![]() |
çap et |
|
|||
Əgər baş verənlərə klassik hərbi strategiya bucağından baxsaq, bu ölkə Qafqazda özünün nüfuzunu qorumaq, regiona təsir imkanlarını saxlamaq üçün məhz vadiləri seçib. Bunları nəzarətdə saxlamağı özü üçün əsas strateji hədəfə çevirib. Karmadon (Güney Osetiya), Kazbek (Quzey Osetiya), Ceyrax (İnquşetiya), Kodor (Abxaziya), Vejta, Alazan, Samur (Dağıstan), Yuxarı Baksan (Kabarda-Balkar), Ərhun (Çeçenistan), Amanauz, Uzunkol (Qaraçay-Çərkəz)... Görürük ki, bu və digər vadiləri tam nəzarətdə saxlamaq üçün regionda etnik separatizmləri dəstəkləməklə yanaşı, onların əsas himayədarı kimi də çıxış edir. Bu funksiyanı nə qədər daşıya biləcəyi isə bəlli deyil.
Dağlıq Qarabağ və onun ətrafındakı strateji yüksəkliklərin işğalı, Güney Qafqazda qlobal şəkil ala biləcək proseslərin dondurulması da məhz bu vadi strategiyasına söykənir. Vətəndaşlıq siyasətində Qafqazın yenidən işğalı 2002-ci ildə sabiq prezident Vladimir Putin belə bir qərar imzaladı: "Rusiya Federasiyasında və ya keçmiş SSRİ məkanında doğulmuş hər bir şəxs istənilən zaman ərizə ilə müraciət etməklə Rusiya vətəndaşlığını ala bilər". Onun bu qərarından sonra Abxaziya, Güney Osetiya və Pridnestrovye kimi separatçı regionlarda bu xüsusda qərarlar qəbul edildi. 2008-ci ilin avqustunda Rusiya tərəfi "biz Rusiya vətəndaşlarının və rusdilli əhalinin hüquqlarını müdafiə edirik" adı altında Gürcüstana hərbi müdaxilə etdi. Ötən iki il müddətində faktik olaraq Abxaziya və Güney Osetiya Rusiyanın 86 və 87-ci əyalətlərinə çevriliblər. 2009-cu ilin avqust və dekabr aylarında bu iki regionun Moskvada imzaladıqları anlaşmaların nəticəsində indi Rusiya vətəndaşları Abxaziya və Güney Osetiyada mülkiyyət sahibi ola bilərlər. Çünki Karmadon və Kodor vadiləri Rusiyaya məxsus hərbi birliklərin tam nəzarətinə keçib. Bu vadilər Rusiyaya imkan verir ki, hərbi-strateji baxımdan Gürcüstanı tam nəzarətdə saxlaya bilsin. 2009-cu ilin sentyabrında isə Moskva və Mahaçqala (Dağıstan) üzərindən Samur və Alazan vadilərini nəzarətə almaq ideyası müxtəlif ictimai təşkilatlar vasitəsilə gündəmə gətirildi. Məhz bu həssas məqam Dağıstanın indi sabiq prezidenti statusunu daşıyan Muxu Əliyev tərəfindən ötən ilin payızında Bakıda da rəsmi şəkildə açıqlandı. O zaman prezident İlham Əliyev Samur vadisi məsələsinə sərt şəkildə münasibət bildirərkən cavabında demişdi: "Dağıstan və Azərbaycan arasında ərazilərin bölünməsi anlayışı ola bilməz. Çünki bu iki region tarix boyu birgə yaşayış tərzinə malik olublar. Bu tarixi, mədəni, mənəvi birliyimizi indi ortaq iqtisadi, ticarət, investisiya layihələri əsasında daha üstün səviyyədə inkişaf etdirməliyik. Qarşılıqlı maraqlara əsaslanan strategiyamız region xalqlarının sosil-iqtisadi həyatına stimul verməlidir". ![]() Əslində "Samur vadisi" mövzusunu daim süni şəkildə aktuallaşdırmaqda həvəsli görünən tərəf Rusiyadır. Çünki bu dövlətdə hələ də çağdaş modern texnologiyalara qarşı çıxan güclər mövcuddur. "Alazan vadisi" siyasətini tədricən qabartmağa çalışan həmin güclər 1829-1859-cu illərdə "Qafqaz İmamət dövləti"nin dağlıq bölgələrdə fasilələrlə nəzarət etdiyi ərazilərə Azərbaycanın indiki Balakən, Zaqatala, Qax, Gürcüstanın indiki Laqodexi, Kvareli, Axmeta bölgələrini də daxil etmələrini bu regionlarda yeni etnik bölücü hərəkatlara hesablanmış bir strategiya kimi qəbul etmək lazımdır. Əslində tarixdə belə bir dövlət olmayıb. O çağlar bu ad altında bir hərəkatın olması daha doğru sayıla bilər. Rusiya siyasi analitiklərinin fikrincə, Abxaziya və Güney Osetiyada "vətəndaşlıq" taktikası MDB məkanında digər separatçı regionlar üçün də istənilən an Moskvadakı mühafizəkar çevrələr tərəfindən aktuallaşdırıla bilər. Ermənistan tərəfi də Moskvanın bu addımlarını yamsılamaqdadır. Belə ki, Ermənistan parlamentində qəbul edilən və prezidenti tərəfindən təsdiqlənən yeni vətəndaşlıq haqqındakı qanunlar imkan verir ki, separatçı Dağlıq Qarabağdakı erməni əhalisinə "Ermənistan vətəndaşı" pasportları verilsin. Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatlarına başlayacağı təqdirdə, rəsmi İrəvan "Ermənistan vətəndaşlarının hüquqlarını müdafiə" adı altında ümumi səfərbərlik elan edə bilər. Əslində Qafqazdakı vadi siyasəti xüsusilə ticarət və iqtisadiyyatın xarici aləmlə əlaqələrdə nəqliyyat dəhlizlərinin nəzarətdə saxlanılması deməkdir. Dünya birliyi hələ ki, susur Qafqazla bağlı sözdə strateji maraqları olan Avropa Birliyi, Avropa Şurası, eləcə də NATO hələ ki, öz ciddi iradələrini göstərməyiblər. Xüsusilə Güney Qafqaz siyasətində çoxstandartlı münasibətlərin, strateji maraqların tənzimlənmədiyi ucbatından regionda proseslər hələ də dondurulmuş vəziyyətdə qalmaqdadır. 2003-cü ildə Gürcüstanda iqtidara gətirilmiş Mixail Saakaşvili rejiminin arxasında Qərbin artıq dayanmaq istəmədiyi haqda siyasi kuluarlarda son zamanlar müəyyən fikirlər səsləndirilir. Bu gün Qərbin Gürcüstan, eləcə də Güney Qafqaz siyasətində bir durğunluq yaranıbdır. Faktik olaraq, mövcud olan etnik separatizmlərin dondurulmuş vəziyyətdə qalması, yüz minlərlə müharibə qaçqınlarının illərdir öz torpaqlarına və evlərinə dönmə probleminin həll edilmədiyi, Gürcüstan və Ermənistanın hələ də dotasiyalı regionlar kimi mövcudluğu bir vakuum yaradıbdır. Halbuki Qərbin iri dövlətləri Güney Qafqazda onlara sərf edən məcrada iqtisadi layihələr gerçəkləşdirməkdə maraqlarını gizlətmirlər. Öz növbəsində Azərbaycan və Gürcüstan iqtidarları haqlı olaraq, dondurulmuş münaqişələrin həllində həmin güclərə onlara tarixi ədalətin bərpa edilməsi, işğal altında qalan ərazilərin boşaldılması, qaçqınların, məcburi köçkünlərin öz evlərinə və torpaqlarına dönmələri məsələsində siyasi və ictimai dəstək verilməsini tələb edirlər. Regionun zəngin təbii sərvətləri hesabına milyardlar qazanan həmin supergüc dövlətlər isə ən azından "Rusiya faktoru"nu süni şəkildə qabartmaqla, tələb olunan haqlı iradlardan yayınmaqla məşğuldurlar. Buna görə də, ATƏT Minsk Qrupunun, Avropa Birliyi Monitorinq Qrupunun və digər beynəlxalq qurumların missiyalarının əhəmiyyətsizliyi barədə hətta rəsmi çevrələr etirazlarını açıq şəkildə bildirməkdədir. Bu güclər bir yandan regionda "sabitlik", "münaqişə ocaqları"nı alovlandırmamağı tələb edirlərsə, digər tərəfdən sülhyaratma və illərdir doğma torpaqlarından perik düşmüş yüz minlərlə insanların pozulmuş hüquqlarının bərpa edilməsi yönündə heç bir real iş görmürlər. Rusiya isə öz nəzarətində saxladığı vadilərdə hərbi potensialını artırmaqda davam edir. Çeçenistan - Gürcüstan, İnquşetiya - Gürcüstan, Kabarda-Balkar - Gürcüstan, Qaraçay-Çərkəz - Gürcüstan, Dağıstan - Azərbaycan sərhədlərinin modern hərbi texnologiyaları, yeni hərbi birliklərlə (dağ-motoatıcı) təchiz etməkdədir. Hətta bütün sərhəd zolaqları boyunca bölgələrdə yaşayan xalqları Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları tələblərinin şərtlərinə uyğun səfərbər etməkdədir. Halbuki regionda süni şəkildə qabardılan "bölünmüş xalqlar", "bölünmüş ərazilər" siyasəti məhz Rusiyanın sayəsində baş veribdir. Bunun ardınca həmin addımlar qanuni xarakter alıbdır. Avropa və ABŞ-da Qafqazla bağlı bütün strateji tədqiqat