![]() |
çap et |
|
|||
Azərbaycan kuboku uğrunda yarışda üç aylıq fasilə başa çatır. Turnirin sabah və birigün keçiriləcək 1/4 final mərhələsi maraqlı mübarizə vəd edir. Çempionatın təsnifat mərhələsindən sonra altılığa düşən komandalardan yalnız "Qəbələ" kubok yarışlarını tərk etdiyindən bütün diqqətini çempionata yönəldib. Qalan beş komanda - "İnter", "Xəzər-Lənkəran", "Qarabağ", "Bakı" və "Neftçi" iki cəbhədə vuruşmalı olacaq.
İlk altılığa düşə bilməyən üç komanda - "Simurq", "Olimpik-Şüvəlan" və "Standard" kubok oyunlarında sözlərini deməyə çalışacaqlar. Bu baxımdan "Simurq" - "Olimpik-Şüvəlan" matçı heç də az maraq kəsb etmir. Bu komandalar ölkə çempionatında mükafat qazanmaq şansını itirdiyindən avrokuboklara vəsiqəni yalnız kubok oyunlarında qazana bilərlər. Digər komandalarla müqayisədə "Bakı"nın kubokda işi nisbətən asandır. Hər halda son ölkə çempionunu autsayderlə sınaq gözləyir. "Bakı"nın "Standard"la cari mövsümdə oyunlarının çətin keçdiyini nəzərə almaq lazımdır. "Xəzər-Lənkəran" Premyer Liqanın ilk mərhələsindən sonra "Qarabağ"ı turnir cədvəlində qabaqlasa da, qızıl xallara görə rəqibindən geri qalır. "Xəzər-Lənkəran" ilk dövrədə məğlub olduğu Ağdamda növbəti oyununa çıxacaq. "Qarabağ"ı Lənkəranda çətin sınaq gözləyəcəyini nəzərə alsaq, öz meydanında mütləq qələbə qazanmalıdır. "Neftçi" ilə "İnter" dördhissəli tamaşanın ikinci pərdəsinə çıxacaq. Təqvim elə gətirib ki, paytaxt klubları 25 gündə 4 dəfə görüşməyə məcburdurlar. İlk duel çempionatın təsnifat mərhələsinin son turunda baş verdi və "İnter" "Neftçi"ni çətinliklə də olsa məğlub etməklə, baş məşqçi Vaqif Sadıqovu istefaya göndərdi. Bundan sonra "Neftçi" rəhbərliyi mövsümün sonuna kimi komandanı Arif Əsədov və Şakir Qəribova həvalə etdi. V.Sadıqovun köməkçilərindən baş məşqçi funksiyasını A.Əsədov daşıyacaq. 40 yaşlı mütəxəssis cari mövsümün əvvəlində iki turda bu məsuliyyəti daşıyıb. Azərbaycan kuboku, 1/4 final mərhələsi, ilk oyunlar: 6 mart 17:00. "Bakı" - "Standard"; 7 mart 14:15. "Qarabağ" - "Xəzər-Lənkəran"; 15:00. "Simurq" - "Olimpik-Şüvəlan"; 15:00. "Neftçi" - "İnter". |