![]() |
çap et |
|
|||
Yanvar və fevralda kəskin hava şəraitinin Bakının və ölkənin əksər bölgələrində infrastruktur və kommunal təsərrüfatında ciddi problemlər yaratdığını gördük. Enerji, qaz, istilik təchizatı, nəqliyyat və kommunal xidmətlərdə yaranan problemlər ölkə insanının həyatına təsir etdi. Qarlı günlərdə 2 nəfər çovğundan həlak oldu, 60 nəfərdən çoxu müxtəlif xəsarətlər aldı. 50-dək avtomobil qırılan ağacların altında qaldı... Adamlar işıqsız, susuz, istiliksiz, nəqliyyatsız qaldı. Bütün bunlar ictimai diqqəti bir daha ölkənin infrastruktur problemlərinə yönəltdi və aidiyyəti qurumların bir sıra suallara cavab verməsini aktuallaşdırdı.
Yəqin havaların yaxşılaşdığını müşahidə edənlər mövzunu yenidən aktuallaşdırmağı o qədər də məqsədəuyğun saymaz. Amma məsələ ondadır ki, eyni proseslər Bakıda hər il təkrarlanır. İki gün aramsız yağışlar yağanda paytaxt küçələrinin böyük gölməçəyə çevrildiyi, avtomobillərin suyun içərisində qaldığı, ötən qışda da qarın eyni problemləri yaşatdığını yəqin ki, çoxları unutmayıb. Hər il yolların çəkilişinə və digər infrastrukturların qurulmasına, yenilənməsinə milyonlarla vəsait ayrılır. Soyuq günlərdə təchizatçı idarələrin yamaqları açıq-aydın göründükdə bu pulların hara xərclənməsi haqqında ortaya çoxlu suallar çıxır. Ölkənin infrastrukturu niyə bu kökdə olmalıdır ki?! 10 sm qarın qüdrəti Bəlli məsələdir ki, enerji sektoru ölkədə ən çox investisiya qoyulan sahələrdəndir. Belə ki, 2005-2009-cu illərdə dövlət büdcəsindən yeni istehsal güclərinin yaradılmasına 440 milyon manat, paylayıcı şəbəkələrin yenidən qurulmasına isə 350 milyon manat vəsait yönəldilib. Xarici kreditlər hesabına enerji sektoruna 700 milyon dollar yönəldilib. İqtisadçı Rövşən Ağayev deyir ki, bu qədər vəsaitin ayrılmasına baxmayaraq, 10 sm qar yağan kimi bütün ölkə qaranlığa qərq olur. Başqa bir məsələ: son illər Azərbaycanda enerji istehsalı azalıb. Belə ki, 2007-ci ildə ölkədə 21,4 mlrd. kv/saat, 2009-cu ildə isə 17,8 mlrd. kv/saat elektrik enerjisi istehsal olunub. Bu isə 17 faizlik azalmadır. İqtisadçı Ağayev diqqəti rəqəmlərə yönəldir: "İstehsal azalsa da, bu illərdə hökumət yeni istehsal güclərinin yaradılmasına iri həcmli vəsaitlər xərcləyib. Nəticədə 2007-ci ildə 5 min MVT olan enerji istehsal gücü 2009-cu ildə 6300 MVT-a çatıb. Yəni 26 faiz artıb. Bu dövrdə ölkə üzrə ev təsərrüfatlarının enerji istehlakı da 11 faiz azalıb. Əgər ölkədə enerji istehsalı və istehlakı ildən-ilə azalırsa və zəruri hallarda istehsal olunan enerjini istehlakçılara çatdırmaq üçün infrastruktur yoxdursa, onda yeni güclərin yaradılmasına nə ehtiyac var?" Nəqliyyat sahəci son illərdə dövlət büdcəsindən ən çox vəsait alan istiqamətdir. 2005-2009-cu illərdə Nəqliyyat Nazirliyi xəttilə bu sahəyə 2 milyard 631 milyon manat vəsait yönəldilib. Bu vəsaitin bir sıra xərclənmə istiqamətlərini biz görürük - yollar, körpülər və sair. Amma kiçicik fövqəladə vəziyyət yaranan kimi, hava şəraiti kəskinləşən zaman o yollar və körpülərdə hərəkət bütünlüklə dayanır. Bakı şəhərində nəqliyyatın hərəkətinin intellektual idarəolunması sahəsində bir layihə həyata keçirilir və 2008-ci ildə dövlət büdcəsindən bu istiqamətə 26 milyon manat yönəldilib. Amma qar və yağışlı havalarda Bakıda nəqliyyatın hərəkətinin necə idarəolunmaz hala gəldiyini hamımız görürük. Qaz, istilik və kommunal xidmətlər sahəsinə gəldikdə, ekspert Azər Mehdiyev deyir ki, bu istiqamətlər üzrə dövlət strukturlarından verilən məlumatlar çox məhdud olduğundan