 |
Azərbaycanlı dənizçilərin fəlakətli həyat hekayətləri
Şənbə, 06.03.2010
|
|
"Bakıda bəzi adamlar Xəzər Dəniz Gəmiçiliyinin, yaxud ARDNŞ Gəmiçiliyinin yan-yörəsində gəzir, dənizçiləri tovlayıb xaricə aparırlar. Nəticədə işlədikləri şirkətlərdən işədüzəltmə müqabilində faiz alırlar. Azərbaycan dənizçiləri xaricə yüksək maaş adı ilə gedir, amma ciblərindəkini də orada qoyub qayıdırlar".
Bu fikirləri dünən, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) rəisi Aydın Bəşirov keçirdiyi mətbuat konfransında səsləndirib. APA-nın məlumatına görə, idarə rəisi azərbaycanlı dənizçilərin xarici sularda üzləşdikləri problemlər və bu problemləri doğuran səbəbləri maraqlı faktlarla açıqlayıb.
6 ay işlədib, 3 ayın pulunu verirlər
Aydın Bəşirovun sözlərinə görə, xaricə işləməyə gedən dənizçilər orada 3 aylıq müqavilə bağlasalar da, onları 5-6 ay işlədir, 3 ayın pulunu verirlər. Onların çoxunu isə elə gəmilərə göndərirlər ki, həmin gəmilərin sahibləri bəlli olmur:
"Məsələn, gəmi Malta və ya Banqladeş bayrağı altında üzür, sahibi isə Türkiyədə, İtaliyada, yaxud digər ölkədədir. Sonda çox zaman dənizçilərin gəmi şirkətlərinin sahiblərini məhkəməyə vermələrinin də nəticəsi olmur".
Xaricə gedənlərə bəzən nəinki maaş, heç geri qayıtmağa belə pul verilmədiyini qeyd edən A.Bəşirov İtaliyada, Sinqapurda geri qayıtmağa pul toplamaq üçün dənizçilərin bəzən dilənmək məcburiyyətində qaldıqlarını deyib:
"Bir il əvvəl 35 yaşlı dənizçi getdi xaricdə işləməyə, meyiti gəldi. O qədər olub ki, gəmilərdə özlərini asıblar, çoxundan heç xəbəriniz yoxdur".
A.Bəşirov bir çox azərbaycanlı dənizçinin xarici gəmilərdə saxta diplomlarla işlədiyini də qeyd edib:
"Bəzən xaricə saxta diplomlarla gedirlər. Motorçu hardansa, Batumidən, Ukraynadan 5-6 min dollar verib diplom alır və baş mexanik kimi çalışır. Ya bosmandır, ya matros, amma sertifikat alıb, gəmidə kapitan işləyir. Mən elələrini çox tanıyıram. Elə gəmi var ki, heyət iki yerə bölünüb. Heyətin 70%-i azərbaycanlılar, qalanı ukraynalılar və digər millətlərdir. Kapitan bilmir fırtınada gəmini necə qorusun".
Özümüzə dənizçi tələb olunur
XDG rəisi hazırda rəhbərlik etdiyi qurumda boş iş yerlərinin olduğunu, mütəxəssislərə ehtiyac duyulduğunu, işçilərə isə xaricdəkindən yüksək əməkhaqqı verdiklərini qeyd edib. Aydın Bəşirovun sözlərinə görə, Azərbaycanda gəmiçinin əməkhaqqı orta hesabla 1000 manata yaxındır. Daxili sularda üzən dənizçilər 3 gündən bir ailəsinin yanında olur, təqaüdə çıxdıqda yaxşı pensiya alırlar:
"İndi başqa variant tapıblar.
Gedib xaricdə işləyir, son 3 ili isə XDG-də işləyib buradan pensiyaya çıxmağa çalışırlar. Bu gün XDG-də bütün sahələr üzrə vakant iş yeri var. Gəlsinlər işləməyə, yaxşı peşəkardırsa, işə götürəcəyik. Saxta diplomlular isə işə götürülməyəcək. Çünki onlar gündə bir gəmi batıracaqlar".
İdarə rəisi Rusiya ilə Azərbaycan arasında aparılan danışıqlar barədə də açıqlama verib: "Biz təklif etmişik ki, birinci Rusiyanın daxili sularında üzmə haqqında saziş, sonra isə dənizçilik sahəsində saziş imzalansın. Rusiya tərəfi isə çalışır ki, dənizçilik sahəsində saziş ilk imzalanan sənəd olsun".
Gəmiçilik rəisi bildirib ki, hazırda Azərbaycan gəmilərinin Volqa-Don kanalından keçidi üçün yazışmalar aparılır.
Rəqəmlər
Dəniz vasitəsilə yük daşınmalarına gəlincə, XDG rəisi vurğulayıb ki, bu il 13,5 mln. tondan artıq yük daşınması proqnozlaşdırılır. Bu isə ötən illə müqayisədə 2,3% çoxdur. Proqnozlara görə, bunun 70-75%-ni neft və neft məhsulları, qalan hissəsini isə quru yükləri təşkil edəcəyi gözlənilir. Quru yüklərin artımı isə əsasən Azərbaycan üzərindən Əfqanıstan və Tacikistana göndərilən yüklərin artımı ilə bağlıdır.
Gəmiçilik rəisinin sözlərinə görə, Qazaxıstandan Azərbaycan vasitəsi ilə nəql olunan neft və neft məhsullarının həcmi artıb. Ötən il XDG tərəfindən 400 min tondan artıq Qazaxıstan nefti daşınıb: "Qazaxıstan tərəfinin bildirdiyinə görə, bu il Azərbaycan üzərindən göndərilən neftin həcmi artırılacaq".
Gəmiçilik rəisi xaricdən gəmi alınmasının dayandırıldığını bildirərək vurğulayıb ki, Azərbaycan gəmiqayırma zavodu istifadəyə verilənədək xaricdən gəmilər alınmasını dayandırıb və cari ildə XDG gəmi almayacaq:
"Bu gün bizə gəmi təqdim edənlər çoxdur. Hazır gəmilər də, inşası yarımçıq qalanlar da var ki, bu da dünya böhranı ilə əlaqədardır. Biz xeyiri elə Azərbaycanın özünə vermək niyyətindəyik. Gözləyirik ki, gəmiqayırma zavodu tikilsin və sifarişlərimizi bura verək. İlk olaraq biz bu zavodda Xəzər dənizi üçün 7-8 min tonluq tankerlər sifariş verməyi planlaşdırırıq".
Aydın Bəşirov son 7 il ərzində Gəmiçiliyin 14 yeni gəmi, o cümlədən 10 tanker, 1 quru yük daşıyan gəmi, 1 sərnişin gəmisi, 2 gəmi-bərə aldığını qeyd edib. Bu əsas vəsaitlərin alınmasına 202 395,6 min manat vəsait xərclənib ki, onlardan da 107 830,3 min manat Gəmiçiliyin öz maliyyə imkanları hesabına, qalan 94 565,3 min manat isə dövlət büdcəsi hesabına ödənilib.
Hazırda XDG-nin 80 əsas, 37 yardımçı gəmisi var. Gəmilərdən 9-u bərə, 42-si tanker, 28-i isə quru yük gəmisidir. XDG-nin gəmilərinin ümumi dedeyveti 520 700 ton təşkil edir.
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
"Buket" gəmisindəki azərbaycanlılar sərbəst buraxılıb
Antalya yaxınlığında gəmi saya oturub
|
|
|