Parlamentdən Amerika ünvanlı sərt bəyanatlar
 |
ABŞ Konqresinə etiraz məktubu göndərildi
Şənbə, 06.03.2010
|
|
Amerikadakı səfirimiz geri çağırılsın, ABŞ hökumətinə etiraz məktubları göndərilsin. Bu və bənzər digər bəyanatlar parlamentin dünənki iclasında səsləndi. Toplantının əvvəlində spiker Oqtay Əsədov qadın deputatları və parlamentdəki xanım media mənsublarını qarşıdan gələn 8 Mart bayramı münasibətilə təbrik etdi. Gündəlikdə duran məsələlərin müzakirəsi zamanı isə çıxış edənlərin, demək olar, hamısı ABŞ Konqresinin şöbəsində qəbul edilən sənəddən danışdılar.
İlk söz alan İqbal Ağazadə qondarma "erməni soyqırımı" ilə bağlı belə bir qərarın qəbulundan təəssüfləndiyini bildirdi. "Hesab edirəm ki, bu qərar regionda baş verən hadisələrə, həm də Türkiyənin regiondakı sülhməramlı roluna açıq zərbə vuracaq. Təəssüf ki, dünya parlamentləri XX əsrin sonlarında baş verən Xocalı soyqırımına adekvat münasibət bildirmədi".
Xarici siyasətdə korrektəyə ehtiyac var
Millət vəkili Vahid Əhmədov Gürcüstan və Rusiya arasında imzalanan son müqavilənin bu ölkənin Azərbaycanla münasibətlərinin gərginləşməsinə səbəb olacağını dedi: "Azərbaycan həmişə hər məsələdə Gürcüstana kömək edib. İndi belə bir yolun açılması Azərbaycana vurulan zərbədir. Son zaman baş verənlər göstərir ki, biz bu ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinə narahat olmalıyıq".
Vahid Əhmədov təklif etdi ki, hökumətin Milli Məclis qarşısındakı hesabatında xarici işlər idarəsi də Azərbaycanın bu istiqamətdə apardığı siyasətlə bağlı məruzə etsin: "Məncə, bu siyasətdə müəyyən korrektələr etməyə ehtiyac var".
Hinduların qırılmasını yada salmalıyıq
Tarixçi deputat Yaqub Mahmudov bildirdi ki, ABŞ Konqresi hüquqi səlahiyyəti çatmadığı halda xarici ölkələrin tarixinə müdaxilə edir: "ABŞ unutmamalıdır ki, söhbət soyqırımdan gedirsə, yaxın keçmişdəki Amerika hindularının hamısına soyqırım tətbiq edilib. Əgər dövlət səviyyəsində xarici ölkələrin işinə qarışırlarsa, onda özlərindən başlamalıdırlar. Onlar bu gün İraq və Əfqanıstanda sözün əsl mənasında soyqırım həyata keçirirlər".
Yaqub Mahmudov bu cür ikili standarta qəti etiraz etməyi, Milli Məclisin ABŞ Konqresinə bəyanat verməsini təklif etdi. Deputat həm də gələcəkdə bu məsələlərlə bağlı parlamentdə dinləmələr keçirilməsinin vacib olduğunu dedi.
Müsavat deputat qrupu da ABŞ Konqresinin qərarı ilə bağlı parlamentdə səslənən fikirlərlə həmrəydir. Bunu qrupun üzvü Pənah Hüseyn öz çıxışında dedi. O hətta MM aparatına müvafiq bəyanat hazırlanması haqda tapşırıq verilməsini də istədi.
Digər türk dövlətləri də hərəkətə gəlsin
Qənirə Paşayeva dünyanın ən böyük yalanı hesab etdiyi bu sənədi özünü türk sayan hər bir insan üçün böyük bir təhqir olduğunu dedi:
"Tarixdə olmayan bir şeyi bir millətin adına yazmaq o millətə təhqir deməkdir. Biz Konqresə etirazımızda bu məqamı da vurğulamalıyıq ki, tarixdə olmayan bir yalanı qəbul edən Konqres hamının gözü qarşısında olan, şəkilləri və videoları olan hadisəni - Xocalı faciəsi faktını qəbul etmək istəmirsə, deməli, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da belə münasibət olacaq. Əgər Konqresin belə mexanizmi varsa, niyə onlar BMT-nin qətnamələrinin yerinə yetirilməməsi məsələsini gündəmə gətirmirlər?".
