Qlobal böhranın biznesə təsirləri araşdırılıb. Araşdırma Şimali Karolina Universiteti ilə İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşlığı şəraitində həyata keçirilən Azərbaycanda "Holland xəstəliyi"nin təsirlərinə həsr olunmuş tədqiqat çərçivəsində aparılıb.
Sindromun istehsal müəssisələri və ixraçatçılara təsirlərini qiymətləndirmək üçün ölkəmizdə fəaliyyət göstərən biznes subyektləri arasında təsadüfi seçmə üsulu və regionların təmsilçiliyi təmin edilməklə sorğu həyata keçirilib. Tədqiqatçıların hazırladıqları sorğu anketi İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən 300 müəssisəyə göndərilib, onların 238-dən daxil olan cavablar ümumiləşdirilərək təhlil olunub.
Tədqiqata cəlb olunan respondentlərin 25 faizə qədərini xidmət sferasında, 17 faizini ticarətdə, 16 faizini maliyyə, bank və sığorta sistemində, 13 faizini emal sahəsində, 7 faizini tikintidə, 6 faizini rabitədə, 3 faizini kənd təsərrüfatında, 2 faizini isə mədən sənayesində fəaliyyət göstərən müəssisələr təşkil edib. Rəyi soruşulanların 50,5 faizi 10-dan çox, 11,3 faizi 5 və 10 arasında, 18 faizi 3 və 5 arasında rəqibə, 13,2 faizi 1 və ya 2 rəqibə malik olduqlarını, 6,9 faizi isə rəqibləri olmadıqlarını bildiriblər.
"Azərbaycanda bütün rəqiblərinizi nəzərə alaraq, sizcə, onların neçə faizi fəaliyyətini həyata keçirmək üçün dövlət strukturlarına və ya özəl agentliklərə rüşvət verir" sualına respondentlərin 36 faizi "bilmirəm", 10,2 faizi "hamısı", 13,2 faizi "80-100 faizi", 8,2 faizi "60-80 faizi", 7,3 faizi "40-60 faizi", 9 faizi "20-40 faizi", 9 faizi "0-20 faizi", 6,9 faizi isə "heç biri" cavabını veriblər.
"Azərbaycanda bütün rəqiblərinizi nəzərə alaraq, sizcə, rüşvət onların ümumi gəlirlərinin neçə faizini təşkil edir" sualına respondentlərin 5,4 faizi "hamısını", 4,1 faizi "80-100 faizini", 9,1 faizi "60-80 faizini", 8,7 faizi "40-60 faizini", 10 faizi "20-40 faizini", 19,9 faizi "0-20 faizini" təşkil etdiyini, 7,1 faizi isə "rüşvət vermir" variantını seçiblər.
Sorğu iştirakçılarının 80 faizi qlobal maliyyə böhranının neqativ təsirini hiss etdiyini, 20 faizi isə böhranın təsirinə məruz qalmadığını bildirib. Birinci cavabı seçənlərin 47,54 faizi öz fəaliyyətlərində qlobal maliyyə böhranının təsirini 2008-ci ildən, 52,46 faizi isə 2009-cu ildən hiss etdiyini bəyan edib.
Tədqiqat zamanı böhranın konkret təsirlərini ölçmək üçün sorğu iştirakçılarından böhrandan öncə və böhran zamanı maliyyə göstəricilərinin dinamikasındakı dəyişiklik istənilib. Bəlli olub ki, sorğuda iştirak edən şirkətlərin 33,8 faizinin böhrandan öncə satışdan daxil olan gəlirləri 30 faizdən çox, 38,2 faizinin gəlirləri 5-30 faiz arasında artırdısa, böhran dövründə əksinə, 28 faiz respondentlərin gəlirləri 30 faizdən çox, 60,3 faiz respondentin gəlirləri isə 5-30 faiz arasında azalmağa başlayıb.
Eyni tendensiya məşğulluq göstəricilərinə münasibətdə də müşahidə olunub. Belə ki, respondentlərin 22,8 faizi böhran öncəsi tam ştatlı işçilərinin sayını 30 faizdən çox, 33,3 faizi 5-30 faiz arasında artırırdısa, böhran zamanı respondentlərin 60 faizi işçilərinin sayını 5-30 faizədək, 28 faizi isə 30 faizdən çox azaldıb.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarının bu tendensiyanın mövcudluğunu təsdiq etdiyini bildirən İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Qubad İbadoğlu bildirib ki, Komitədən aldıqları informasiya sorğusunda bildirilir ki, 2008-ci ildə ixtisar edilmiş işçilərin sayı 3037, 2009-cu ildə 8747 nəfər olub. Bu isə o deməkdir ki, məhz qlobal maliyyə böhranının təsirindən iqtisadiyyatımız ötən il əvvəlkindən 3 dəfə çox iş yeri itirib.
Yaxın müddətdə "holland xəstəliyi"nin simptomları müşahidə olunmayacaq
Qubad İbadoğlu diqqəti "Holland xəstəliyi"nə cəlb edərək bildirdi ki, qlobal maliyyə böhranının təsiri nəticəsində milli iqtisadiyyatımız bu xəstəlikdən qaça bilib. Belə ki, böhran nəticəsində "Holland xəstəliyi"nin iki mühüm effektinin - məsrəf və məzənnə effektlərinin iqtisadiyyata mənfi təsirləri azalıb. Bu isə Azərbaycan iqtisadiyyatında yaxın müddətdə xəstəliyin əsas simptomlarının müşahidə olunmayacağı nəticəsini çıxarmağa əsas verir. Mərkəzin apardığı tədqiqatlar göstərdi ki, hələ də bir çox Azərbaycan şirkətləri dövlət orqanlarına rüşvət verməkdə və qlobal maliyyə böhranının təsirindən əziyyət çəkməkdədir.
Böhran nəticəsində dünyada neft məhsullarının qiymətinin xeyli ucuzlaşmasına baxmayaraq, Azərbaycanda həmin məhsulların qiymətinin dəyişilməz saxlanılması siyasətinə üstünlük verilib. Qubad İbadoğlu:
"Azərbaycan hökuməti qiymətləri dəyişmədi. Nəticədə bir sıra neft-kimya müəssisələri öz məhsullarını dünya bazarına çıxara bilmədi. Çünki dünya bazarında bu məhsulların qiyməti ucuz idi. Bu isə bizim bir sıra müəssisələrin öz işini dayandırmasına gətirib çıxardı. Yaxşı olardı ki, qiymətləri bazar özü tənzimləyəydi".
|