![]() |
çap et |
|
|||
Bir ay öncə, fevralın 5-də Rusiya prezidenti Dmitri Medvedyevin fərmanı ilə Rusiya Federasiyasının Hərbi Doktrinası təsdiqləndi. Bununla da Sovet İttifaqının süqutundan sonra RF-in sayca üçüncü Hərbi Doktrinası işıq üzü gördü. Xatırladaq ki, ilk doktrina (keçid sənədi) 1993-cü ildə (RF prezidentinin 1993-cü il 2 noyabr tarixli 1833 saylı fərmanı ilə təsdiqlənib), növbəti - daimi hərbi doktrina isə 2000-ci ilin 21 aprelində prezident Vladimir Putinin 706 saylı fərmanı ilə təsdiqlənmişdi. Əslində bu sənəd əvvəlki prezident Boris Yeltsinin dövründə hazırlanmışdı.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) araşdırmalarına görə, nəzərə alınmalıdır ki, 1993-cü ildə qəbul olunmuş Hərbi Doktrina struktur və məzmun baxımından bir çox hissələrdə SSRİ-nin Hərbi Doktrinasını təkrarlayırdı. O baxımdan 2000-ci il və 2010-cu il hərbi doktrinalarını, Rusiyanın perspektiv hərbi-siyasi hədəflərini müəyyən etmək və müqayisələr aparmaq maraq kəsb edir. HATM qeyd edir ki, 2000-ci il HD-yə daxil olan hissələr - hərbi siyasi əsaslar, hərbi strateji əsaslar və hərbi iqtisadi əsaslar adlanaraq daha çox nəzəri anlayışları əhatə edirdisə, 2010-cu ilin sənədi bir qədər fərqlənir və burada əksini tapan hissələrin başlıqları daha çox praktikdir: 1) Ümumi əsaslar (1-6-cı maddələr), 2) Hərbi təhlükələr və RF-ə hərbi təhdidlər (7-16), 3) RF-in hərbi siyasəti (17-37), Müdafiənin hərbi-iqtisadi baxımdan təminatı (38-53-cü maddələr). Adlarından göründüyü kimi, sənəddə ən çox RF-in hərbi siyasətinə və müdafiənin hərbi-iqtisadi baxımdan təminatına daha çox yer verilir. Yeri gəlmişkən, 2000-ci il doktrinasının müdafiə xarakterli olmasına dair müddəa olsa da, 2010-cu il sənədində bununla bağlı hər hansı bir cümləyə rast gəlinmir - sənədin ümumi məzmunundan onun hücum xarakterli olması fikri yaranır. Ekspertlərə görə, yeni sənəddə diqqəti çəkən məqamlardan ən əsası NATO ilə münasibətlər barədədir. Əgər 2000-ci il Hərbi Doktrinasında "alyansların genişlənməsi Rusiyanı və onun müttəfiqlərini təhdid edir" kimi ümumi ifadələrə üstünlük verilirdisə, NATO-nun adı birbaşa hallanmırdısa, 2010-cu il sənədində NATO-nun adı 3 dəfə çəkilir və konkret olaraq onun genişlənməsi Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. HATM qeyd edir ki, 2000-ci il sənədində Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı cəmisi bir dəfə çəkilirdisə, 2010-cu il sənədində KTMT-nin adı azı 10 dəfə çəkilir. Eyni zamanda əvvəlki sənədlərdən fərqli olaraq yeni Hərbi Doktrinada KTMT çərçivəsində yaradılmış Kollektiv Çevik Əməliyyat Qüvvələrinin (KÇƏQ) adı bir neçə yerdə çəkilir. "Maraqlıdır ki, Rusiyanın yeni HD-də "regional təşkilatlar" ifadəsi bir neçə dəfə təkrarlansa da, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM adlı regional təşkilatın adı bir dəfə də xatırlanmır. Bu, Kremlin GUAM-a olan münasibətinin təzahürüdür", - deyə