çap et  
İcazəsiz aksiya iştirakçılarına cinayət işi
Onlar Şəhidlər Xiyabanı qarşısında polislə əlbəyaxa olmuşdular
Şənbə, 27.02.2010

İ.Abbasov

"Bu il fevralın 13-də dindarların icazəsiz aksiyası zamanı polislə yaranan qarşıdurmada həbs edilən şəxslər onlara qarşı irəli sürülən ittiham üzrə özlərini təqsirli bilmirlər". Bu barədə "Turan"a istintaq altında olan dindarların hüquqlarını müdafiə komitəsinin üzvü Hacıağa Hacıyev məlumat verib.

O, insidentlə bağlı həbs edilən 5 dindarın hazırda Bakı Vahid Təcridxanasında saxlandığını, bu şəxslərə qarşı istintaqın irəli sürdüyü CM 221.3-cü (qatı xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələrinin qüvvədə qaldığını söyləyib.

Hacıyev müttəhimlərin vəkillərlə təmin olunduğunu bildirib. "Polis bu şəxslərin müqavimət göstərdiyini, nəticədə xəsarət aldıqlarını bildirir, amma dindarlar da xəsarət alıblar və vəkillər bu şəxslərin tibbi ekspertizadan keçirilməsi üçün vəsatət qaldırıblar", - deyə komitə üzvü qeyd edib. Onun sözlərinə görə, vəkillər ittihamın dindarların üzərindən götürülməsi və barələrində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti veriblər.

O, komitənin dindarların hüquqlarının müdafiəsi üçün parlamentə, Prezident Administrasiyasına, ombudsmana müraciət ünvanladığını və dindarların da Azərbaycan vətəndaşları olduğunun rəhbər orqanlara xatırladıldığını söyləyib.

Xatırlaq ki, həmin gün Şəhidlər Xiyabanını ziyarət etmək istəyən bir qrup dindarın qarşısını kəsən polis onlardan dağılışmağı tələb edib. Amma Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra dağılışacaqlarını bildirən dindarlardan bir nəfər polis tərəfindən döyülüb. Buna etiraz edən dindarlarla polis arasında əlbəyaxa savaş başlayıb. Əvvəl qaçmağa üstünlük verən polislər, sonradan əlavə qüvvə alaraq hücum ediblər və bu insidentin iştirakçılarından bir neçə nəfər həbs olunub.