Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 6-da M.F.Axundovun "Sərgüzəşti vəziri-xani-Lənkəran" pyesi əsasında eyniadlı tamaşanı təqdim edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dörd məclisdən ibarət komediyanın quruluşçu rejissoru teatrın baş rejissoru Cənnət Səlimova, musiqi tərtibatçısı xalq artisti Cahangir Cəfərovdur. Rəqslərin quruluşu Zakir Ağayev və Leyla Ağayevaya məxsusdur. Tamaşada müxtəlif maraqlı obrazları teatrın aktyorları - əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Lətifə Əliyeva, Leyli Vəliyeva, Gülər Nəbiyeva, İlqar Cahangirov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Kərim Hadızadə və başqaları ifa edirlər. İordaniyada Azərbaycan klassik musiqi gecəsi Azərbaycanın İordaniyadakı səfirliyinin binasında milli mədəniyyətimizin xaricdə təbliği məqsədi ilə klassik musiqi gecəsi keçirilib. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib. Gecəni giriş sözü ilə açan səfir Elman Araslı qonaqlara Azərbaycanın milli klassik musiqisinin tarixi, inkişafı, dünya şöhrəti qazanmış bəstəkarları və musiqiçiləri haqqında məlumat verib. Gecədə Azərbaycan musiqiçiləri - Anar İbrahimov (skripka), Teymur İbrahimov (skripka), İradə İbrahimova (arfa) çıxış edib və Azərbaycanın məşhur bəstəkarları Qara Qarayev və Zakir Bağırovun əsərləri ilə yanaşı, Antonio Vivaldinin, İohan Baxın əsərlərini ifa ediblər. Musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən diqqətlə dinlənilib, böyük maraqla qarşılanıb. Konsertdə İordaniya XİN məsul əməkdaşları, ölkədə akkreditə olunmuş səfirlər, İordaniya Krallığının siyasi-ictimai dairələrinin, mətbuatın, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Bakıda Şopenin 200 illiyi anılıb Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Polşa bəstəkarı Friderik Şopenin 200 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Polşa səfiri Kristof Krayevski bəstəkar Friderik Şopenin yalnız paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində tanınmasının və sevilməsinin çox sevindirici hal olduğunu bildirib. Polşalı pianoçu Stanislav Deya və azərbaycanlı pianoçu Nərmin Nəcəfli Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Şopenin fortepiano və orkestr üçün 1 və 2 saylı konsertlərini ifa ediblər. Tədbirdə Azərbaycan rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri dipkorpus təmsilçiləri iştirak ediblər. Konsertin təşkilatçıları Polşa səfirliyi və Mədəniyyət və Turizm Nazirliyidir. Tədbirə Heydər Əliyev Fondu və Polşanın Qiymətli Kağızlar Fabriki dəstək verib.
|