Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin "Dalğa" elm-istehsalat müəssisəsinin yenidənqurma işlərindən sonra açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı müəssisənin həyətində Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyduqdan sonra inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı binada yaradılan Heydər Əliyev guşəsi ilə tanış olub. Məlumat verilib ki, 1936-cı ildə yaradılmış "Dalğa" EİM keçmiş SSRİ hərbi-sənaye kompleksinin aparıcı müəssisələrindən biri olub. Müdafiə Sənayesi Nazirliyinin balansına keçdikdən sonra müəssisənin dirçəliş dövrü başlayıb. İstehsal həcmi və işçilərin sayı artırılıb.
Prezident İ.Əliyev yeni yaradılan mexaniki emal sahəsində hazır məhsullar və hissələrlə tanış oldu, istehsal prosesini izləyib. Dövlət başçısı müəssisənin digər sahələri ilə də tanış olub.
Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində də iştirak edib. Dövlət başçısına məlumat verilib ki, "İqlim" elm-istehsalat müəssisəsi 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı var. "İqlim" müəssisəsinin yeni yaradılan istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir.
Prezident İ. Əliyev yeni sahənin rəmzi açılışını bildirən düyməni basıb, hazır məhsullar və hissələrlə tanış olub, istehsal prosesini izləyib.
Sonra dövlət başçısı müəssisədə yaradılmış atıcılıq tirinə baxıb.
Prezident İlham Əliyev müəssisədə yeni yaradılan tökmə sahəsi ilə də tanış olub. Burada həm müdafiə təyinatlı, həm də mülki məhsullar istehsal edilir.я
|