çap et  
Orta əsrlərə aid qalıqlar aşkar edilib
Orta əsrlərə aid qalıqlar aşkar edilib
İçərişəhərdə qazıntı işləri aparılacaq
Şənbə, 06.03.2010

Xatun

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin tamamilə dəyişdirilməsi işləri həyata keçirilir. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, aparılan işlər zamanı bir sıra maraqlı artefaktlar aşkar edilib. Belə ki, Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxıb, həmçinin orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri aşkar olunub. Arxeoloji material içərisində saxsı qab qırıntıları və əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar çoxluq təşkil edir.

Xəbərdə bildirilir ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna müvafiq olaraq, tapıntılar aşkar olunduğu yerlərdə işlər dayandırılıb və Milli Elmlər Akademiyasına məlumat verildikdən sonra bir qrup tanınmış arxeoloq tərəfindən əraziyə baxış keçirilib. Milli-mədəni irsin öyrənilməsi işində arxeoloji axtarışların əhəmiyyətini nəzərə alaraq, bu ərazidə MEA Arxeologiya və Etnoqrafiya İnstitutu mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Aşkar edilmiş tapıntılar İçərişəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcək.