çap et  
Müxalifətin seçki ili
Müxalifətin seçki ili
Daxili intriqalar bu düşərgəni sınaq qarşısında qoyub
Şənbə, 27.02.2010

X.Səfərov

Hazırda postsovet məkanında "narıncı inqilablar" dövrü artıq başa çatmış sayıla bilər. Keçmiş sovet respublikalarının əhalisi müstəqillik ideyasının yeni çalarlarına nail olmaq istəyir. Paralel olaraq bu ölkələrdə nəsillərin əvəzlənməsi prosesi gedir. Azərbaycan da istisna deyil. Noyabrda ölkəmizdə keçiriləcək seçkilər bir sıra məqamlar baxımından diqqəti çəkir.

2010-cu il seçkilərinin əvvəlkilərdən daha sakit keçəcəyi aydındır. Bunun bir sıra səbəbləri var. Birincisi, ötən parlament seçkilərində MDB məkanında siyasi müstəvi başqa idi. O çağı "narıncı epoxa" da saymaq olar.

Bu gün Azərbaycandakı seçkilər Avropa Birliyini 2005-ci ildə olduğundan daha az maraqlandırır. Artıq neçə illərdir ki, mötəbər Avropa qurumlarının ölkəmizdəki seçkilərə münasibəti birmənalıdır. Bu qurumların Bakıya gələn emissarları bizi bu seçkilərin "avropalaşma" üçün imtahan olmasını başa salmağa çalışır və ortada olan nəticələrə heç bir mövqe bildirmirdilər.

Ən başlıca məsələ isə iqtidarın rəqibi kimi çıxış edən geniş müxalifət spektrinin hazırkı zəifliyidir. Bu spektr ölkədə kifayət qədər geniş olan narazıların dəstəyinə ümid bağlasa da, həlledici məqamda onları idarə etmək qüdrətində deyil. Azərbaycanda iqtidardan narazı qüvvələr çoxdur və buna rəvac verən səbəblər kifayət qədərdir. Amma situasiyanı dəyişdirəcək qüvvələrin kadr bazası və potensial imkanları İlham Əliyevlə müqayisədə çox zəif görünür.

Azərbaycan müxalifətinin liderləri içində hakimiyyətin içindən çıxan siyasi fiqurlar yoxdur. İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov tanınmış siyasətçilər olsa da, onlar indiki iqtidarın birinci cərgəsində təmsil olunmayıblar.

Vaxtaşırı olaraq ortaya çıxan müxalifətdaxili münaqişələr də bir başqa situasiya yaradır. Onlar ilk imkan düşən kimi kimin daha çox demokratik olması barədə uzun-uzadı mübahisələrə daha çox üstünlük verirlər.

İlham Əliyevin mövqeləri hələ ki güclüdür. Beynəlxalq imicə gəlincə, prezident Rusiya ilə sıcaq əlaqə qurmaqla yanaşı, Qərblə də yaxşı münasiöbətləri qoruyub saxlaya bilir.

Adətən indi keçmişdə qalan "rəngli inqilablar"ın səbəbkarı kimi Qərbi ittiham edirlər. Məsələn, Ukraynada proseslər zamanı Qərb bu ölkənin müxalifətini açıq şəkildə dəstəklədi. Amma indi başqa situasiyadır. Qərb bu prioritetindən geri çəkilib. İndi Avropa Şurası İlham Əliyevi hansısa demokratik standartlardan geri çəkilməkdə tənqid etsə də, bununla yanaşı, Avropa heç də İlham Əliyevdən üz döndərmək əhvalını nümayiş etdirmir.

ABŞ-a gəlincə, bu dövlətin seçki prosesləri ilə bağlı elə bir ciddi ittihamı səslənməyib. Unutmayaq ki, ABŞ-ın antiiran kampaniyasında Azərbaycanın mümkün iştirak planları Vaşinqtonun həmişə diqqət mərkəzində olub. İraqdakı ağır vəziyyət, Türkiyə ilə soyuq münasibətlər fonunda rəsmi Bakının İrana qarşı kampaniyada vacib həlqəyə çevriləcəyini Pentaqon strateqləri yaxşı başa düşürlər.

Bakı-Ceyhan layihəsinin regionda enerji təhlükəsizliyini artırdığını da hesabdan silmək olmaz. Buna görə də Vaşinqton üçün sabit və kifayət qədər nəzarət oluna biləcək Azərbaycan daha sərfəlidir. Başqa sözlə, ABŞ ölkədə daxili sabitsizliyin yaranmasında maraqlı deyil. Buna görə də Bakıya yönəlmiş ciddi bir "Qərb cəbhəsi"nin mövcudluğundan danışmaq yersiz olardı.

Rusiyanın mövqeyinə gəlincə, bu mövqe göz önündədir və əlavə şərhə ehtiyac duyulmur.

Bu gün hakimiyyət üçün əsas məsələ "güc siyasəti"ndən vaz keçməsidir. Daha yaxşısı, lazımi kadr və ideya-siyasi yeniliklər bazasını ortaya qoymaqla seçkilərə hazırlaşmaqdır. İqtidarın "kozır"larından biri də Qarabağ məsələsidir. Sülh danışıqlarında qəti mövqe iqtidara daxili siyasi mübarizədə və Qərbin gözündə "süngü tərəfdarı" kimi görünməməsi əlverişli tezislərdən sayıla bilər.

Amma müxalifətdə vəziyyətə nəzarət rıçaqlarının heç olmadığını söyləmək düzgün olmaz. Əgər noyabr seçkilərinə qədər müxalifət düşərgəsi effektiv siyasi blok yarada bilsə, o halda situasiya dəyişə bilər. Müxalifətin də effektiv nəticə üçün "yeni oyun qaydaları" tapması zəruri amilə çevrilib. Bunun üçün isə ilk növbədə müxalifət düşərəsinin siyasi təmərküzləşməsi vacibdir. Təəssüf ki, bu düşərgədə qarşılıqlı əməkdaşlıq meyilləri özünü büruzə vermir.

Əgər müxalifət yeni siyasi müstəviyə köhnə qaydalarla çıxacaqsa, o zaman bunun səmərəsiz nəticələrini çox gözləmək lazım gəlməyəcək.