İndiki uşaqların diqqətini nə covet dövründə çəkilən "Nu poqodi", nə də Uolt Disneyin istehsal etdiyi cizgi filmləri cəlb edir. Zəmanə uşaqları virtual oyunlara daha çox maraq göstərirlər. Kompüterdə maşın yarışları, supermen, döyüş və hərbi oyunlar uşaqların sevimli məşğuliyyətinə çevrilib. Halbuki bu oyunlar zorakılığı uşağın beyninə yeritməkdədir.
Hətta 4-5 yaşlı uşaqların kompüter arxasında oyuna əyləşdiyinin şahidi oluruq. Bəzi valideynlər bununla hətta qürurlanır. Psixoloqlar isə belə oyunların uşaqların psixikasına zərərli təsirinin olduğuna şübhə etmirlər. Aqressiyanı, zorakılığı təbliğ edən oyunlar uşağı özündən kiçikyaşlılara qarşı zorakılığa sövq edir. Savaş oyunları uşaqların psixologiyasını pozur. Belə oyunlarda tərbiyəvi heç nə yoxdur, əksinə, uşaqlarda mənfi emosiyaları artırır.
Oğlanlarda zorakılığı təkcə kompüter oyunları deyil, həm də oyuncaqlar artırır. Qızlar həmişə olduğu kimi bəzəkli-düzəkli gəlinciklərə maraq göstərdiyi halda, oğlanlar yenə də oyuncaq tanklara, tapança və silahlara meyillənirlər. Savaşı və hərbi texnikanın təbliğini aparan oyuncaqların çeşidi isə çoxdur. Ucuz qiymətə, əsasən küçələrdə Çin mənşəli səyyar satıcılar tərəfindən satılan oyuncaqların keyfiyyəti bir tərəfə qalsın, uşaqların mənəviyyatını korlayır. Bu oyuncaqlar ucuz olduğu qədər təhlükəlidir.
Psixoloqlar son illər istehsal edilən əcnəbi cizgi filmlərində və yerli yazarlar tərəfindən yazılan nağıl kitablarında da eyni tendensiyanın müşahidə edildiyini qeyd edirlər. Müasir nağıllarda bir vaxtlar "Göyçək Fatma", "Əlibaba və qırx quldur", "Məlikməmməd" kimi nağıllarda olduğu kimi Xeyirlə Şərin mübarizəsində birinci tərəf qalib gəlmir.
|