Hərbi büdcə açıq olacaqmı?
 |
NATO standartlarında mühüm mərhələyə hazırlaşırıq
Şənbə, 13.03.2010
|
|
Azərbaycan hökuməti NATO ilə əməkdaşlığın vacib mərhələsini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Bu barədə Qərb mənbələrindən "Ayna"ya bildirilib. Məlumata görə, söhbət hərbi xərclərin şəffaflığı və büdcə planlaşdırılması ilə bağlı Azərbaycanla NATO arasında razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) əksini tapan islahatların bir qrupunun yerinə yetirilməsindən gedir.
"Azərbaycan tərəfi 4 illik danışıqlardan sonra hərbi büdcənin şəffaflığı ilə bağlı islahatları yerinə yetirməyə razılıq verib və bu istiqamətdə əsas iş IPAP sənədinin üçüncü mərhələsi çərçivəsində yerinə yetiriləcək", - deyə mənbə bildirdi. Sənədin üçüncü mərhələsinin cari ilin iyun ayında yekun olaraq razılaşdırılacağı bildirilir.
Əslində sözügedən öhdəlik IPAP-ın birinci və ikinci mərhələlərində əksini tapmışdı. Lakin Bakı Ermənistanla müharibə şəraitini əsas gətirərək hərbi büdcənin detallarının açıq olmasının hərbi qüdrətə xələl gətirə biləcəyindən ehtiyatlanaraq mühüm islahatı yerinə yetirməyi gecikdirirdi.
Nəzərə alınmalıdır ki, dünyanın bütün yerlərində təhlükəsizlik məsələləri ilə bağlı büdcənin qəbulu və ona nəzarət səlahiyyəti parlamentin əsas funksiyalarına daxildir. Lakin həmin rolun icra olunmasında onun arzusu və imkanları dövlətdən dövlətə fərqlənir. Bir sıra dövlətlərdə parlamentarlar büdcənin mühüm detalları barədə məlumat toplaya bilmirlər və onların fəaliyyəti məxfiliklə məhdudlaşdırılır və nəticədə deputatlar müəyyən vəsaitlərin yerləşdirilməsi və xərclər barədə məlumatlar əldə etməyə çətinlik çəkirlər. Azərbaycan kimi ölkələrdə müdafiə xərclərinin formalaşdırılması və istifadəsi məsələsi daha çox ölkə rəhbərliyi və silahlı qüvvələrin ixtiyarına buraxılır və bu prosesdə parlamentin rolu məhdudlaşdırılır.
Söz yox ki, son illərdə Milli Məclisdə dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilərkən onun müdafiə xərcləri bölümü də diqqət mərkəzində olur. Lakin deputatlara güc strukturları arasında bölüşdürülən ümumi vəsaitdən savayı daha təfsilatlı məlumatlar verilmir. Nəticədə parlamentarlar müdafiə xərclərinin nə şəkildə xərclənməsindən, onun səmərəli olub-olmamasından məlumatsız qalırlar.
NATO nə istəyir?
NATO standartlarına uyğun olaraq IPAP sənədində Azərbaycanda parlamentin müdafiə xərclərinə nəzarətlə bağlı səlahiyyətlərinin artırılması üçün bir sıra tövsiyələr mövcuddur. Bu tip öhdəliklər PAP-DIB (Müdafiə Təsisatları Quruculuğu üzrə Tərəfdaşlığın Fəaliyyət Planı) sənədində də əksini tapır. Əslində bu islahatlar Ukrayna, Gürcüstan, Ermənistan kimi ölkələrin parlamentlərinin fəaliyyət səlahiyyətlərinin artırılmasına təsir edib.
Qeyd edilən hər iki sənəddə əksini tapan müddəalara görə, müdafiə məsələləri və təhlükəsizlik sektoru ilə bağlı nəzərdə tutulmuş büdcə prosesində parlamentlərin rolu ümumilikdə 4 hissəni əhatə etməlidir:
- birincisi, parlament müdafiə büdcəsinin hazırlanmasında iştirak etməlidir. İcra hakimiyyəti pul vəsaitlərinin bir sıra məqsədlər üçün yerləşdirilməsi təklifi ilə çıxış edir, parlament və onun üzvləri müxtəlif formal və qeyri-formal mexanizmlər vasitəsilə öz tövsiyələrini verməlidir. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti bu rola sahib deyil. Müdafiə xərcləri daha çox icra strukturları tərəfindən hazırlanır, parlamentin hər hansı təklifi və tövsiyəsi olmadan səs çoxluğu ilə qəbul edilir.
Ümumiyyətlə, diqqətçəkən əsas problem parlament müzakirələrində müdafiə xərclərinə əlahiddə yanaşmanın yoxluğu ilə bağlıdır.
- ikincisi, parlament müdafiə xərclərini təsdiq etməlidir. Parlament ictimai maraqlar və pulların yerləşdirilməsi məsələlərini öyrənməli və müəyyən etməyi bacarmalıdır. Parlament təhlükəsizlik məsələləri barədə qaydalar müəyyən etməlidir. Milli Məclis müdafiə xərclərini təsdiq etsə də, təhlükəsizlik məsələləri barədə qaydaların müəyyən edilməsi istiqamətində səmərəli fəaliyyət göstərmir. Beləliklə, hazırda parlamentin rolu daha çox təsdiq xarakteri daşıyır və onun təsdiq olunmuş pulların hansı istiqamətə xərclənəcəyi, bunun üçün hansısa yeni qaydaların müəyyən edilib-edilmədiyinin zəruriliyi barədə effektiv rolu ortada deyil.
