çap et  
Magistraturaya qəbul imtahanları - regionlarda!
Magistraturaya qəbul imtahanları - regionlarda!
Bu ildən magistratura təhsil dövlət büdcəsi hesabına və ödənişli olacaq
Şənbə, 06.03.2010

Eldəniz

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarını regionlarda da keçirmək fikrindədir. Bu barədə TQDK sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, TQDK ali məktəblərin bakalavr pilləsinin I ixtisas qrupunun qəbul imtahanları kimi, magistraturaya qəbul imtahanlarının da regionlarda keçirilməsinin tərəfdarıdır: "Naxçıvanda qəbul imtahanları həmişə keçirilib. Digər bölgələrdə də imtahanların keçirilməsi sənəd qəbulu başlayandan, imtahanda iştirak edəcək kontingent formalaşandan sonra dəqiqləşəcək".

TQDK sədri qeyd edib ki, ictimaiyyətin qəbul prosesi ilə daha yaxından maarifləndirilməsi üçün həftəlik mətbuat konfransları ənənəsini bərpa edəcək. Onun sözlərinə görə, aprelin 10-dan hər həftənin beşinci günü TQDK-da qəbul prosesinin gedişi ilə bağlı mətbuat konfransları keçiriləcək.

M.Abbaszadə tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Dövlət Komissiyası "Magistr" jurnalının xüsusi buraxılışının 1-ci sayında 2010-2011-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydalarını nəşr edib. Jurnalda ümumi intellekt səviyyəsinin yoxlanması üzrə qəbul imtahanı proqramı və izahlı test tapşırığı nümunələri, xarici dillər, informatika, riyaziyyat üzrə qəbul imtahanı proqramları, açıq test tapşırığı nümunələri çap olunub.

TQDK sədri deyib ki, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılacaq. Qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlər üçün riyaziyyat) və xarici dili bilmə səviyyəsi yoxlanacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılacaqlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər. Bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək. Xarici dil kimi Azərbaycan bölməsi bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

TQDK sədri deyib ki, bu ildən etibarən ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

M.Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərin bakalavr və magistratura pillələrinə qəbul ölkə prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanına uyğun olaraq aparılacaq. Fərmana uyğun olaraq bu ildən magistraturada da təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla həyata keçiriləcək. Qəbul aparılacaq ixtisasların siyahısı və ixtisaslar üzrə qəbul planı isə martın 15-dək elan olunacaq.