çap et  
"Eurovision" təmsilçimiz bu gün Ukraynaya yola düşür
"Eurovision" təmsilçimiz bu gün Ukraynaya yola düşür
Sənətçi orada kurs keçəcək
Şənbə, 06.03.2010

Xatun

Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adı bəlli olub. "Yeni ulduz" mahnı müsabiqəsinin yetirməsi olan Səfura Əlizadə ilə birlikdə müsabiqənin Azərbaycan üzrə heyətinin rəhbəri Adil Kərimli mətbuat konfransı keçiriblər.

Müsabiqənin Azərbaycan üzrə heyətinin rəhbəri Adil Kərimli ilk öncə bəzi nüansları açıqlayıb. O deyib ki, bəzi söz-söhbətlərə rəvac verəcək elə bir fakt yoxdur. Onun sözlərinə görə, seçim zamanı Münsiflər Heyətinin peşəkar rəyi, obyektivlik əsas götürülüb. Heyətin rəhbəri qeyd edib ki, martın 18-nə qədər Səfurə Əlizadənin oxuyacağı mahnı dəqiqləşəcək və daha sonra bu mahnıya klip çəkiləcək. Klipi hansı şirkətin çəkəcəyi də həmin vaxt məlum olacaq.

Adil Kərimli xarici mahnıların səslənməsinə də münasibətini açıqlayıb: "Biz bəstəkarlarımızın öz əsərlərini təqdim etməsi barədə elan vermişdik. Ancaq heç bir bəstəkarımız tərəfindən əsər təqdim olunmayıb. Ona görə də xarici bəstəkarların əsərləri seçilib. Bu, bizim bəstəkarların peşəkarlıq səviyyəsinə şübhə ilə yanaşmağa əsas vermir. Amma kimsə çıxıb deyə bilməz ki, mən öz əsərimi təqdim etdim, müəllif azərbaycanlı olduğuna görə əsər seçilməyib".

Adil Kərimli bildirdi ki, bu gün Səfurə Əlizadə Ukraynaya yola düşəcək və bu ölkədə kurs keçəcək:

"Mahnının yazılışı İsveçdə olacaq. Səfurə Əlizadənin müsabiqədə hansı geyimi geyinəcəyi və digər məsələlərlə bağlı da bu yaxınlarda açıqlama veriləcək".

Səfurə Əlizadə isə seçim turunda qalib olmasının bir az etirazla qarşılanmasına münasibət bildirdi:

"Bu, normal münasibətdir. Hər kəsin şəxsi fikri var. Ola bilər ki, məni kimsə bəyənsin, kimsə bəyənməsin".