Luiza Hacıyeva-Dağıstanlı - yaxın keçmişimizin məşhur aktyoru, SSRİ xalq artisti İsmayıl Dağıstanlının ömür-gün yoldaşı - yüksək bədii zövqə, musiqi qabiliyyətinə, incə rəssamlıq duyumuna malik bir qadın imiş. Sovet dönəmində Luiza xanım kukla üzrə ilk rəssam kimi təqdim olunardı. Onun yaratdığı bir-birindən qəşəng və baxımlı kuklalar bədii sərgilərdə vaxtaşırı olaraq iştirak edərdi. Bir vaxt onun kuklaları tək Bakıda deyil, Moskva, Monreal, Sarayevo, Hanoy, Varşava kimi şəhərlərdə seyrçilərə təqdim olunmuşdu. Onun sənəti barədə qəzetlərdə, jurnallarda, radio və televiziyada söhbətlər açılardı. Kuklaların fotoşəkilləri təbrik açıqcalarında kütləvi şəkildə nəşr olunar, bədii fabrikdə onlar kütləvi şəkildə istehsal edilərək mağazalara qoyulardı.
Luiza Hacıyeva-Dağıstanlı həyatda yoxdur, lakin onun yaratdığı bu örnəklər qalır. Onun barəsində yazılmış məqalələr də saralmış qəzet səhifələrində hifz olunur. Və bu günlərdə qızı Lamiyə İsmayıl, nəvəsi Aytən Rüstəmzadə və Yusif Cəfərov Luiza Hacıyeva-Dağıstanlının bu özünəməxsus maraqlı yaradıcılıq işi barədə "Sənət aləmi" adlı bir kitab nəşr etdirmişlər.
Təbii ki, tərifəlayiq bir iş görmüşlər. Ən azı ona görə ki, Luiza Hacıyeva-Dağıstanlı onu tanıyanlara bir daha xatırladılır, bu günün insanına isə sanki bir yenilik kimi təqdim olunur. Bizim ölkədə də bu kimi orijinal sahəyə maraq göstərmiş bir rəssamın varlığı - keçmiş zamanda olsa da, xoş bir heyrət doğurmaya bilmir.
Rusca, azərbaycanca, ingiliscə yazılardan da göründüyü kimi, zamanında Luiza xanımın yaradıcılıq örnəklərinə sənətşünaslar tərəfindən yüksək qiymətlər verilmişdir.
Bu kuklalarda klassika və müasirlik var. Məsələn, "XVIII əsr Azərbaycan qadınlarının milli geyimi", "Xurşudbanu Natəvan", "Orta əsr Azərbaycan qadını", "XIX əsr qarabağlı xanım", "XVIII əsr şamaxılı xanım", "Şəki xanlığından bir xanım", "XVIII-XIX əsrlər Azərbaycan qızı" xalqımızın geyim mədəniyyətinin keçmişinə maraqlı bir ekskurs təsiri bağışlayır.
Bu qəşəng kuklaların arasında A.Ostrovskinin "Günahsız müqəssirlər"indən Neznamova, Cabbarlının Almaz və Sevilinə, "Arşın mal alan"dan Sultan bəy və Cahan xalaya, "Koroğlu"dan Koroğlu və Nigara, lətifələr qəhrəmanı Molla Nəsrəddinə, Məşədi İbada da rast gəlinir.
Süjetli kuklalar da gözəldir. "Mən sülhə səs verirəm", "Ana beşik başında", "Dəf və tar çalan iki qız", "Bulaq başından qayıdan qız", "Saz çalan qız", "Zeynəb Xanlarova", "Bayram xonçası aparan qız", "Çay yığan qız", "Musiqi üçlüyü, dəf, tar və kamança çalan qızlar" azərbaycanlı qadın və qızların zövqlü geyim mədəniyyəti, səviyyələri barədə əyani təsəvvür yaratmaqla, hər biri özlüyündə böyük bir incəsənət əsəridir.
|