HATM ekspertləri bəyan edir. Onların fikrincə, qarşıdakı dönəmdə regional təşkilat kimi KTMT-nin statusunun qaldırılması və onun yaxın perspektivdə NATO ilə üzbəüz dura biləcək qurum halına gətirilməsi Rusiyanın əsas hədəflərindən biri kimi görünür. Rusiya əhaliyə qarşı nüvə silahı tətbiq edə bilər? HATM-ın direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov "Ayna"ya açıqlamasında yeni HD-nin məxfi hissəsinin olduğuna əmindir. "Doğrudur, 2010-cu il sənədi ilə bağlı səslənən rəsmi açıqlamalarda onun məxfi hissəsinin olmadığı deyilir. Lakin bu inandırıcı görünmür, ən azı ona görə ki, 2010-cu il fevralın 5-də RF prezidenti tərəfindən HD ilə yanaşı daha bir sənəd - "2020-ci ilə qədər nüvə tərkibi sahəsində dövlət siyasətinin əsasları" təsdiqləndi. Bu sənəd ictimaiyyət üçün qapalıdır. Bu isə onun HD ilə bağlılığına dair tutarlı şübhələr yaradır", - deyə İ.Məmmədov bildirir. Ekspert Rusiyanın yeni HD-nin "vətəndaşlara qarşı nüvə silahının tətbiqi"ni mümkün etdiyi qənaətindədir. Onun fikrincə, bir neçə maddədə bu təsbit olunub. Xüsusilə də, 22-ci maddədə qeyd edilir ki, "RF ona və (ya) müttəfiqlərinə qarşı nüvə və digər kütləvi qırğın silahı tətbiq olunarsa, eləcə də RF-ə qarşı adi silahdan istifadə edilərək dövlətin mövcudluğu təhlükə altında qalarsa, cavab olaraq nüvə silahından istifadə hüququnu özündə saxlayır". Ekspertin fikrincə, bu maddə eyni zamanda "avtomat silaha qarşı nüvə silahı" kimi anlaşıla bilər. Ekspertlərin fikrincə, bu maddə araşdırmalar üçün yeni müzakirə mövzusu açır: HD-nin bu maddəsindən belə çıxmır ki, Rusiya öz vətəndaşlarına qarşı nüvə silahı tətbiq edə bilər? RF-ə daxil olan respublika vətəndaşlarından hansısa müstəqillik uğrunda separat mübarizəyə başlasa, RF onlara qarşı nüvə silahı tətbiq edə bilərmi? Yaxud Rusiya rəhbərliyinin nüvə silahından istifadə mexanizminə çıxış proseduru necədir? Bu yöndə hər hansı səhv qərardan sığortalanma mexanizmi necədir? "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri, ekspert Üzeyir Cəfərovun fikrincə, bütün rəsmi açıqlamalara, bəyanatlara baxmayaraq Rusiyanın yeni HD-sinin məxfi hissəsinin olması barədə şübhələr qalacaq. Onun fikrincə, HD kimi sənəddə nüvə silahının aparıcı amil rolunda çıxış etməsi, bunun fonunda RF Silahlı Qüvvələrinin həlledici statusdan çıxarılması Rusiyada ordunun deqradasiya prosesinə məruz qalmasının göstəricisi kimi izah edilə bilər. Qeyd edək ki, Rusiya ictimai fikri 2010-cu ilin doktrinasını daha çox cavab hərəkətləri doktrinası kimi qələmə verir. "Sənəd üzərində aparılan araşdırma belə mülahizə irəli sürməyə imkan verir ki, yeni HD daha çox Rusiyanın mövcudluğunu saxlamasına və onun regional nüfuzunun və təsir dairəsinin qorunmasına istiqamətlənmiş hərbi-siyasi baxışların toplusudur. Məhz bu, qeyd edilən sənədin NATO-nun hazırda beynəlxalq müzakirəyə çıxarılmış yeni Strateji Konsepsiyasından əsas fərqini göstərir. NATO daha çox beynəlxalq təhlükəsizliyin təminatçısı roluna iddia edir", - deyə İ.Məmmədov bildirir. