çap et  
Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək
Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək
"Soyqırım cinayəti" adlı nəşr bu məqsəd üçündür
Şənbə, 27.02.2010

İsmayıl Umudlu

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının ən dəhşətli hadisəsi olan Xocalı faciəsinin 18-ci ildönümüdür. Azərbaycanlılara qarşı ermənilər tərəfindən onilliklər boyu törədilmiş digər bəşəri cinayətlər kimi, 26 fevral 1992-ci ildə ermənilərin törətdiyi Xocalı faciəsini də xalqımız unutmayacaq.

Xalqımıza qarşı erməni soyqırımının beynəlxlaq ictimaiyyətə tanıdılması üçün harada yaşamasından və məşğuliyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı əlindən gələni etməlidir. Soyqırımın tanıdılması - siyasi olmaqla yanaşı, həm də hüquqi bir məsələdir. Hüquqi İslahatlara Yardım Mərkəzi İB və "AZE Konsaltinq Qrup" da soyqırımın hüquqi aspektlərinin ictimaiyyətə çatdırılmasında, Xocalı faciəsinin, bütünlükdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımın beynəlxalq aləmdə tanıdılmasında hüquqi əsaslandırılmanı təmin etmək üçün faydalı bir iş görüb. "SOYQIRIM CİNAYƏTİ (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu)" adlanan bir nəşri ortaya çıxarmışdır.

Bu nəşrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar, müraciətlər və şərhlər toplanmışdır. Hesab edilir ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın hüquqi cəhətdən düzgün anlaşılması, əsaslandırılması və beynəlxalq aləmdə tanıdılması üçün bu nəşr hüquqi baza rolunu oynayacaq. Ondan siyasətçilər, ictimai xadimlər, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV əməkdaşları, hər bir soydaşımız ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın hüquqi əsaslandırılması üçün istifadə edə bilər.

Soyqırım - beynəlxalq cinayət kimi ilk dəfə 9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada (12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir) beynəlxlaq hüquqi qiymətini almışdır. Bununla ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulmuşdur. Azərbaycan parlamenti tərəfindən qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikası Qanunu 31 may 1996-cı ildə prezident Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu qanun 25 iyun 1996-cı ildə qüvvəyə minmişdir.

XIX yüzildən başlayaraq qəsbkar imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklər, cinayətlər məhz soyqırımı kimi qiymətləndirilməlidir.

Nəşrin elektron variantı www.legalreform.az; www.lrs.az saytlarında yerləşdirilmişdir. Kitab 2000 nüsxədə nəşr edilmişdir, pulsuz paylanır. Arzu edən hər şəxs Hüquqi İslahatalar Yardım Mərkəzinə və ya "AZE Konsaltinq Qrur"a müraciət edə bilər.