çap et  
Zöhrab İsmayılov: "Əsas valyuta kimi dollar qalsın..."
Zöhrab İsmayılov: "Əsas valyuta kimi dollar qalsın..."
Ona görə ki, neftin satışı dollarla aparılır
Şənbə, 06.03.2010

Aynurə Əhmədova

Davos iqtisadi forumunda qlobal maliyyə böhranının ikinci mərhələsində şirkətlər deyil, dövlətlərin müflis olacağı barədə fikirlər, proqnozlar səsləndirildi. Əslində bu, gözlənilən idi. Dövlətlər şirkətləri düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün büdcədən böyük məbləğdə vəsaitlər ayırdılar. Nəticədə dövlətlərin sosial öhdəlikləri, yükləri artdı.

Azərbaycan hökuməti 2008-ci ildə böhran başlayarkən ciddi və nizamlı tədbirlər həyata keçirməsə də, antiböhran konsepsiyası hazırlamasa da, müəyyən tədbirlər görüldü. Məsələn, Mərkəzi Bank yerli banklara xarici kreditlərini qaytarmaqda yardım etdi, uçot dərəcələrinin aşağı endirilməsi ilə bağlı bir neçə dəfə qərar qəbul edildi. İpoteka kreditləri vasitəsilə tikinti sektoruna yardım cəhdləri göstərildi. Vergi sistemində də müəyyən dəyişikliklər edildi.

İkinci qlobal böhran dalğası artıq başlayıb. Azərbaycanı, bizləri nə gözləyir? sualı 2008-ci ildən bəri aktual olaraq qalır. Azad İqtisadiyyata Yardım Fondunun sədri Zöhrab İsmayılov beynəlxalq aləmdə səslənən fikirləri "Ayna"ya müsahibəsində şərh etdi.

- Qənaətimcə, Davos iqtisadi forumunda səslənən fikirləri islahatlara çağırış kimi qəbul etmək lazımdır. "Artıq şirkətlər deyil, dövlətlər iflasa uğrayacaq" fikrinin əsası var. Ancaq bu o demək deyil ki, bir müddətdən sonra böhran başlayanda Davos forumunda səslənən fikirlərin həqiqətə nə qədər yaxın olduğu barədə düşünməliyik. Söhbət ondan gedir ki, bir çox ölkələrdə struktur islahatlarını hələ də aparmırlar. Sosial xərclərə vəsait ayıran, resurslardan asılı ölkələr - Azərbaycan, Qazaxıstan və ərəb ölkələri bu səslənən fikirləri xəbərdarlıq kimi qəbul etməlidir. Bu ölkələrin struktur islahatları aparması vacibdir.

Forumda deyilənlərdən ciddi nəticəni Rusiya çıxardı. RF Maliyyə Nazirliyi islahatlara çağırışlar etdi və hazırda bu ölkənin iqtisadi siyasətində dəyişiklik müşahidə edilir. Həm dövlət şirkətlərinə edilən dotasiyaların məbləğinin azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Həmçinin təbii resurslardan asılılığı azaltmaq üzərində düşünülür.

- Başqa hansı ölkələr islahatlardan qaçır?

- Məsələn, Qazaxıstanda hökumət səviyyəsində müzakirələr aparılsa da, iqtisadiyyatın real sektorunda islahatların izi belə görünmədi. Qazaxıstan Azərbaycandan fərqli mövqe tutub. Bu ölkə istəyir ki, neftdən gələn gəlirləri çoxşaxəli iqtisadi inkişafa sərf etsin. Ancaq problem ondadır ki, səmərəlilik və rəqabətdə ciddi problemlər mövcuddur. İqtisadiyyatın şaxələnməsi naminə xərclənən pulların səmərəsi aşağıdır. Çünki ölkədə ciddi struktur islahatları aparılmır.

Avropa ölkələri arasında da sosial yükləri azaltmaq üçün islahatlar aparmayanları var.

Azərbaycanda da vəziyyət mürəkkəb olaraq qalır. Bizdə vəziyyət fərqlidir. Neft gəlirlərindən asılılıq var. Lakin neftin qiymətinin 70 dollar civarında sabitləşməsi problemləri arxa plana keçirdi. Əslində demək olar ki, ölkəmizdə hökumət 2008-ci il böhranının nəticələrinin aradan qaldırılması üçün heç bir iş görmədi. Fond bazarımız yoxdur. Valyuta bazarı da Mərkəzi Bankın nəzarətindədir. Elə bu səbəbdən 2008-ci ildə Azərbaycan dövləti 1 milyarddan çox vəsait itirdi. Mərkəzi Bank valyuta bazarının sabitləşməsinə 1,3 milyard dollar vəsait xərclədi. Valyuta məzənnələrinin dəyişmələrindən Dövlət Neft Fondu 600 milyon manatdan çox pul itirdi. Dövlət Neft Şirkətinin də itkiləri az olmadı.

Bəzən belə sözlər eşidirəm ki, ölkədə böhran olsaydı, təqaüdçülərin pensiyası, müəllimlərin maaşı kəsilərdi. Halbuki bizdə elə sektorlar var ki, məsələn, tikinti sahəsi böhranın təsirindən hələ də dirçələ bilməyib. Baxmayaraq ki, hökumət ipoteka ilə bu sektora yardım etməyə çalışırdı...

- Avropada təhlükə yoxdur?

- Bəlli olduğu kimi, 2008-2009-cu illərdə əsas proseslər Amerikada cərəyan etdi. İndi Amerika iqtisadiyyatı güclənir və növbə Avropanındır. Avropada sosial xərclər çoxdur və bu, problemlər yarada bilər. Məsələn, Yunanıstanda büdcə kəsiri yüksək həddə çatır. Yəni əslində "şirkətlər deyil, dövlətlər müflis olacaq" kəlməsi xəbərdarlıq formasını dəyişib. Bəzi Avropa ölkələrində bu proses başlayıb.

- Avronun məzənnəsinin aşağı düşməsinin də prosesdə rolu var?

- Əslində avronun kursunun aşağı düşməsi Avropanın işinə yarayacaq. Çünki bu zaman Avropa mallarının ixrac qiymətləri azalacaq. Amma mən nə vaxtsa, avronun və ya dolların bir valyuta kimi olmayacağı fikirlərini əsassız sayıram. Məsələ ondadır ki, Avrozona mövcuddur. Bu həm siyasi, həm də iqtisadi faktordur. Bu valyuatının böyük rolu qalacaqdır. Avronun məzənnə dəyişkənliyindən Azərbaycan kimi ölkələr əziyyət çəkir və çəkəcəkdir. Məsələn, vəsaitlərini dollarda, avroda və yaxud digər valyutada saxlamağı bilmir. Prosesi idarə edə bilmədiyindən tez-tez ziyana düşür. Manatın kursunu avroya və yaxud dollara bağlamağı və ya sabit saxlamağı, yumşaq devalvasiya getməyə konkert qərar qəbul edə bilmir. Bu bizim problemdir.

Avronun kursu düşəndən Avropa mallarının qiymətləri dollar etibarı, Yaponiya və Britaniya valyutasının ekvivalentində aşağı düşür. Bu, Avropa iqtisadiyyatı üçün vacibdir.

Amerika iqtisadiyyatı üçün isə əhəmiyyətli deyil. Çünki bu ölkə ixracatçı ölkə deyil. Daha çox ticarət kəsiri var. İdxalı ixracatından çoxdur. Sadəcə, etibar məsələsi var. Amerika valyutasının etibarlılığının Amerika iqtisadiyyatında rolu danılmazdır. Doğrudur, bir müddət dünyada dollara etibarsızlıq vardı. Bu, lokal xarakter daşıyırdı. Bir çox ölkələr valyuta ehtiyatlarını dolların qiyməti aşağı düşəndə də bu valyutada saxlayırdılar. Dollar qlobal valyutadır. Bu valyutanın qlobal olaraq qalmasına dair də heç kim qərar və ya sərəncam vermir. Tutalım, Azərbaycanın avtomobil bazarında əməliyyatların dollarla aparılmasına kim qərar verir? Bu, dolların məzənnəsi yüksək olanda da belə idi, indi də belədir və 20 il sonra da belə olacaq. Sadəcə, müəyyən dövrdə dollar dünyanın bir nömərli valyutasına çevrilib və ikinci valyuta yaratmaqla bunun qarşısını almaq mümkün deyil.

İranda, Dubayda, Hindistanda və ya İndoneziyada da dolları dəyişə bilirik. Yalnız Avropaya və onunla bağlı ölkələrə gedəndə avro yadımıza düşür. Təyyarə biletləri avro ilə göstərilsə də, əksər vaxtlarda ödəniş dollarla gedir. Duti Free məkanında qiymətlərin avro ilə müəyyənləşdirilməsinə gəldikdə deyə bilərəm ki, biz Avropaya yaxın olduğumuzdan bu qənaətdəyik. Avropadan kənara çıxanda alış-verişin dollarla getdiyinin şahidi oluruq. Avro heç vaxt dollara alternativ olmayıb və heç vaxt da olmayacaq.

- Məlumdur ki, Dövlət Neft Fondu vəsaitlərini müxtəlif valyutalarda saxlayır: avro, dollar, manat. Hökumətin tutduğu mövqe iqtisadi itkilərin azaldılmasında rola malikdirmi?

- Mən bu qənaətdəyəm ki, əsas valyuta olaraq dollar qalmalıdır. Əvvəla ona görə ki, neftin satışı dollarla aparılır. Niyə konvertasiyadan pul itirməliyik? Sadəcə, pul-kredit siyasətimiz olmalıdır. Bizi avro ilə dollar arasındakı kurs narahat etməməlidir. Bizi manatla avro, manatla dollar arasındakı münasibətlər narahat etməlidir. İqtisadiyyatda gedən proseslər valyutanın kursunda öz əksini tapmalıdır. Mərkəzi Bank kursu istədiyi səviyyədə zorla saxlamaqla çox şey itirir. Məsələn, ötən il 2 milyarda yaxın pul itirdik. Fikrimcə, bizi bu narahat etməlidir.

