Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva silsilə konsert layihələri hazırlayır. Bu barədə müğənni ötən gün keçirdiyi mətbuat konfransında danışdı. Bildirib ki, bunlardan biri adi konsert salonlarında deyil, gəmi ilə uzaq ölkələrə səyahətə çıxmış insanlar üçün nəzərdə tutulub.
Opera ifaçısının sözlərinə görə, gəmi 12 mərtəbəli və 49 metr hündürlüyündədir və minlərlə insan tutumu var. İlk səfərini Dubaya edən gəmi heyəti, sərnişinlərini daha sonra Ərəb Əmirliklərinə və bir neçə maraqlı ölkələrə aparacaq. Bu zaman isə 180 nəfərlik tamaşaçı tutumu olan gəminin konsert salonunda Fidan Hacıyevanın klassik əsərlərdən ibarət konsert proqramı təqdim ediləcək. Gəmi ilə səfərləri çox sevən Fidan xanım konsert proqramına bu səbəbdən razılıq verib.
Bundan əvvəl isə müğənninin martın 17-də Opera və Balet Teatrında növbəti konsert proqramı təqdim ediləcək. Bu barədə danışarkən opera ifaçısı bunları qeyd etdi:
"Konsertin keçirilməsində məqsədim gənc opera ifaçılarını üzə çıxarmaqdır. Onlar hazırda Bakı Musiqi Akademiyasının 1-2-ci kurs tələbəsidir. Artıq opera səhnəsində sözlərini deyiblər. İstədim ki, konsert tamaşaçıları da onların istedadı ilə tanış olsunlar".
Müğənninin dediyinə görə, konsertin biletləri ucuz qiymətə satışa çıxarılıb. 15-25 manata satılan biletlər əsasən opera konsertinə pul xərcləyə bilməyən insanlar üçün nəzərdə tutulub:
"Dəfələrlə mənə yaxınlaşıb konsertimdə iştirak etmək istədiyini, lakin maddi durumunun buna imkan vermədiyini bildirən insanlar olub. Onların maddi durumunu nəzərə alaraq biletlərin satış qiymətini minimuma endirmişəm. Eyni zamanda, bir günlük konsertdə daha çox dəvətnamələr tərtib olunub ki, bunlar müəllimlərə və musiqi xadimlərinə paylanır" - deyə Fidan xanım bildirdi.
Növbəti yaradıcılıq işindən söz salan opera ifaçısı qeyd etdi ki, aprel ayından etibarən onun AzTV kanalında müəllifi olduğu "Harmoniya" verilişi yayımlanacaq. Bunun hər iki tərəfin ideyası olduğunu qeyd edən əməkdar artist verilişin əsasən Azərbaycan mədəniyyətini dünya xalqlarına təqdimetmə xarakteri daşıdığını bildirdi. Eyni zamanda verilişdə Bakıda akkreditə olunmuş diplomatik nümayəndələrin yaradıcılıq işlərinə də toxunulacaq.
Fidan Hacıyeva sonda bildirdi ki, konsertdən sonra o, Azərbaycan diasporunun Novruz bayramı münasibəti ilə Londonda təşkil edəcəyi böyük konsert proqramında iştirak edəcək.
|