çap et  
Tomas Hammerberq Azərbaycana səfər edəcək
Tomas Hammerberq Azərbaycana səfər edəcək
AŞ İnsan Hüquqları komissarı Naxçıvana da gedəcək
Şənbə, 27.02.2010

İ.Telmanoğlu

Avropa Şurasının İnsan Hüquqları komissarı Tomas Hammerberq martın 1-də Azərbaycana beşgünlük səfər edəcək. Bu barədə "Turan"a Avropa Şurasının Bakı ofisindən bildiriblər.

Məlumata görə, səfər zamanı media azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası diqqət mərkəzində olacaq. Mənbənin məlumatına görə, Hammerberq Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər, ədliyyə və daxili işlər nazirləri, habelə baş prokuror və AŞ PA-da Azərbaycan heyətinin rəhbəri ilə görüşməyi planlaşdırır. Bununla yanaşı, ombudsman və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər planlaşdırılır.

Komissar insan hüquqlarına aidiyyəti olan "bəzi yerlərə və müəssisələrə" baş çəkəcək. O cümlədən Hammerberqin Naxçıvan Muxtar Respublikasına səfəri planlaşdırılır.

Cümə günü - martın 5-də AŞ Bakı ofisində səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək. Bu, Hammerberqin AŞ İnsan Hüquqları komissarı vəzifəsində fəaliyyətə başladığı vaxtdan Azərbaycana ikinci səfəridir.