"Hər yerindən duran deyir ki, Qarabağ mövzusunda əsərlər yazılmır. Bu fikir kökündən yalandır". Bu sözləri xalq şairi Nəriman Həsənzadə deyir. Şairin sözlərinə görə, Qarabağ mövzusunda əsərlər yazılır, sadəcə olaraq, yazılanları oxumaq lazımdır:
"Ancaq bir həqiqət də var ki, nə qədər çox yazılsa da, yenə də azdır. Ədəbiyyatımızda Qarabağ hadisələri ilə bağlı şeirlə, nəsrlə yazılan bədii əsərlər yaranıb. Hətta qüvvətli, təsirli əsərlər də var. Belə əsərlər hələ bundan sonra da yaradılacaq. Qarabağ azad olunandan yüz il sonra da belə əsərlər yazılmalıdır". Nəriman Həsənzadənin fikrincə, Qarabağ mövzusunda əsərlərin yazılmasına baxmayaraq, onların auditoriyaya təqdimi ürəkaçan səviyyədə deyil:
"İndi təbliğat azdır. Qarabağ mövzusundakı əsərlərin təbliğatı zəif səviyyədədir. Bu əsərlərin olduqca geniş təbliğata ehtiyacı var. Qarabağla bağlı əsərlər nə qədər təbliğ olunsa da, azdır. Çünki ermənilərin təbliğat maşını o qədər güclüdür ki, biz ona çata bilmirik. Bir də ki, ən əsas məsələ bu kitabları oxumaq lazımdır. Əsər yazmaq bir tərəfə, elə etmək lazımdır ki, yazılan əsərlər də geniş auditoriyaya çıxa bilsin və oxunsun".
|