Azərbaycanın bütün rayonlarında yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin sayı dəqiqləşdirilir. Bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
E.Pirverdiyev qeyd edib ki, hazırda dəqiqləşdirmələr davam edir. "Azərenerji" rəhbərinin sözlərinə görə, elektrik verilişi xətlərinin altında tikililərin sayı minlərlədir. Bu tikililərin taleyi isə Nazirlər Kabinetinin müvafiq qərarlarından asılı olacaq.
"Azərenerji" rəhbəri Azərbaycanın enerji sistemində yenidənqurma proqramlarının hazırlandığını, bu çərçivədə yüksək gərginlikli elektrik verilişi xətlərinin rekonstruksiya olunacağını qeyd edib. Artıq Asiya İnkişaf Bankı ilə imzalanmış saziş çərçivəsində bu sahədə işlərə başlanması planlaşdırılır.
Hazırda "Azərenerji"də struktur islahatları aparıldığını vurğulayan E.Pirverdiyevin sözlərinə görə, islahatlar çərçivəsində "Azərenerji"nin Regional Enerji Təchizatı idarələri (RET) ləğv edilir. RET-lər və Yüksək Gərginlikli Şəbəkələr regional enerji mərkəzlərində birləşdirilir.
E.Pirverdiyev islahatların paylayıcı elektrik şəbəkələrinə şamil olunmadığını bildirib.