çap et  
8 hərbçi yaralandı, 1 əsgər həyatını itirdi
Daşkəsən hadisələri ilə bağlı isə 4 zabit saxlanıb
Şənbə, 27.02.2010

C.Məzahiroğlu

Dünən saat 16 radələrində Bakıda Azərbaycan DİN Daxili Qoşunlarına məxsus avtomobil qəzaya uğrayıb. Bu barədə DQ mətbuat xidmətindən məlumat verilib.

Biləcəridə yerləşən "N" saylı hərbi hissəyə məxsus, içində 9 əsgər olan hərbi avtomobil sərnişin avtobusu ilə toqquşub. Nəticədə hərbi maşında olan 9 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hospitala yerləşdirilib.

Daxili Qoşunlar mətbuat xidmətinin rəisi polkovnik-leytenant Təranə Məmmədova "Media forum"a bildirib ki, əsgərlərdən biri hospitalda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanıb, hadisənin motivi araşdırılır. İlkin məlumata görə, təqsir sərnişin avtobusunun sürücüsündə olub.

Bu arada Azərbaycanın hərbi prokuroru general-leytenant Xanlar Vəliyev Daşkəsən qırğını haqda jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Daşkəsəndə yerləşən "N" saylı hərbi hissəsindəki insidentlə bağlı dörd nəfər həbs olunub. X.Vəliyev həbs olunanların həmin hərbi hissənin zabitləri olduğunu vurğulayıb və istintaq hərəkətlərinin davam etdirildiyini qeyd edib.

Xatırladaq ki, hadisə yanvarın 28-də olmuşdu. Ölənlər və yaralananlar var. Hadisəni törədənlərin isə intihar etdiyi açıqlanıb.

Olay CM 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə araşdırılır.