Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, balıq məhsulları, un və un məmulatları, pivə, sərinləşdirici içkilər, makaron, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, meyvə şirələri, çay, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Bakıda bu işlə məşğul olmuş ticarət obyektləri bunlardır: Binəqədi rayonunda 8-ci mikrorayon, S.Axundov küçəsi, 36 ünvanında Nadir Həsənova məxsus mağaza, Azadlıq prospekti, 159 ünvanında yerləşən "Elnur market", Atatürk prospekti 60 ünvanında Gülhəyat Məmmədovaya məxsus mağaza, Nərimanov rayonunda T.Əliyev küçəsi, 77 ünvanında Anar Şükürova məxsus mağaza, Atatürk prospekti 29 ünvanda "Azərbaycan-3" kiçik müəssisəsinə məxsus mağaza, Atatürk prospekti 27/29 ünvanda Aslan Allahverdiyevə məxsus mağaza, A.Salamzadə küçəsi 60 ünvanda Səid Şirəliyevə məxsus mağaza, Nəsimi rayonunda S.Rüstəm küçəsi, 980-ci məhəllə, ev 61 ünvanda yerləşən "Premium market", Yasamalda 2-ci Alatavada yerləşən "Alatava mini market", "Yeni market", 2-ci Alatava, ev 28 ünvanında Etibar Xəlilova məxsus mağaza...
Əhaliyə köhnəlmiş ərzaq sırımaqda Sumqayıt da paytaxtdan geri qalmır. Bu ticarət obyenktlərini əhaliyə bildirək:
12-ci mikrorayon, Koroğlu prospektində yerləşən "Mehmanə market", 19-cu məhəllə ünvanında yerləşən "Elnur ticarət evi", 2-ci məhəllə, ev 5/28 ünvanda Ramiz Beydullayevə məxsus mağaza, 29-cu məhəllə, 20 Yanvar küçəsində yerləşən "Şirvan market", Nizami küçəsi, 16-cı məhəllədə yerləşən "Bizim market", 38 mikrorayonda yerləşən "Olimp" ticarət mərkəzi, 44-cü məhəllədə yerləşən "Term" ticarət mərkəzi, 9-cu mikrorayon, "Şərq" bazarında yerləşən "Şərq bazarı market".
Bu iş gözdən iraq olan bölgələrə də sirayət edib. Məsələn, monitorinq zamanı Quba rayonunda İkinci Nügədi kəndində Vidadi Rəsulova məxsus pərakəndə ticarət mağazasında, Samux rayonunda Nəbiağalı qəsəbəsi, N.Nərimanov küçəsində Murad Məmmədova məxsus ərzaq malları mağazasında köhnəlmiş ərzaq məhsulları tapılıb.
Saxlama müddəti ötmüş ərzaq məhsullarının ümumi çəkisi 760 kiloqramdan çox olub.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlərin görüləcəyi deyilir.
|