Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
İİV daşıyıcılarına münasibət dəyişib
İİV daşıyıcılarına münasibət dəyişib
Odur ki, müvafiq qanun yenilənir
Şənbə, 06.03.2010

A.Akif mətn ölçüsü  

Ümumdünya Səhiyyə Təşkilatının gətirdiyi rəqəmə görə, dünyada hər gün 7400-dən artıq insan İİV-ə (insanda immunçatışmazlığı virusu) yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə İİV-ə yoluxmuş olanların sayı 2,7 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı isə 2,0 milyon olub. Ümumilikdə 2008-ci ildə dünyada İİV-lə yaşayan insanların sayı 33,4 milyon təşkil edib ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da İİV daşıyıcılarının sayı artır. 2009-cu ildə 455 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə isə Respublika QİÇS-lə Mübarizə Mərkəzində 2264 nəfər qeydiyyatdadır. Sözsüz ki, artım təhlükəli bir tendensiyadan xəbər verir. Ona görə də Azərbaycanda QİÇS-lə mübarizə tədbirləri daha da sürətləndirilməlidir.

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycanda təkcə 2009-cu il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 62,2%-i, ümumilikdə isə 1987 - 01.01.2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

"12 addım" prinsipi

Ümumdünya Səhiyyə Təşkilatı və BMT Baş Assambleyası İİV-lə mübarizə ilə əlaqədar "12 addım" adlı yeni prinsiplər qəbul edib. Və bütün dünya ölkələrinə də bu prinsiplərə riayət tövsiyə edilib. Ən birinci şərt odur ki, İİV-li xəstələrə qarşı diskriminasiya aradan qalxmalı, onlar cəmiyyətin bərabərhüquqlu üzvləri sayılmalıdır.

Məsələ ondadır ki, uzun illər İİV daşıyıcılarına münasibət pis olub. İİV virusunun aşkar olunduğu 1981-ci ildən ötən yüzilin sonuna qədər olan vaxtda bu - bəşəriyyətin sonunu gətirən bir xəstəlik sayılıb. O zaman İİV-ə qarşı belə bir xof var idi. Buna səbəb ilk dövrlərdə insanlarda bu virus ilə bağlı dəqiq məlumatları olmayıb. Eyni zamanda, infeksiyanın qarşısının alınmasının mümkün olmadığı barədə deyilənlər də xofu artırırdı. Odur ki, ilkin mərhələdə İİV-li xəstələrə çox kəskin, izolyasiyaedici münasibət olub. Azərbaycanın İİV-lə mübarizəyə dair mövcud qanunu da məhz həmin yanaşma ilə 1996-cı ildə qəbul olundu. Bu qanun 19 maddədən ibarət idi və əsas istiqamət beləydi ki, cəmiyyət İİV xəstələrindən izolyasiya olunsun.

Bu virusun əsas zərərli cəhəti odur ki, insanın immun sistemini sıradan çıxarır və nəticədə insan istənilən infeksiyadan dünyasını dəyişir. Çünki insanın immun sistemi sıradan çıxıbsa, o ən adi qrip virusundan, anginadan, pnevmoniyadan dünyasını dəyişə bilir. Ancaq son vaxtlar immun sisteminin müəyyən itirilmiş funksiyalarını bərpa edən dərmanlar yaradılıb.

Odur ki, XXI əsrin əvvəllərində bu xəstəliyə və xəstəliyin daşıyıcılarına münasibət dəyişib. Dünyada "antiretrovirus" preparatları deyilən dərmanlar kəşf olunub. İndi həmin dərmanların artıq dördüncü nəsli tətbiq olunur və bu dərmanlar İİV virusunun istənilən mərhələdə inkişafını ləngitmək xarakterinə malikdir.

Yeni qanun yazda müzakirəyə çıxarılacaq

İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklə bağlı qanun layihəsi parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsinin bu virusa yoluxmuş xəstələrin müalicəsində və profilaktikasında xüsusi rol oynayacağı gözlənilir.

Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, tibb elmi sübut edib ki, İİV-lə yoluxma riski o qədər də böyük deyil. Yoluxma ancaq insandan insana - cinsi, qanköçürmə yolu ilə anadan uşağa keçə, bir də ki, xəstə şəxsin qanı ilə təmasda olarkən yarana bilər:

"Bu şərtlərə yaxşı əməl etsə, heç kim virusa yoluxmaz. İkinci tərəfdən, bu infeksiyaya yoluxan insanların 15 ildən artıq əmək qabiliyyətini bərpa edən dərmanlar mövcuddur. Bu dərmanlar artıq Azərbaycanda da tətbiq olunur. Məhz bunlar bizi vadar etdi ki, mövcud qanunu təzədən işləyək".

Yeni qanunvericilik aktında İİV-li xəstələrin cəmiyyətə inteqrasiyası, onlara qarşı diskriminasiyanın yolverilməzliyi, əmək, sosial müdafiə, sağlamlıq və digər hüquqlarının tamamilə tanınması başlıca istiqamət kimi götürülür. Bu sənəddə baş istiqamət kimi profilaktika və dövlət təminatları nəzərdə tutulur.

Əsas məsələlərdən biri kimi dövlət tibb müəssisələrində bu xəstələrin hamısının pulsuz müayinə və müalicə olunması, o cümlədən "antiretrovirus" preparatlarla pulsuz təmin edilməsidir. Dövlət proqramı şəklində bu təminatların həyata keçirilməsi önə çəkilir.

Yeni qanunda digər məqam İİV virusunun Azərbaycanda yayılmasının əsas yolları sayılan "venadaxili" narkomanlarla işin daha ciddi və düzgün aparılmasıdır. Layihə cəzaçəkmə yerlərində olan şəxslər arasında yayılmanın qarşısının alınması yönündə profilaktik tədbirlərin reallaşdırılmasını, o cümlədən "zərərin azaldılması" proqramlarının tətbiqini, miqrantlarla bağlı müvafiq işləri və s. əhatə edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Dənizçi, yoxsa kölə?
Azərbaycanlı dənizçilərin fəlakətli həyat hekayətləri

Miqrantlar statistik zərrəbin altında
Seçmə müayinə maraqlı təfsilatları üzə çıxarıb

Magistraturaya qəbul imtahanları - regionlarda!
Bu ildən magistratura təhsil dövlət büdcəsi hesabına və ödənişli olacaq

Xəstə insanların sayı artır
Mənzərəyə baxış



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər