çap et  
Tomas Hammerberqin Azərbaycana səfəri yekunlaşdı
Tomas Hammerberqin Azərbaycana səfəri yekunlaşdı
5 günlük səfərə dair hesabat yazda açıqlanacaq
Şənbə, 06.03.2010

İ.Telmanoğlu

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin Azərbaycana 5 günlük səfəri dünən başa çatdı. Onun səfərinin yekunlarına dair hesabat isə yazda hazır olacaq. Bunu qonaq dünən Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi.

Komissar səfər zamanı Azərbaycan prezidenti, ədliyyə naziri, daxili işlər naziri, xarici işlər nazirinin müavini, baş prokuror, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri ilə görüşdüyünü bildirib. Görüşlərdə Azərbaycanda söz azadlığının durumu, məhkəmə sisteminin və penitensiar sistemin fəaliyyəti, qeyri-hökumət təşkilatları ilə bağlı vəziyyət müzakirə edilib. Komissar bu müddətdə bir sıra istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinə baş çəkib, o cümlədən bloggerlər Emin Milli və Adnan Hacızadə, həbsdə olan "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb. Tomas Hammerberq bildirib ki, ötən 5 il ərzində jurnalist Elmar Hüseynovun qatillərinin tapılmadığına görə təəssüf hissi keçirir:

"Kədərləndirici haldır ki, cinayətin üstündən 5 il keçsə də, bu qətlin üzərinə aydınlıq gətirilməyib. Kütləvi informasiya vasitələrinin inkişafı üçün demokratiya və demokratik dəyərlərin inkişafı zəruridir. Hesab edirik ki, jurnalisti yazdığı yazılara görə həbs etmək olmaz. Jurnalistlər öz peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmamalıdır". Tomas Hammerberq jurnalist Eynulla Fətullayev və bloggerlərin işinin daim nəzarətdə saxlanacağını bildirib. Komissar həmçinin qeyd edib ki, fotomaterialların razılıq olmadan dərcinə qoyulan qadağa jurnalistlərin fəaliyyətinə və ümumilikdə söz azadlığına mənfi təsir göstərəcək.

Səfər zamanı Naxçıvan Muxtar Respublikasına da baş çəkdiyini deyən komissar rəsmi şəxslər və ombudsmanla görüş keçirdiyini, həmçinin Bənənyar kəndinə getdiyini bildirib. Bənənyara getməkdə heç bir problemlə üzləşmədiyini deyən Hammerberq buna rəğmən oradakı durumu dəyərləndirməkdən imtina edib:

"Bunun üçün mən daha çox informasiya toplamalıyam ki, mənzərə mənim üçün tam aydın olsun. Yalnız bundan sonra Bənənyarda baş verənlər barədə fikir söyləyə bilərəm" (APA).

Martın 3-də bir günlük səfərlə Hammerberq muxtar respublikada fəaliyyət göstərən müstəqil jurnalistlər və QHT nümayəndələri ilə, habelə Ali Məclisin sədri ilə görüşüb. я Bakıda Hammerberq son görüşünü dünən AŞ Bakı ofisində keçirib. "Turan"ın məlumatına görə, görüşdə "Azadlıq" qəzetinin icraçı direktoru Azər Əhmədov, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı iştirak ediblər.

Hammerberq bildirib ki, Azərbaycan rəhbərliyi ilə KİV-in problemləri və bu sahədə vəziyyət haqqında söhbət edib. O, diffamasiya məsələsinə xüsusi diqqət yetirib. "Rəsmilər bildiriblər ki, diffamasiya haqqında qanun layihəsi artıq parlamentə təqdim edilib və bu il beynəlxalq qurumların istəyi nəzərə alınmaqla layihəyə baxılacaq".

Komissar qeyd edib ki, Avropa Şurası ölkələrində jurnalistlər yaradıcılığına görə azadlıqdan məhrum edilməməlidir.

"Əlbəttə, bu o demək deyil ki, jurnalistlər qanun pozuntusuna görə məsuliyyət daşımamalıdır, amma cəza belə sərt olmamalıdır", - deyə o bildirib.

Avropa Şurasının nümayəndəsi bildirib ki, rəsmilər Azərbaycan jurnalistlərinin peşəkarlıq səviyyəsinin aşağı olmasından şikayətlənir. Onların fikrincə, bir çox problemləri məhz bu yaradır.

Görüş zamanı "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, jurnalistlərə qarşı fiziki və mənəvi təzyiq, mətbuatın iqtisadi vəziyyəti, informasiya əldəetmə azadlığı, jurnalist etikası və peşəkarlıq məsələləri müzakirə olunub.

Hammerberqə media sahəsində real vəziyyət haqqında məlumat verilib və o, qoyulmuş suallara ətraflı cavablar alıb.

Sonda bildirib ki, onun səfəri haqqında hesabat və tövsiyələri, xüsusən mətbuat sahəsində məsləhətləri Azərbaycan hökumətinə təqdim ediləcək.