- Bəs onda əmanət saxlamaq üçün hansı pul vahidi əlverişlidir? Hökumət ötən ilin sonunda milli valyutanın bunun üçün ən məqsədəuyğun olduğunu bəyan etdi. Sözsüz ki, hökumətin bunda öz maraqları var. Bəs əhalinin maraqlarının müdafiəsi baxımından da bu belədirmi?

- Təbii ki, hökumətə sərf edir ki, əhali əmanətlərini milli valyutada saxlasın. Hətta gündən-günə dəyəri düşən valyuta sahibi olan ölkələr də əhaliyə başqa valyutada əmanət saxlamağı tövsiyə etməz. Amma ümumiyyətlə, bu mövzuda müstəqil ekspert kimi mən də konkret fikir söyləməkdə çətinlik çəkirəm. Əmanətçilərə tövsiyəm odur ki, əmanət qoyduqları bankın faizlərinə diqqət yetirsinlər. Bankın etibarı, nüfuzu haqqında məsləhətçi şirkətlərdən məlumat əldə etsinlər. Bankın maliyyə vəziyyətini, öhdəliklərini öyrənmək daha məqsədəuyğun olardı.

Valyutanın məzənnəsinin dəyişməsi ilə gəlir əldə etmək fikri yanlışdır. Dolların məzənnəsi qalxanda, dollarla, avro yüksələndə avro ilə hesab açdırmaqla əmanətçilər uduzarlar. Yaxşı olar ki, faiz dərəcələrinə nəzər salsınlar.

- Qeyd etdiniz ki, Azərbaycanın vəziyyəti çox mürəkkəbdir. Çünki hökumət böhrandan çıxmaq üçün iş görmədi və neftin pullarına arxalandı. Əgər böhranın ikinci dalğası olarsa, bu dəfə də bank, tikinti sektorları iflasa uğraya bilərmi, işçilərin könüllü məzuniyyətə göndərilməsini müşahidə edəcəyikmi?

- Əslində böhran ölkədə indi də mövcuddur. Bu gün dövlət şirkətləri səmərəsiz fəaliyyət göstərir, qarşılıqlı borclar mövcuddur. Göstərdikləri xidmətlərin pulunu toplaya bilmirlər. Eyni zamanda şirkətlərin büdcə qarşısında öhdəlikləri var. Bundan başqa, aldıqları dotasiya səmərəsiz istifadə edilir. Bu, Azərbaycan üçün ciddi böhrandır. Sadəcə, neft gəlirləri büdcə ehtiyaclarını ödədiyindən bu məsələlər üzə çıxmır. Əgər neftin qiyməti təxminən 20 dollar aşağı düşsə, hər şey üzə çıxacaq. Neftin qiyməti 50-55 dollar olanda problemlərin şahidi olacağıq. Çünki iqtisadiyyatın bütün sektorlarına təsir edəcək.

Resursların azalması zamanı da bu problemlərlə üzləşəcəyik. Əgər dövlət şirkətlərində struktur islahatları aparılmazsa, bizləri çətin günlər gözləyir. Neftin qiymətinin səviyyəsi indiki kimi qalarsa, böhranı təbii ehtiyatlar azalanda hiss edəcəyik. Bu böhranın nəticəsi bizlər üçün çox pis olacaq. Yəni əslində dünyada böhran bitəndən sonra Azərbaycanda başlaya bilər.

Böhran başlayarsa, tikinti sektorunda vəziyyət daha da mürəkkəbləşəcək. Bu sektor olan-qalan imkanlarını itirəcək. Dövlət, neft şirkəti, büdcə ziyan çəkəcək. 2008-ci ildə böhran başlayanda bankların xarici borclarını qaytarmaqla bağlı öhdəlikləri var idi. Milli Bankın yardımı ilə banklar borclarını qaytardılar. Amma bu dəfə də banklar böhrandan yan keçə bilməyəcəklər. Məsələ ondadır ki, əksər banklar istehlak kreditlərinə söykəniblər. Böhran dərinləşərsə, onları qaytarmaq problemi də ortaya çıxa bilər.

- Yaxın gələcəkdə neftin qiymətinin düşməsi gözlənirmi?

- Əslində belə bir təhlükə realdır. Dolların avroya nisbətən kursunun yüksəlməsi, paralel olaraq neftin qiymətinin ucuzlaşması ilə müşahidə edilir. Neftin qiymətinin bugünkü səviyyəyə çatması ötən illərdə dolların qiymətinin azalması ilə bağlıdır. Dollar bahalaşdıqca neftin qiyməti düşəcək.

Əslində neftin mövcud qiymətində belə Dövlət Neft Şirkəti böhrandadır. 70 ABŞ dolları neft şirkətinin problemlərini həll etmir. Şirkət 2008-ci ildə başladığı bir çox layihələri nə 2009-cu ildə, nə cari ildə davam etdirə bildi.