mərkəzləri çox təəssüflər olsun ki, Rusiyanın regiondakı 200 illik siyasətinin fəsadlarına diqqət yetirmək həvəsində deyillər. Ona görə də bu prosesdə passiv mövqe nümayiş etdirirlər. İşğaldan azadolunma resepti 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağıldıqdan sonrakı 19 il ərzində özünün dövlət müstəqilliyini saxlaya bilən, bunun atributlarına uyğun yeni nəsil yetişməkdədir. Hər il bu dövlətlərdə yüz minlərlə gənc müstəqil dövlət psixologiyasına uyğun formada orta və ali məktəb bitirir. Yaşadıqları dövlətin infrastrukturlarında işləməyə cəlb edilirlər. Bu dövlətlər öz büdcələrini, maliyyə sektorunu müstəqil idarə edirlər. Bir sözlə, yeni idarəetmə anlayışı və milli dövlətçilik şüuru formalaşmaqda, dərinləşməkdədir. Ötən yüzillərdən fərqli olaraq, özünün silahlı qüvvələrini, sərhəd qoşunlarını, milli təhlükəsizlik strukturlarını üstün səviyyəyə qaldırmağa yönəlik strategiya dərinləşməkdədir. Ukraynadakı son seçkilərdə qələbə çalan Viktor Yanukoviçin prezident kimi ilk rəsmi səfərini Moskvaya deyil, Brüsselə etmək, Avropa Birliyi rəhbərliyi ilə görüşlərə başlamaq qərarı bunu bir daha təsdiq edir. Heç də hər şey artıq Moskvanın idarəsinə pərçimlənməyib. Azərbaycanın bütün dünya ilə uzlaşdırılmış şəkildə fəaliyyətə önəm verməsi bu iradənin uğurlu nəticə verə biləcəyinə bir işarədir. Çox təəssüflər olsun ki, 1901-1920-ci illərdə ümumi Qafqaz anlayışının uğurları 1991-ci ildən sonra yenidən böyük qavrayışa çevrilməyib. Etnocoğrafi və etnokulturoloji məkan kimi Qafqaz-İber, türk və fars mənşəli topluluqlar arasında tarix boyu milli zəmində qarşıdurma olmayıb. İndi Qafqaz topluluqları arasında uzlaşdırılmış yeni siyasətin gücləndirilməsi üçün yetərincə imkanlar olsa da, bu yöndə gərəkən addımlar atılmır. Proseslərə diqqətlə baxdıqda bu mühüm dəyər digər güclərin nəzarətinə keçib. Onlar isə öz maraqlarına pərçimlənmiş proseslərdə maraqlıdırlar. Hələ 1801-1828-ci illərdə Qaçar xanədənlığının şahzadəsi Abbas Mirzə Qafqaz siyasətinin əsil mahiyyətini açaraq qeyd edirdi: "İrəvan çökəkliyi (vadisi) Qafqazın taleyi deməkdir. Biz 30 il mübarizə apardıq ki, İrəvan çökəkliyini əlimizdə saxlaya bilək. Proseslərə nəzarət üçün region ətrafındakı ərazilər, xüsusilə strateji yüksəkliklər biz türklərin əlində olmalıdır". Qafqaz mühacirətinin məşhur simalarından biri olan Əbdürrəhman Avtorxan 1950-ci illərdə Münhendə "SSRİ-nin çökməsindən sonrakı mərhələdə Qafqaz konfransı"nda "Hakimiyyətin texnologiyası" mövzusunda bir mühazirəsində üzünü Qafqaz diaspor təşkilatlarının liderlərinə tutaraq açıq şəkildə demişdi: "Kreml Qafqazda etnik münaqişələri idarə etmək üçün artıq bir sıra prosesləri dərinləşdiribdir. SSRİ-nin bir dövlət kimi çökdüyü günə qədər bizlər hazır olmalıyıq. Qafqazın azadlığı, etnik münaqişələrin həlli yolunda ən uğurlu addım hərbi-strateji məkan kimi bütün vadiləri özümüz nəzarətdə saxlamalıyıq. Tarix boyu babalarımız bu texnologiyadan istifadə edib. Bu vadilər kimin əlindədirsə, o da regiona hökm edəcək". İndi faktik olaraq, Dağlıq Qarabağ sindromunu süni şəkildə "beynəlmiləlləşdirməklə", İrəvan vadisini öz nəzarətində saxlamaqla, Qafqaza hakim olmaq istəyən böyük güclərin strateji niyyətləri də məhz buradan qaynaqlanır. Bu məsələ nə qədər ki, hüquqi müstəviyə keçməyib, Azərbaycan öz iradəsini rəsmiləşdirmək üçün işğal olunmuş ərazilərin azad edilməsinə nail olmalıdır. Bunsuz Azərbaycanın gələcəyi də yoxdur. Çünki Qafqazda superetnosa malik və geniş coğrafi məkana sahib olan Azərbaycan türkünün söz sahibi olması çox dərin mətləblərlə bağlıdır. |