![]() |
çap et |
|
|||
Bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Cəlilabad rayon sakini Mikayıl Tofiqinin məhkəməsi başladı. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir.
Təqsirləndirilən şəxs bacısı Aygünün əxlaqsız hərəkətləri və yad kişilərlə könül əyləncəsi keçirdiyini eşidərək, onu öldürmək qərarına gəlib. Məqsədini həyata keçirmək üçün özündə olan bıçaqla bacısını ürəyindən vuraraq qətlə yetirib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl Tofiqi cinayət törətməsinə görə özünü təqsirli bildi. Qeyd etdi ki, bacısının əri Rahib Fazili arvadının əxlaqsız hərəkətlər etməsini deyib: "Yeznəm dedi ki, bacımın telefonuna başqa oğlandan SMS gəlib. Bacımın əxlaqsız hərəkətləri barədə rayonda da şayiələr gəzirdi. Mən də bunu dəqiqləşdirmək məqsədilə Aygündən soruşdum. Aygün isə deyilənləri dandı və dedi ki, ailəmin dağıdılması üçün bunu Rahibin əmisi qızı Nigar uydurur. Mən ondan bəs SMS-lər nədir deyə soruşanda, bildirdi ki, telefonumu Nigar oğurlayıb və başqa şəxsə verib, o da mənim adıma SMS göndərir. Rahibin dedikləri, digər şayiələrin yayılması bacımın əxlaqsız hərəkətlər etməsinə sübut deyildi. Mən daha dəqiq sübut axtarırdım və buna görə də bacıma SMS göndərən Teymur adlı şəxslə dəfələrlə görüşmək istəsəm də, görüşməkdən yayınırdı. Onun görüşə gəlmədiyi məndə şübhə yaratdı. Mən bacımı altı ay izlədim. Altı aydan sonra əmin oldum ki, kiminləsə gəzir. Bunu dəqiq biləndən sonra onu öldürmək qərarına gəldim". Bacısını öldürəndən sonra Cəlilabad Polis Şöbəsinə gedərək könüllü təslim olub və törətdiyi cinayəti etiraf edib. Onun sözlərinə görə, bacısına işgəncə verməklə öldürmək niyyəti olmayıb: "Məqsədim bacımı öldürmək olub. Ona işgəncə vermək niyyətim olmayıb. Onun əvvəlcə ürəyindən bir zərbə vurdum. Daha sonra onun bədəninin müxtəlif nahiyələrinə 20-dən çox bıçaq zərbəsi vurdum ki, ölməsinə əmin olum". Daha sonra təqsirləndirilən şəxsin babası, nənəsi və digər ailə üzvləri məhkəmədə ifadə verdilər. Onlar Mikayılın bacısını öldürməsini namuslarının təmizlənməsi kimi qiymətləndirdilər. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən və ölən şəxslərin babası tanınıb. O, ifadəsində bildirdi ki, Aygün rayonda əxlaqsız hərəkətlər edib: "Onun hərəkətlərinə görə biz rayonda xəcalət çəkirdik, küçəyə çıxa bilmirdik. Nəvəmə halal olsun ki, onu öldürüb, bu cinayəti törətməklə namusumuzu təmizləyib. Mikayıl Quran oxuyan uşaq idi. Aygün hansı nəticəyə gətirib ki, Mikayıl onu öldürüb. Günah Aygündə olub, Mikayıl günahsız yerə məhkum edilib. Əgər Aygün əxlaqsız hərəkətlər etməsəydi, belə nəticələrə səbəb olmazdı. Çox şükür ki, Mikayıl Aygünü öldürüb. Bunun hərəkətinə görə bu gün xəcalət çəkmirik". |