soruşurlar. Deyir ki, bunun islamla heç bir əlaqəsi olmasa da, çox möhtəşəm, halal bir bayramdır. Onu keçirmək istəyənlər gedib qeyd etsinlər". İslamın ədalət rəmzi Həzrət-Əlinin həmin gün "qırmızı geyib" taxta çıxdığı da islam tarixində bir başqa rəvayətdir. Bütün hallarda Azərbaycan türkləri bu bayramın qarşısına Kiçik Çillədən gedir. Bunun Kitablı dinlərlə heç bir bağlılığı yoxdur. Folklorumuzda bununla bağlı bir sistem var. Elə şəkərbura, qoğal, paxlavanın özəlliklə bu bayramda bişirilməsi çox şeyə aydınlıq gətirir. Bayrama 3500 il "yaş verənlər" babaları Firdövsinin saxtakarlığını bu əziz gündə təkrarlayaraq ürək bulandırmasınlar. Biz isə cəfəngiyat ustalarına məhəl qoymadan bu bayramı qeyd edən hər kəsi təbrik edir, onlara firavan həyat və ədalətli cəmiyyətdə yaşamağı arzulayırıq. |