Ötən həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin hesabatında bildirilib ki, İran uran ehtiyatını artırır, onu Tehrandakı araşdırma reaktoruna lazım olan yanacaq keyfiyyətində sürətlə zənginləşdirir.
Mütəxəssislərə görə, zəif zənginləşdirilmiş 630 kiloqram urandan atom silahı üçün 1522 kq-ı işlənə bilər. Müasir atom bombalarında 90 faizə qədər zənginləşdirilmiş 25 kq uran olur.
AEBA-nın başçısı Yukiya Amano qurumun mütəxəssislərinin nəticələrini agentliyin martın 1-də Vyanada keçiriləcək iclasında açıqlayacaq.
Hesabatda İranın uranı 20 faizədək zənginləşdirməsi istiqamətində fəaliyyətə başladığı qeyd olunub. İlk dəfə olaraq agentliyin təmsilçiləri bəyan edib ki, İran nüvə başlıqları hazırlaya bilər. Bununla yanaşı, müfəttişlər Nətənzdəki nüvə obyektində 8 minə yaxın sentrifuqadan təxminən yarısının işlək vəziyyətdə olduğunu bildiriblər.
Y.Amano bir müddət öncəki məruzəsində bildirmişdi ki, İran hakimiyyəti hələ də AEBA-nın bəzi suallarına cavab verməyib: "İndi, yaxud keçmişdə İran atom-nüvə proqamını gizlədib. Bu isə onun gizli şəkildə atom silahı əldə etməsi narahatlığını yaradır". Qurumun sədri bildirib ki, 2004-cü ildən bəri İslam Respublikası hərbi məqsədli proqramını dəyişməyib.
Xatırladaq ki, bir neçə il öncə ABŞ-ın xüsusi xidmət orqanları İranın nüvə proqramını dondurduğu barədə məlumat yaymışdı.
Atom agentliyinin hesabatından bir hissəyə münasibət bildirən, İranın atom-nüvə məsələləri üzrə danışıqlardakı təmsilçilərindən biri Əliəsgər Sultaniniya deyib ki, AEBA-nın hesabatı İslam Respublikası nüvə proqramının "dinc məqsədli" olduğunu sübut edir.
Britaniyanın "Nyu Steytsmen" qəzetinə müsahibəsində isə o bunları söyləyib: "İran uranın zənginləşdirilməsini heç vaxt dayandırmayacaq və bunu istənilən yolla əldə edəcək. Hətta Qərbin hərbi hədələri də bizi dayandıra bilməz". Onun sözlərinə görə, Qərb "minillik tarixi sivilizasiyaya malik, güclü, hazırda uranın zənginləşdirilməsinin ustası olan İranla barışmalıdır".
İranın atom-nüvə proqramı ətrafında yaranmış vəziyyətdən çıxış yolunun arandığı bir halda İran prezidenti Mahmud Əhmədinejadla Livandakı "Hizbulla"nın lideri Həsən Nəsrulla arasında telefon danışığı olub.
"İRİBnyus"un yaydığı xəbərdə bildirilib ki, tərəflər Livandakı vəziyyəti müzakirə ediblər: "Əgər İsrail Livana qarşı bir də hücum edərsə, onun işini birdəfəlik bitirmək lazımdır. İran xalqı və bölgənin başqa ölkələri bu məsələdə Livan xalqını dəstəkləyir", - deyə İran prezidenti söyləyib.
"Hizbulla" lideri bildirib ki, təmsil etdiyi xalq İsraildən qorxmur, onun planı baş tutmayacaq.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İspaniyada səfərdə olarkən bu ölkənin "əl-Pais" qəzetinə müsahibəsində bildirib ki, İranın nüvə obyektlərinə İsrailin önləyici zərbələr endirməsi Yaxın Şərq üçün fəlakət olar. O, Tehranın atom proqamını istinasız olaraq, dinc, diplomatik yolla həll etməyə çağırıb. Türkiyə baş nazirinin sözlərinə görə, İrana hücum etsə, bunun İsrailin düşünmək istəmədiyi dəhşətli nəticələri ola bilər.
