![]() |
çap et |
|
|||
Türkiyə və Azərbaycan bu qərarı pislədi və qəti etiraz bildirdi
ABŞ Konqresi Nümayəndələr Palatasının Beynəlxalq Komitəsi bir səs çoxluğu ilə (23/22) dünən gecə 1915-ci ildə Osmanlı imperiyası dövründə "erməni soyqırımı"nı tanıdı. Bu qərar Türkiyə və eyni zamanda Azərbaycan üçün təhqirdir. "Erməni soyqırımı"nı tanımaq başqa cür anlaşıla bilməz. Odur ki, Türkiyə və Azərbaycan bu qərarı pislədi və qəti etiraz bildirdi. Lakin bu səsvermə qətnamənin tam qəbulu demək deyil və sənəd bütün tərkibdə baxılması üçün Nümayəndələr Palatasına daxil olacaq. Ümid edilir ki, bu proses yarıda dayanıb qalacaq. KİV-in yaydığı xəbərlərə və ayrı-ayrı konqresmenlərin bildirdiyi fikirlərə əsasən, palatada qətnaməyə baxılması tez və asan olmaya bilər. Qətnamə üzrə ümumi səsvermənin tarixi hələlik müəyyən edilməyib. Dünənki qərara cavab olaraq Türkiyə Vaşinqtondakı səfiri Namik Tanı geri çağırıb. Türkiyə baş naziri dəftərxanasının məlumatında deyilir ki, Ankara Nümayəndələr Palatasının qərarını pisləyir. "Qətnamə tərəfdarları əsassız, yanlış və siyasi cəhətdən şərtlənmiş yanaşma nümayiş etdirərək, tarixi faktları və tarixçilərin bu məsələyə baxışlarında olan fərqləri nəzərə almayıblar. Biz bu qərarı pisləyirik. Türkiyə və ABŞ-ın münasibətləri pisləşə və Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə səylər müvəffəqiyyətsizliyə uğraya bilər". "Turan"ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, səsvermə ümumilikdə saat yarım davam edib. Bundan əvvəl isə Komitə üzvləri sənəd ətrafında 2 saat mülahizələr yürüdüblər. İclasdan əvvəl dövlət katibi Hillari Klinton komitə rəhbəri Hovard Bermana zəng edərək, administrasiyanın qətnamə ilə bağlı narahatlığını ifadə edib və xahiş edib ki, səsvermə təxirə salınsın. Amma bu zəng Komitənin rəyini dəyişə bilməyib. Səsvermə proseduru nahardan sonra keçirilib və saat yarım ərzində tədricən zala daxil olan konqresmenlər əsasən Türkiyənin lehinə, qətnamənin əleyhinə səs veriblər. Lakin son 5 dəqiqədə vəziyyət tamamilə dəyişib. Türkiyə 22-20 nisbətində az qala qalib olacağı halda, daha üç konqresmen qətnaməni dəstəklə yib və sənəd qəbul edilib."Müzakirələrin gedişində zalda olan 8 Türkiyə və 3 Ermənistan deputatı açıq lobbiçilik fəaliyyətini və atmacalarını müşahidə etmək mümkün idi. Bundan əlavə, daha 3 yaşlı erməni - 97 yaşlı Onarik Eminyan, 98 yaşlı Şarlotte Keçecan və 105 yaşında Sirarpi Khoyan isə bu dinləmədə "soyqırımdan güclə canını qurtaranlar" qismində təmsil olunurdu", - deyə qeyd edən mənbə bildirir ki, qətnamənin tərəfdarları Türkiyənin dost ölkə olduğunu desələr də, "tarix ilə üzləşməli olduğunu" bildiriblər. Əleyhdarlar isə əsasən Ankara-Vaşinqton münasibətlərindən, Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan dialoqunun fiaskoya uğrayacağından narahatlıq bildiriblər. Türkiyə bu qərarı pislədi Türkiyə deputatları dərhal Konqresin bu qərarını pisləyiblər. "Turan"ın müxbiri ilə söhbətində Türk deputat heyətinin rəhbəri Murad Mərcan deyib ki, bu qərarın "cavabı çox sərt olacaq". "Hökumətimiz bu ədalətsiz qərara münasibətini bildirib. Türkiyə xalqına qarşı etmədiyi bir işə görə ən böyük böhtan atıldı və bu bizi çox incidir", - deyə Türkiyə səfiri bildirib. O, Türkiyə səfiri kimi fəaliyyətinə cəmi 1 həftə əvvəl başlamışdı və indi geri qayıdır. Prosedura uyğun olaraq, qətnamə ilə bağlı növbəti addım sənədin Nümayəndələr Palatasında müzakirəyə çıxarılması olacaq. 