"Qarabağ" zərbəni "Bakı"dan aldı
|
Dünən Premyer Liqada həlledici mərhələ başlandı
Şənbə, 13.03.2010
|
|
Dünən Unibank Premyer Liqasının həlledici mərhələsinin oyunları başlanıb. Bundan sonra çempionat həlledici altılıq sistem üzrə davam etdiriləcək.
Xatırladaq ki, 12 komanda ilk mərhələnin yekununa görə iki qrupa bölünüb və bu zaman "qızıl xallar" nəzərə alınıb. Bu da 1-6, yaxud 7-12-ci yerlər uğrunda mübarizədə rəqiblərlə oyunlarda toplanılan xallardan ibarətdir. Mayın 16-da yekun vurulacaq ilk altılığın oyunları 66 gün davam edəcək və ümumilikdə 60 oyun keçiriləcək.
Sözsüz ki, ilk altılığın oyunları daha çox maraq doğurur və artıq ilk turda diqqəti çəkən görüşlər olub. Tofiq Bəhramov adına Respublika stadionunda son Azərbaycan çempionu ilə ölkə kubokunun qalibi üz-üzə gəlib. Əslində təqvimə görə, "Bakı" ilə "Qarabağ"ın ilk görüşü Ağdamda keçirilməli idi. Amma Quzanlı stadionunun ot örtüyü qənaətbəxş olmadığından matçın məkanı dəyişdirilib. Nəticədə meydan sahibi olan "Bakı" rəqibi ilə xal fərqini minimuma endirmək üçün imkanından faydalanıb. Hesabı 56-cı dəqiqədə "Bakı"nın braziliyalı futbolçusu Jaba açıb. 76-cı dəqiqədə Fabio Luis Ramim fərqi ikiyə çatdırıb. Görüş bu hesabla da başa çatıb. Beləliklə, paytaxt klubu "Qarabağ"ın qələbə seriyasına son qoyub. Belə ki, Ağdam klubu 14 oyun idi uduzmurdu. Dünən keçirilən daha iki oyun bu hesablarla başa çatıb:
"Simurğ" - "Karvan" - 0:0 "Olimpik-Şüvəlan" - "Standard" - 1:2.
Bu gün "İnter"lə "Neftçi" son bir ayda ardıcıl 3-cü oyununa çıxacaq. "Bankirlər" son iki qarşılaşmada qazandığı qələbələrlə rəqibin məşqçilərini istefaya "göndərib". Belə ki, baş məşqçi Vaqif Sadıqov təsnifat mərhələsinin son turunda 0:1, Sadıqovu əvəzləyən köməkçisi Şakir Qəribov isə Azərbaycan kuboku uğrunda 1/4 finalda 0:3 məğlubiyyətdən sonra istefa verdilər. Həm ilk mərhələnin qalibi olan, həm də altılığa lider kimi başlayan "İnter" yenə də qalib gələrsə, ən yaxın izləyiciləri ilə xal fərqini saxlayacaq.
"Xəzər-Lənkəran"ın ilk turda işini nisbətən asan saymaq olar. Hər halda Lənkəran klubunun lideri altılığın autsayderi "Qəbələ"dir. Özü də "Xəzər-Lənkəran"ın həlledici mərhələyə doğma meydançasında başlaması qələbə qazanmaq şansını artırır.
"Turan" - "Muğan" və "İnter" - "Neftçi" matçları bu gün keçiriləcək.
|
|
|
|
|
|
|