Ərdoğan qeyd edib ki, rəsmi Ankara İranın dinc məqsədli atom enerjisi əldə etmək hüququnu dəstəkləsə də, İrannın atom bombası yaratmasına qarşı qətiyyətlə çıxış edir. Bununla yanaşı, Ərdoğan hazırda İran liderlərinin dinc məqsədli nüvə proqamı haqda dediklərinə inandığını söyləyib. Türkiyə hökumətinin başçısı onu da vurğulayıb ki, hazırda İsraillə Suriya arasında danışıqlar aparılmır. İran KİV ölkə xarici işlər nazirinin müavini Əli Ahəniyə istinadən bildirib ki, İran müharibəyə başlamaq niyyətində deyil, "bununla belə ölkəmizə qarşı hücum edilərsə, sərt cavab verəcəyik".
Əslində Əhmədinejadın bu telefon danışığını İsrailə barmaq silkələmək kimi də dəyərləndirmək olar. Çünki İsrailin baş naziri Binyamin Netanyahunun Moskva səfərindən sonra ruslarla İrana qarşı hərbi əməliyyatlara dair "gizli danışıqlar" getdiyi haqda xəbərlər yayıldı. Tehran İsrailə və Qərbə bildirmək istəyir ki, İrana qarşı hərbi əməliyyatların başlayacağı təqdirdə yəhudi dövləti başda olmaqla bölgə dövlətləri üçün ciddi problem yarada bilər. O bunu hələlik Livanla bağlı bəyan etməkdədir.
Suriya da İranın yolunu getmək istəyir
Martın 1-də AEBA-nın Vyanada keçiriləcək toplantısında İranın atom-nüvə proqramı ilə bağlı qurumun müfəttişlərinin hesabatı müzakirə ediləcək. Bu tarix yaxınlaşdıqca vəziyyət gərginləşir.
Ötən gün Fransa baş naziri Fransua Fiyon bildirib ki, Tehran uranın zənginləşdirilməsini dayandırması qarşılığında nüvə yanacağı mübadiləsi təklifini qəbul etməzsə, o zaman yaxın həftələrdən birində Qərb dövlətləri İrana qarşı yeni sanksiyanı hazırlamağa başlayacaqlar.
Nazir Suriyaya səfəri zamanı deyib ki, rəsmi Paris AEBA-nın sonuncu hesabatından çox narahatdır. Məlum olduğu kimi, agentlik ilk dəfə olaraq aşkar şəkildə İranın hərbi xarakterli nüvə proqramının mövcudluğunu bəyan edib.
Fransanın hökumət başçısı qeyd edib ki, İrana məsələ ilə bağlı bir neçə təklif edilib və İran rəhbərliyi hamısından imtina edib. O vurğulayıb ki, əgər onların mövqeyində dəyişiklik baş verməzsə, o halda Qərb dövlətləri yaxın müddət ərzində tədbirlər görməyə məcbur olacaq. Səfər zamanı Fransa hökumətinin başçısı Suriya rəhbərliyindən istəyib ki, İslam Respublikası ilə əlaqələrindən istifadə edərək, onu savaşa təhrik edəcək addımlar atmaqdan çəkindirsin. Onun dediyinə əsasən, bölgədə sülh İrandakı rejimin yürütdüyü siyasətdən asılıdır.
Suriya xarici işlər naziri Valid Müəllimin dediyinə görə, rəsmi Dəməşq İranın nüvə proqramı üzrə Qərb dövlətləri ilə İslam Respublikası arasında konstruktiv danışıqları qaydasına salmağa çalışır. Suriyalı diplomat da deyib ki, Qərblə İran arasında mövcud problemin aradan qaldırılması üçün sanksiya tətbiqi çıxış yolu deyil. O əlavə edib ki, Tehranın "atom bombası yaratması xəbəri əsassızdır".
Bu arada məlum olub ki, Suriya AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina edib. Agentliyin hesabatında bildirilib ki, 2007-ci ildə İsrail qırıcıları tərəfindən bombardman edilmiş "əl-Kibar" obyektində atom silahı yaradılması ilə bağlı uran izi aşkarlanıb.
Müəllim onu da deyib ki, ölkəsi nüvə silahının yayılmaması müqaviləsinə sadiqdir və AEBA müfəttişləri verdikləri hesabata yenidən baxandan sonra onları obyektə buraxacaqlar. Rəsmi Dəməşq təmsilçisi bu bəyanatı Avstriyanın xarici işlər naziri Mixael Şpindelegerlə görüş zamanı verib.
|