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesab edir ki, yeni sənəddən çıxış edərək RF-in qarşıdakı 10 il ərzində hərbi-siyasi fəaliyyət strategiyasını, onun postsovet məkanı dövlətləri, Avropa Birliyi, NATO, ATƏT, BMT, ŞƏT, KTMT və s. istiqamətlər üzrə atacağı addımları, silahlanma strategiyasını və s. məsələləri ehtimal etmək mümkündür. "Sənədə görə, Rusiyanın Avropada Adi Silahlara dair Cinah Sazişinə yenidən qayıdacağını proqnozlaşdırmaq olar. Sənəddə əksini tapmış "adi silahlar üzərində nəzarət sahəsində sazişlərin imzalanması və gerçəkləşməsi və qarşılıqlı etimadın möhkəmlənməsi üzrə tədbirlərin görülməsi" kimi müddəa buna imkan verir", - deyə "Doktrina" bildirir. Xatırladaq ki, bir neçə il bundan öncə RF qeyd edilən müqaviləni tərk etdiyini bəyan etmişdi. "Dondurulmuş münaqişələr"ə dair strategiya nədən xəbər verir? Yeni HD eyni zamanda postsovet məkanında həll olunmamış münaqişələrə Moskvanın rəsmi baxışları və proqnozlarının əks olunması baxımından da maraq doğurur. "Rusiyanın Azərbaycanla münaqişə vəziyyətində olan və onun torpaqlarını işğal etmiş Ermənistana külli miqdarda silah-sursat, hərbi texnika yardımı göstərməsi, Gürcüstanın iki separatçı bölgəsinə Moskvanın silah yardımı göstərməsi, onlarla hərbi saziş imzalaması kimi məlumatlar fonunda RF-in postsovet məkanındakı münaqişələrin həllində nə dərəcədə maraqlı olduğu şübhə doğurur", - deyə İ.Məmmədov bildirir. Ü.Cəfərov sənədlə bağlı diqqətçəkən bir məqamı bölüşür: "HD-nin 10-cu maddəsinin "v" bəndində əksini tapan fikrə görə, RF və onun müttəfiqlərinin ərazisində qanunsuz silahlı birləşmələrin yaradılması, hazırlığı və fəaliyyəti RF üçün əsas hərbi təhdidlərdəndir. Bu fikrə dair suallar irəli sürmək olar: rostsovet məkanında mövcud olan separatçı ərazilərdə (Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnestryanı) fəaliyyət göstərən birləşmələr Moskva üçün qeyri-qanuni hesab edilirmi? Bu sual fonunda Rusiyanın Cənubi Osetiya, Abxaziya mə Dnestryanı separatçıları ilə iş birliyinə getməsi, bu ərazilərdəki qanunsuz hərbi birləşmələrə dəstək verməsi Rusiyanın HD-də göstərilənlərlə nə dərəcədə uyğun gəlir? Rusiyanın Qarabağdakı qanunsuz hərbi birləşmələrin fəaliyyətinə münasibəti necədir? Düşünürəm ki, Azərbaycan xarici siyasət idarəsi bu məqamlardan irəli gələn sualları Rusiya hakimiyyətinə ünvanlamalıdır". "Doktrina" mərkəzinin ekspertləri əmindirlər ki, Rusiyanın yeni Hərbi Doktrinasında Moskvanın postsovet məkanında mövcud olan münaqişələrin qısa zaman kəsiyində, ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüququn normalarına uyğun şəkildə həllinə təsir və yardım göstərmək üçün gerçək imkanları göstərilməyib: "Əksinə, bir sıra məqamlar RF-in bu münaqişələrin uzadılmasında maraqlı olduğu ehtimalını üzə çıxarır". KTMT-nin