çap et  
Mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Onlar Gəncədə oğurluqla məşğul imişlər
Şənbə, 27.02.2010

S.Abbas

Gəncə şəhər Polis İdarəsi oğurluqla məşğul olan 8 nəfərlik mütəşəkkil cinayətkar dəstəni həbs edib. Cinayətkar dəstə evlərdən külli miqdarda pul, qızıl-zinət əşyaları, brilyant məmulatları, kompüterlər oğurlayıb. Bu barədə "Turan"a Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev bildirib.

Onun sözlərinə görə, mütəşəkkil cinayətkar dəstə əvvəlcə müşahidə apararaq, imkanlı şəxslərin evlərini müəyyən edir, sonra həmin evlərin sayğacdan işığını kəsirmiş. İşıqlar söndürüldükdən sonra evdən bayıra çıxan olmadıqda dəstəyə həmin evdə adam olmadığı bəlli olurmuş. Beləliklə, dəstənin bir neçə üzvü evin bayırında gözləyir, qalanları isə evə girərək, əllərinə düşən hər şeyi - pul, qızıl, brilyant, noutbuk, kompüter və digər bahalı əşyaları götürürmüş.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 8 nəfərdən ibarət dəstənin bütün üzvləri həbs edilib. Bu, Gəncə şəhər sakini Elvin Mirzəyev, Yevlax sakinləri Zamiq Abdullayev, Elvin Vəliyev, Xəyal Məmmədov, Faxrayıl Şükürov, Bakı şəhər sakinləri Ramil Mehdiyev, Rəşad Dəmirov və Gədəbəy rayonunda pasport qeydiyyatında olub, Samux rayonunda müvəqqəti yaşayan Allahverdi Nəbiyevdir.

"İstintaq zamanı mütəşəkkil dəstənin 12 evdən oğurluq etdiyi təsdiqlənib. Maddi sübut kimi kompüterlər, noutbuklar, pul, avtomobil, qızıl-zinət əşyaları götürülüb. Hazırda dəstənin digər cinayətlərinin müəyyən edilməsi üçün istintaq hərəkətləri davam etdirilir", - deyə polis rəisi qeyd edib.

R.Musayevin dediyinə görə, dəstə üzvləri həm də oğurladıqları əşyaların satışı ilə məşğul imiş.