Efirdə gedən anonslardan bəlli olduğu kimi, "Bu şəhərdə" 8 Mart Qadınlar bayramı ərəfəsində yeni yumoristik proqramla çıxış edəcək. Əvvəlcə iki gün nəzərdə tutulan konsertin biletləri sürətlə satıldığından çıxış günlərinin sayı iki gün də artırılıb. Yəni onlar 5,6,7 və 9 mart tarixlərində Heydər Əliyev Sarayında səhnədə olacaqlar. "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasovun açıqlamasına görə, əvvəlcə konsertin tarixi bir gün artırılmışdı. Bunun da biletlərinin dərhal satıldığını nəzərə alan heyət fiziki güclərini artıraraq daha bir gün də çıxış edəcəklərinə qərar veriblər.
Proqrama bir sıra yeni səhnələr əlavə edilib. Müşfiq Abbasov proqramın daha çox bayram ab-havasına köklənəcəyini bildirir. Söhbət əsnasında öyrəndik ki, aktyorlar Rəfael İsgəndərov və Coşqun Rəhimovun hədəfləri sırasında bu dəfə də sənət adamları olacaq. Aktyorlar müğənni Firuzə İbadova və Cavanşir Məmmədovu, Eyyub Yaqubovu yamsılayacaqlar. Eyni zamanda, telelayihələrdən "Günə baxan", "Toylar kraliçası" "Bu şəhərdə"nin hədəfinə çevriləcək. Prodüser Müşfiq Abbasov bildirdi ki, onların verilişlərə toxunmağının arxasında heç bir qərəz dayanmır. Sadəcə, həmin verilişlər reytinqli olduğundan onlarda buna yumor qatmaq ideyası yaranıb.
|