perspektivi necə olacaq? Sənəddə əksini tapan vacib məqamlardan biri RF-in KTMT çərçivəsində öz müttəfiqlərini qorumaq istiqamətində ata biləcəyi addımlarla bağlıdır. Sənədin 1-ci hissəsində bildirilir ki, RF özünün milli və müttəfiqlərinin maraqlarını qorumaq üçün siyasi, diplomatik, hüquqi, iqtisadi, ekoloji, informasiya, hərbi və digər alətlərdən istifadəyə sadiqdir. Sənəd üzərində aparılan araşdırmalar göstərir ki, qarşıdakı 10 il ərzində RF qarşısında duran əsas vəzifələrdən biri KTMT çərçivəsində əməkdaşlıq edən dövlətlər çevrəsini genişləndirmək olacaq. Sənədin 19-cu maddəsinin "e" bəndində bildirilir ki, "tərəfdaş ölkələrin çevrəsini genişləndirmək və onlar arasında BMT Nizamnaməsinin müddəaları və beynəlxalq hüququn digər normalarına uyğun olaraq beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi sahəsində ümumi maraqlara söykənən əməkdaşlığın inkişafı" RF üçün əsas hədəflərdən biridir. 21-ci maddədə qeyd edilir ki, RF KTMT-yə üzv olan dövlətə silahlı basqına bütün KTMT-yə təcavüz kimi baxır və bu zaman kollektiv təhlükəsizlik müqaviləsinə uyğun olaraq tədbirlər görəcək. 24-cü maddəyə görə isə, RF KTMT üzvü olan ölkələrdə hərbi təhdidlərə çevik reaksiya vermək üçün Kollektiv Çevik Əməliyyat qüvvələri tərkibində iştirak üçün hərbi kontingent ayırır. Ekspertlərin fikrincə, bu maddələr postsovet məkanının bir sıra ölkələri üçün təhlükəli hesab edilə bilər. "Bu, xüsusilə Azərbaycan ərazisini işğal altında saxlayan KTMT üzvü olan Ermənistan kimi dövlətə münasibətdə daha təhlükəli tendensiyaları ortaya qoyur. Azərbaycan işğal altında olan torpaqlarının azad olunması uğrunda hərbi əməliyyatlara başlasa, Ermənistan KTMT çərçivəsində Rusiyanı yardıma çağıra bilərmi? Belə olan halda Moskva İrəvana hansı cavabı verəcək? Bütün bunlara Rusiya hakimiyyəti aydınlıq gətirməlidir", - deyə Ü.Cəfərov bildirir. Postsovet ölkələrinə təsir və təzyiq aləti "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesab edir ki, əvvəlki sənədlərdən fərqli olaraq yeni Hərbi Doktrinada Rusiyanın həmsərhəd və ya digər ölkələrə hərbi müdaxilə etmək imkanları daha konkret əks olunub. 20-ci maddədə bildirilir ki, RF ölkə hüdudlarından kənarda yaşayan öz vətəndaşlarının müdafiəsini təmin etmək üçün beynəlxalq hüquq normalarına uyğun olaraq öz Silahlı Qüvvələrini və digər qoşunları tətbiq etməyi qanunauyğun sayır. 26-cı maddədə isə qeyd edilir ki, RF özünün və vətəndaşlarının maraqlarını müdafiə məqsədilə, beynəlxalq sülhü dəstəkləmək üçün öz hərbi birləşmələrini operativ şəkildə ölkə hüdudlarından kənarda istifadə edə bilər. "Bu maddələr ona görə maraq kəsb edir ki, bu gün keçmiş postsovet ölkələrinin hər birinin ərazisində minlərlə RF vətəndaşı yaşayır. Günlərin bir günü Rusiya həmin dövlətlərə təzyiq üçün vətəndaşlardan ciddi şəkildə istifadə edə, onlara əsaslanaraq bu ölkələrə hərbi müdaxilə edə bilər", - deyə Üzeyir Cəfərov bildirir. |