2007-ci ildə də Komitə buna bənzər qətnaməni qəbul edərək, Palataya göndərmişdi. Amma o zaman Buş administrasiyası müdaxilə edərək, sənədin Palatada qəbulunu əngəlləmişdi. Lakin türk nümayəndələri hazırkı qərardan çox narahatdırlar. Onların fikrincə, indi vəziyyət 2007-ci ildəki kimi deyil. Belə ki, hazırkı ABŞ administraisyası "erməni soyqırımı" məsələsində Buş qədər həssas deyil. Bundan başqa, Türkiyə tərəfi hazırda Konqresdə böyük təsirə malik olan yəhudi lobbisinin dəstəyini itirmiş vəziyyətdədir.я Yeri gəlmişkən onu da qeyd edək ki, bu zamana qədər artıq ABŞ-ın 50 ştatından yalnız 10-u qondarma "erməni soyqırımı"nı tanımayıb. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" qərar layihəsi qəbul edilməsi Ermənistan tərəfindən məmnuniyyətlə qarşılanıb. APA-nın məlumatına görə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan "Reuters" agentliyinə verdiyi açıqlamada, "qərarı böyük bir məmnuniyyətlə qarşıladıq" deyə bildirib. Nalbandyanın sözlərinə görə, "bu hadisə, Amerika xalqının qlobal insan haqları dəyərlərinə bağlılığının yeni bir göstəricisi və insanlığa qarşı cinayətlərin qarşısının alınması istiqamətində önəmli bir addımdır". Konqresmenlərdən narahatlıq bəyanatı Belə ki, Konqresin Türkiyə üzrə işçi qrupunun həmsədrləri xarici əlaqələr komitəsindən qəbul olunan "Erməni soyqırımı" layihəsi ilə bağlı bəyanat yayıblar. Konqresmenlər Ed Vitfild, Key Grenger və Stiv Kohenin imzaladığı bəyanatda bildirilir ki, bu qərar layihəsinə səs vermək keçmişdə baş verən faciələri düzəltməyəcək: "Lakin bu sənəd ABŞ-ın Türkiyə ilə hazırkı və gələcək münasibətlərinə və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərəcək. Türkiyə və ABŞ arasındakı bağlar çox güclüdür və nə qədər ki biz hər iki xalqa qarşı təhlükələrlə mübarizə aparırıq və Yaxın Şərqdə sabitliyə nail olmağa çalışırıq, bu bağlar güclü olacaq. Bu həlledici zamanda ABŞ Konqresi bizim dostluğumuzu təhlükə altında qoymaq əvəzinə, onun inkişafı üçün əlindən gələni etməlidir." Bəyanatda bildirilir ki, bu gün Türkiyə beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın səylərinə əvəzsiz dəstək verir: "Türkiyə Əfqanıstanda quruculuq işlərinə və humanitar əməliyyatlara milyonlarla dollar vəsait ayırıb və burada yüz minlərlə insana xidmət göstərən xəstəxana və məktəblərin tikintisində iştirak edir. Türkiyə dünyanın çətin və bəzən də düşmən əhval-ruhiyyəli regionunda həlledici diplomatik tərəfdaşdır. Müsəlman əhalinin üstünlük təşkil etdiyi yeganə dünyəvi demokratik ölkə olan Türkiyə Suriya, Livan və İran kimi qonşu dövlətlərlə birmənalı, balanslaşdırılmış şəkildə əməkdaşlıq edir. Bu əlaqələr regionla əməkdaşlıqda, enerji təhlükəsizliyində və Yaxın Şərq sülh prosesində ABŞ-a yalnız yardımçı ola bilər". Azərbaycan bu qərarı qəti şəkildə pislədi Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin dünən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib. APA-nın xəbərinə görə, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz hərəkətdir: "1915-ci ildə 1-ci dünya müharibəsinin cəbhələrinin birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalqlar və dövlətlər bu və ya digər itkilərə məruz qalıblar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidir. Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və anti-türk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik ki, bu qərar həm də ABŞ və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq". Əli Həsənov, eyni zamanda, inandığını bildirib ki, Komitənin qəbul etdiyi bu qərar ABŞ Konqresinin Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və bu ədalətsiz məsuliyyət ABŞ hökumətinin üzərindən götürüləcək. |