Qənirə Paşayeva Orta Asiyanın türkdilli dövlətlərinin də hərəkətə keçməsi barədə arzusunu dilə gətirdi: "Bu gün onların da səsi eşidilməlidir.
O dövlətlərin vətəndaşları da türkdür və onlar da bu məsələyə öz etirazlarını bildirməlidirlər".
Amerikadakı səfirimiz geri çağırılsın
Qüdrət Həsənquliyev ABŞ-dakı səfirimizin geri çağırılmasını təklif etdi. Və fikrini bununla əsaslandırdı ki, ABŞ-ın özü uzun müddətdir Azərbaycana səfir təyin etmir:
"Beynəlxalq münasibətlərdə səfirin göndərilməməsi heç də yaxşı hal sayılmır. Bu, ölkəmizə dost olmayan bir münasibətin göstəricisidir. Bunun arxasında başqa siyasi təzyiqlər dayanır. Onlar Azərbaycanın sərhədlər açılmaması ilə bağlı Türkiyəyə təsir etməsini istəmirlər".
Deputat hesab edir ki, Amerika prezidenti Barak Obama İslam dünyasına qarşı yaxşı çıxış etsə də, bu istiqamətdə ən sərt addımlar atır: "O, artıq Amerikanın ən yaxşı iki tərəfdaşını itirir - Türkiyə və Azərbaycanı".
Beynəlxalq qurumlara xəbərdarlıq edək Elman Məmmədov dedi ki, bu məsələlərdə itirən yalnız Amerikanın özü olacaq: "Çünki o, Türkiyə kimi iri bir dövləti Ermənistan kimi cırtdan dövlətin güdazına verir. Bu istiqamətdə bir az abırlı hərəkəti elə Rusiya edir". Millət vəkili ATƏT, Avropa Şurası və BMT-yə xəbərdarlıq olunmasını da istədi:
"Onlara məktub göndərməliyik ki, əgər onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlərsə, amma bu məsələyə laqeyd münasibət göstərirlərsə, təcavüzkarı yerində oturtdurmurlarsa, onda sabah müharibə başlasa, onun məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşəcək".
Beynəlxalq hüquq normaları "şirin bir xəyal, bir röya"
Birinci vitse-spiker Ziyafət Əsgərov sözügedən sənədi pisləsə də, bunda qeyri-adi bir şey görmədiyini dedi:
"Bu sənədin qəbulu bir daha göstərdi ki, dünyada hüququn gücü yox, gücün hüququ hökm sürür. Bizim üçün beynəlxalq hüququn normaları hamısı şirin bir xəyal, bir röya idi. Ona görə də Azərbaycan öz iqtisadiyyatını, öz ordusunu gücləndirməlidir".
Ziyafət Əsgərov ABŞ Dövlət Konqresi Nümayəndələr Palatasının spikerinin dediklərinə də münasibət bildirdi:
"Deyir ki, Türkiyə keçmişinə görə hesabat verməlidir. Əvvəla, Türkiyənin keçmişinə görə utanmalı məqamı yoxdur, dəfələrlə bəyan edib ki, bu işi tarixçilərin öhdəsinə buraxaq. Əgər Türkiyə hesabat verməlidirsə, onda hinduların qırılmasına, Əfqanıstan və İraqda qırılan mülkilərin, Qarabağda qırılanlarla bağlı da hesabat verilməlidir. Qəribədir, deyirlər ki, Türkiyə Dağlıq Qarabağ şərtindən keçməlidir. Türkiyə sizi beynəlxalq hüquqa dəvət edir. Əvəzində isə Konqres onlara bu qədər təsir edir. Bu məsələ bir daha göstərdi ki, dünya BMT tərəfindən yox, özünü "derjava" hesab edən bir neçə ölkə tərəfindən idarə olunur".