təhlillər aparmaq çətindir. Lakin ümumi də olsa, verilən məlumatlar göstərir ki, bu sahələrə də dövlət hesabına vəsait qoyuluşları illər üzrə artan dinamika nümayiş etdirir. Bakıda neçə çoxmərtəbəli bina var? 2005-2009-cu illər dövründə Bakının mərkəzləşdirilmiş qaydada istilik təminatı sisteminin yaxşılaşdırılmasına dövlət büdcəsindən təqribən 72,0 milyon manat sərf edilib. Hazırda Bakı şəhərində 2285 çoxmərtəbəli bina, 179 orta məktəb, 148 uşaq bağçası, 75 səhiyyə müəssisəsi və 156 digər sosial obyekt mərkəzləşmiş qaydada istiliklə təmin olunur. Azər Mehdiyev: "Maraqlıdır ki, heç bir dövlət qurumundan Bakıda neçə çoxmərtəbəli bina olduğuna dair məlumat almaq mümkün olmur (?!). Buna görə də istiliklə təchiz olunan binaların ümumi sayda payını müəyyənləşdirə bilmirik. Lakin üzdə olan mənzərə göstərir ki, Bakıda binaların böyük əksəriyyəti hələ də istilik üzünə həsrətdir". Son illərdə su təchizatına xeyli vəsaitlərin yönəldilməsinə rəğmən, nəzərəçarpacaq bir dəyişiklik müşahidə edilmir. 2007-2008-ci illərdə istehlakçılara verilən suyun həcmi cəmi 0,1 milyon kubmetr artıb. 2007-də 363,7 milyon kubmetr, 2008-də isə 363,8 milyon kubmetr. Abunəçilərin sayında da cüzi bir artım var. İstehlakda artım bu qədər cüzidirsə, bəs rəsmi strukturların elan etdiyi yeni kəmərlər, anbarlar, kollektorlar nə üçün yaradılıb?! Azər Mehdiyev mövcud vəziyyətin yaranmasına gətirib çıxaran səbəbləri də açıqlayır. Onun fikricə, səbəb - müvafiq qurumlar üzrə səlahiyyət və məsuliyyət dairəsinin dəqiq təyin edilmədiyi, onların arasında əlaqələndirilmiş iş sisteminin qurulmadığıdır. Bununla yanaşı, vətəndaşlar qarşısında məsuliyyətliliyin və hesabatlılığın olmadığı da danılmaz faktdır. İctimai vəsaitlərin istifadəsində şəffaflıq, hesabatlılıq və səmərəliliyin gözlənilmədiyi də sadalanan problemlərin yaranmasında az rol oynamır. İslahatların həyata keçirilmədiyi, xüsusilə əks-mərkəzləşmənin və rəqabət mühitinin təmin edilmədiyi də təsiredici amillər sırasında önəmli yer tutur. "Hər iki orqan deyir ki, bizim rəqəm düzdür" Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, 2008-ci ildə qaz hasilatı ilə bağlı ARDNŞ, birgə müəssisələr, əməliyyat şirkətləri və bp-nin məlumatlarını toplayıb, onları Dövlət Statistika Komitəsinin məlumatları ilə müqayisə edəndə 641 milyon kubmetr fərq yaranır. Yanvar ayının 12-də "Azərenerji" 2009-cu il üzrə öz istehsal göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, Azərbaycanda 18,6 milyard kv/saat elektrik enerjisi istehsal olunub. Statistika Komitəsinin yanvarın 17-də açıqladığı məlumatda isə 17,8 milyard kv/saat elektrik enerjisinin istehsal olunduğu bildirilir: "Hər iki orqan deyir ki, bizim rəqəm düzdür". Sadə hesablama aparaq. Yuxarıda qeyd etdiyimiz kimi, enerji sektoruna 440, 350 milyon manat, 700 milyon dollar, nəqliyyata 2 milyard 631 milyon və 26 milyon, istilik təminatının yaxşılaşdırılmasına 72 milyon manat ayrılıb. Beləliklə, bu sahələrə 4 milyard 219 milyon manat pul sərf edilib. Maraqlıdır, bu pullar hara xərclənib? Bu hələ mətbuata verilən rəqəmlərdir. Deməli, sistemin yaxşılaşdırılmasına vəsait ayrılmasında problem yoxdur. Problem pulların səmərəli və şəffaf xərclənməsindədir. Problem ondadır ki, hökumət ayırdığı pulların məqsədlərə görə xərclənməsinə nə özü nəzarət edir, nə də QHT-lərə bu işi etməsinə icazə verir. Neftdən gələn gəlirlər də beləliklə havaya sovrulur, daha dəqiqi, ayrı-ayrı məmurların daha da varlanmasına xidmət edir. İctimaiyyət isə, sadəcə, baxır və görür... |