çap et  
Əli Əhmədov: "Bu, ədalətsiz və əsassız qətnamədir"
Əli Əhmədov: "Bu, ədalətsiz və əsassız qətnamədir"
YAP Amerika Konqresinə etiraz etdi
Şənbə, 06.03.2010

Fərəh

Yeni Azərbaycan Partiyası ABŞ Dövlət Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib. Bu haqda jurnalistlərə YAP-ın icra katibi, deputat Əli Əhmədov məlumat verdi. Onin sözlərinə görə, YAP bu sənədi ədalətsiz və heç bir əsası olmayan qətnamə sayır:

"Bu qətnamə tarixi həqiqətin təhrif olunması və ədalət prinsiplərinin ən kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Biz öz müraciətimizdə açıq şəkildə bildirmişik ki, bu qərar Azərbaycana dost və qardaş olan Türkiyənin maraqlarına qarşı yönəlməklə yanaşı, eyni zamanda Azərbaycanın maraqlarına qarşı çevrilmiş bir qərardır. Qeyd etmişik ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsində rəsmi Ankaraya təzyiq göstərmək məqsədi güdən belə bir qərarın qəbul olunması əslində mahiyyət etibarilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə həllinə qarşı yönəlib. Əslində sərhədlərin açılması üçün ən mühüm və vacib şərt - sərhədin bağlanmasına səbəb olan erməni işğalının aradan qaldırılması ola bilər".

Əli Əhmədov ABŞ Konqresinin bu məsələdə Türkiyənin əleyhinə getməsindən təəssüfləndiyini dedi:

"Bu, ATƏT Minsk Qrupunun həmsədri kimi Amerikanın öz missiyasına etibarlı yanaşması məsələsinə çox böyük kölgə salır. Hesab edirik ki, ABŞ administrasiyası Konqresin, Nümayəndələr Palatasının beynəlxalq komitəsinin qəbul etdiyi düşünülməmiş addıma daha ağılla yanaşacaq və nəticədə qətnamə Konqres tərəfindən müzakirəyə çıxarılmayacaq".

Əli Əhmədov hesab edir ki, bu məktub YAP-la yanaşı, bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə edir. Odur ki, deputat digər partiyalar və siyasi təşkilatları da YAP-dan nümunə götürməyə çağırır.