- üçüncüsü, parlament müdafiə xərclərinin icra prosesinə nəzarət edir və təhlil aparır. Eyni zamanda, şəffaflıq və hesabatın artırılmasına çalışır. Büdcədən artıq vəsait tələb olunduqda parlament xərclərin artmasının qarşısını almaq üçün həmin xərclərin monitorinqini və nəzarətini həyata keçirə bilər. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti aşkar olaraq bu səlahiyyətlərə malik deyil. Son illərin təcrübəsi göstərdi ki, MM ildən-ilə artan hərbi xərclərin icra prosesinə nəzarət edə bilmir. Bu xərclərin doğrudan da ölkənin müdafiə qüdrətinin güclənməsinə sərf olunması barədə suallar açıq qalır. Son illərdə müdafiə xərclərinin istifadəsi prosesi ilə bağlı güc strukturları rəhbər orqanlarının parlament qarşısında hər hansı hesabatlılığı gözə dəyməyib. Audit Palatasının orduda hər hansı yoxlamalar aparma təcrübəsi isə məhduddur.
- dördüncüsü, parlament yerləşdirilmiş vəsaitlərin istifadəsi zamanı hökumət tərəfindən sui-istifadə edilib-edilmədiyini yoxlamalı, audit həyata keçirməlidir. Əlavə olaraq hesabat, səmərəlilik və dəqiqliyi yoxlamaq üçün parlament vaxtaşırı bütün büdcəni yoxlayır. Bundan əvvəlki hissədə qeyd etdiyimiz kimi, Azərbaycanda müdafiə büdcəsi təsdiq olunduqdan sonra həmin dövrdə parlament tərəfindən hər hansı auditin həyata keçirilməsi ilə bağlı təcrübə ortada yoxdur. Misal üçün, 2009-cu ildə Azərbaycan güc strukturlarının fəaliyyəti üçün ümumilikdə ayrılmış 2 milyard dollara yaxın vəsaitin necə istifadə olunduğu barədə parlamentin rəyi və təhlili olmayıb.
Əslində isə müşahidələr göstərir ki, müdafiə xərclərinə nəzarət hökumətin siyasətinə təsir etməyin ən vacib yoludur. Hesabat və şəffaflıq büdcənin səmərəli icrası üçün əsas hallardır. Hesabatlılığın təminində ən yaxşı yol - büdcənin hazırlanma prosesinin şəffaf olmasıdır.
Qərb təcrübəsi göstərir ki, hər bir vətəndaşın (istər tək, istərsə də mütəşəkkil şəkildə) müdafiə büdcəsi barədə öz rəyi ola bilər və onu açıq şəkildə bildirə bilər. Bu, bütün müdafiə büdcəsi sənədlərinin asan struktura malik olmasını və onların ölkənin hər bir yerində əldə edilə bilən olmasını tələb edir. Qərbdə büdcə sənədlərinin surəti yerli kitabxanalara göndərilir, vətəndaşların istədiyi zaman sənədlə tanış olmasına şərait yaradılır.
Milli Məclis üçün PPBS standartı
Müşahidələrə görə, bir çox NATO ölkələri parlamentlərinin müdafiə xərcləri üzərində nəzarətinin təməlində Amerika təcrübəsi durur. Planlaşdırma, proqramlaşdırma və büdcə sistemi (PPBS) ilk dəfə olaraq 60-cı illərin əvvəllərində ABŞ-da müdafiə büdcəsinin inkişafı üçün istifadə olunub. Tipik PPBS sistemi ilkin planlaşdırma fazasından ibarət olur və həmin faza zamanı məqsədin müəyyən olunması üçün parlamentarlar təhlükəsizliyin vəziyyətini, milli maraqları və təhlükələri, silahlı qüvvələrin tərkibini və strukturunu araşdırırlar. Zəruri olan bu məlumatların təhlili bir qayda olaraq proqramların inkişafına kömək edir. Müdafiə büdcəsinin vəsaitlərə ehtiyatla yanaşmasının müəyyən edilməsi üçün müasir büdcə nəzəriyyəsinə uyğun olaraq, xərclər proqramlara və məqsədlərə uyğun olmalıdır.
PPBS mülki cəmiyyətlə qarşılıqlı əlaqəni də özündə ehtiva edir. Belə ki, parlament mülki cəmiyyətdən olan büdcə və maliyyə planlaşdırma ekspertlərini maliyyə təhlilinə və monitorinqinə dəvət edə bilər. Büdcənin hazırlanması prosesinin şəffaflığı, digər məsələlərlə yanaşı, informasiya azadlığı qanunvericiliyinə əsaslanmalıdır.
Məlumatlara görə, hazırda PPBS standartının Azərbaycan parlamentinin fəaliyyətinə də tətbiqolunma prosesi gedir..
|
|
|
Oxşar xəbərlər:
Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır
Büdcəyə vergi daxilolmaları arta bilər
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Neftin qiyməti yenə də qalxarsa...
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
|
|
|