![]() |
çap et |
|
|||
Azərbaycan və Ermənistan arasında savaş hər an mümkündür. Rusiyanın Strateji İnkişafı Modelləşdirmə Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk bu fikirdədir. "Bu ərazi Rusiya ilə həmsərhəd olmadığına görə Azərbaycan və Ermənistan arasında baş verə biləcək müharibədə o, neytral mövqe tutacaq", - deyə politoloq əlavə edib.
Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün problemin həllinə "yeni ideyalar istehsal edən yeni başlar" qoşulmalıdır. "Bu problem dəftərxana başları ilə həll oluna bilməz. Rusiya, Azərbaycan və Ermənistan problemin praktik həllini təklif etməsələr, münaqişənin həllinə təbii olaraq coğrafi cəhətdən bölgədən uzaq olan ölkələr qoşulacaqlar", deyə Trofimçuk APA-nın Moskva müxbirinə bildirib. Onun sözlərinə görə, Azərbaycan problemin silahlı həll variantının tərəfdarı deyil: "Bunu Azərbaycanın münaqişəni silah gücüylə həll etmək barədə çağırışları sübut edir. Adətən belə çağırışlar edən tərəf əslində müharibə tərəfdarı olmur". "Sadəcə, bu bəyanatlarla Azərbaycan problemi ən qısa zamanda həll etmək istədiyini göstərir. Azərbaycan başa düşür ki, onun real olaraq daha 15 ili yoxdur. Azərbaycanın vəziyyəti çox mürəkkəbdir, onu bir sıra digər məsələlərdə, məsələn, İran problemi üzrə qəti mövqe bildirmək məsələsində tələsdirirlər. Əgər Belarusun Moskva və Qərblə danışıqlar aparmaq imkanı varsa, Bakının artıq belə çoxvektorluğu yoxdur. Çoxvariantlılığın olmamağı ucbatından kiminsə əsəbləri dözməyə bilər. İrimiqyaslı müharibə hansısa əsgərin qarşı tərəfə atəş açmasından sonra da başlaya bilər. Fevral inqilabı da belə başlayıb. Əsas təhlükə də elə bundadır", - deyə politoloq vurğulayıb. Trofimçukun fikrincə, Qərb münaqişənin uzanmasından 2 cür istifadə edə bilər: "Qərb ya Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər, ya da ki bu münaqişəni ərəb-İsrail münaqişəsi kimi əbədi münaqişəyə çevirə bilər". "Səfər Əbiyev müdafiə naziridirsə, biz də əsgərlərik. İşğal altında olan torpaqların azad olunması ilə bağlı hansı formada göstəriş olsa, əməl edəcəyik. Əgər döyüş qərarı veriləcəksə, xalq döyüşəcək. Sülh danışığıdırsa, sülh danışıqları aparılacaq. Lakin istənilən halda bu münaqişənin bir sonu olmalıdır". Bunu isə "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov müdafiə naziri Səfər Əbiyevin işğal altında olan torpaqların hərbi yolla azad olunması barədə bəyanatına münasibət bildirərkən deyib. B.Səfərov münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar limitinin hələ bitmədiyini qeyd edib. O, danışıqlarda icmaların iştirakına tərəfdar olmadığını da vurğulayıb: "Bu, respublikalar arasında müharibədir. Müharibə Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan formatındadır. İcma isə dövlətin gördüyü işi görə bilməz. İcma yalnız ictimai danışıqlar apara, insanların öz yerlərinə qayıtması ilə məşğul ola bilər". Münaqişənin sülh yolu ilə həll olunacağı halda erməni və azərbaycanlı icmasının Dağlıq Qarabağda sülh şəraitində yaşamaq imkanlarına gəldikdə, B. Səfərov bildirib ki, Dağlıq Qarabağda yaşayan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyan hər bir şəxs bu ölkənin vətəndaşı sayılır: "Həmin vətəndaşlar da Azərbaycan qanunlarına hörmət edib, Azərbaycandakı digər azsaylı xalqlar kimi yaşamaq hüququna malikdir. Biz demokratik dövlətik". Bu arada Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan vətəndaşı yaralanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən qoşunların təmas xətti yaxınlığında, Ağdam rayonunun Qərvənd kəndindəki əkin sahəsində baş verib. Ağdam rayon sakini, 39 yaşlı Quliyev Asif Qabil oğlu qolundan və qarnından ağır yaralanıb. Yaralı Ağcabədi rayonu ərazisində yerləşən xəstəxanaya yerləşdirilib. |