Vitse-spiker Amerikanı "mərdi qova-qova namərd edən" adlandırdı. Dedi: "Bir tərəfdən demokratiya, insan hüquqlarından danışırlar, əməldə isə buna məhəl qoymurlar". Əsgərov hər kəsi Azərbaycan prezidentinin bəyanatını dəstəkləməyə çağırdı.
Emosiya lazımdır...
Zahid Oruc Azərbaycanı emosiya ilə hərəkət etməyə çağırdı: "Gələcəkdə Amerika bizə daha böyük zərbə vura bilər deyə, ehtiyatlı davranmamalıyıq. Biz nə etsək, elə emosiyalı halımızda edə bilərik. Biz Türkiyənin yanında olmalıyıq. Həm özümüzün, həm də Türkiyənin maraqları naminə".
Amerikanı bir ovuc erməni lobbisi idarə edir?
Spiker Oqtay Əsədov ABŞ prezidenti Barak Obamanın seçildiyi ilk müddəti xatırlatdı:
"Onda erməni lobbisi onun qarşısında məsələ qaldırmışdı ki, "genosid" sözü işlətməlidir. Obama bunu etmədi. Elə həmin günü ABŞ Konqresinin bir qrup deputatı Obamaya açıq məktub yazdı ki, əgər siz ermənilərə verdiyiniz sözü tutmasanız, gələn seçkilərdə Kaliforniyadan dəstək almayacaqsınız. Gülünc məsələdir - o boyda Amerika dövlətinin siyasətini yönəldən bir erməni lobbisidir? Buna inanmaq istəmirəm".
Oqtay Əsədov Amerika dövlətinin, prezidentinin və xalqının müdrik addım atacağına, Konqresdə bu qanunun qəbulunun qarşısını alacağına ümid etdiyini dedi.
Oqtay Əsədov həmçinin deputatları amerikalı konqresmenlərlə əlaqələri gücləndirməyə çağırdı: "Həm Türkiyə, həm də Azərbaycan parlamentariləri Amerikaya gedib məsələnin məğzini izah etməlidirlər. Özü də ən böyük erməni lobbisi olan ölkələr Amerika, Fransa və Rusiyadır. Gör, bu lobbi Konqresi qərar qəbul etməyə məcbur edirsə, onda bizim Minsk Qrupuna inamımız nə dərəcədə olmalıdır? Bunun üzərində işləmək və çalışmaq lazımdır. İnanıram ki, Amerika dövləti bir ovuc lobbinin hesabına öz müttəfiqini itirmək istəməz. İnanmaq istəyirəm ki, bu həddə gəlib çatmayacaq".
Bahar Muradova isə elə iclasdaca deputat qrupu yaradılmasını və ABŞ Konqresinə etiraz məktubu hazırlanmasını təklif etdi: "Bunu bizdən bütün ictimaiyyət gözləyir".
Spiker də xanım deputatın fikri ilə razılaşdı və fasilədə bu barədə müzakirə aparılacağını söylədi. Parlament iclasının ikinci hissəsində ABŞ Konqresinə göndərilməsi üçün etiraz bəyanatını hazırlayacaq işçi qrup yaradıldı. İşçi qrupun sədri Səməd Seyidov, üzvləri Qənirə Paşayeva, İqbal Ağazadə, Məlahət İbrahimqızı, Zahid Oruc, Mübariz Qurbanlı, Əli Hüseynov, İkram İsrafildir.
|
|
|
Oxşar xəbərlər:
Obama Xamneyiyə ikinci bir məktub göndərib
Milli Məclis ABŞ-a etiraz bildirəcək
Milli Məclis Avropa Parlamentinə etiraz etdi
Parlament bu illik işini bitirdi
Azərbaycan hökuməti çox tələsik və qərəzli cavab verib?
|
|
|