![]() |
çap et |
|
|||
"Konqresin "erməni soyqırımı"na dair hər hansı qətnamə qəbul etməsi arzuolunmazdır. Hamımızın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına çalışdığımız hazırkı məqamda bu cür qətnamə prosesə fayda verə bilməz". APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Təmsilçilər Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə deyib.
Uydurma "erməni soyqırımı" haqqında 252 saylı qətnamənin martın 4-də komitədə səsə qoyulması ərəfəsində keçirilən dinləmədə çıxış edən Hillari Klinton bildirib ki, ABŞ administrasiyasının bütün addımları və fəaliyyəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına əngəl olmağa yox, kömək etməyə yönəlməlidir: "Mən də, prezident Obama da bu prosesi arxa plana atacaq və ya ona zərər verəcək qərarların əleyhinəyik. ABŞ bu prosesin sürətləndirilməsinə tərəfdardır və hər iki tərəflə daimi əlaqədədir". Bununla yanaşı, dövlət katibi əlavə edib ki, Barak Obama "erməni soyqırımı" ilə bağlı mövqeyini dəyişməyib. "İrəliyə doğru addımlamaq üçün siyasi iradə lazımdır. Ermənistan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərindəki hazırkı mərhələ qısa müddətdə məntiqi sonluğa çatmalıdır. Əks halda, dəfələrlə deyildiyi kimi, Ermənistan protokollardakı imzasını geri çəkəcək". Erməni saytlarının məlumatına görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Kiyevdə görüşdüyü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna deyib. Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər ki, S.Sarkisyan birtərəfli qaydada Azərbaycanyönümlü mövqe tutduğu üçün Türkiyənin Dağlıq Qarabağ münaqişəsində iştirakını istisna edib: "Qapalı sərhədlərin olmadığı bölgəni xəyal edən bir dövlət ilk addımı özü atmalı və Ermənistan-Türkiyə sərhədini açmalıdır. Azərbaycanın təzyiqi Türkiyə tərəfinin protokolları ratifikasiya etməsinə imkan verməyə bilər, lakin icra hakimiyyətinin protokolların təsdiqlənməsinə qədər sərhədi açmasına heç nə mane olmur". Mətbuat xidmətinin açıqlamasında o da qeyd olunub ki, S.Sarkisyan Ə.Davudoğlu ilə görüşməkdən imtina etsə də, Türkiyənin xarici işlər naziri Ukrayna prezidenti Viktor Yanukoviçin şərəfinə təşkil olunmuş ziyafətdə Ermənistan prezidentinə yaxınlaşaraq onunla söhbətə başlayıb. Bu arada TBMM Xarici Əlaqələr Komissiyasının üzvü, Türkiyənin Vaşinqtondakı keçmiş səfiri, Türkiyə XİN Aparatının sabiq rəhbəri (müstəşar), CHP İstanbul millət vəkili Şükrü Ələkdağ APA-ya açıqlama verib. Onun sözlərinə görə, uydurma "erməni soyqırımı" ilə bağlı qərar layihəsinin martın 4-də Amerika Konqresində müzakirəsi ərəfəsində TBMM Xarici Əlaqələr Komissiyasının üzvlərindən ibarət heyət bazar günü Vaşinqtona gedir. "Biz Xarici Əlaqələr Komissiyasında görüş keçirib komissiyaya təqdim olunan "erməni soyqırımı" layihəsinin müzakirəsini əngəlləməyə çalışacağıq". "Deyəsən, bu dəfə yaranmış vəziyyət heç də xoşagələn deyil" sualına Ş.Ələkdağ belə cavab verib: "Ermənistan Konstitusiya Məhkəməsi 11 oktyabrda Sürixdə imzalanmış protokolları yenidən yazdı. Məhkəmənin protokollara verdiyi şərhləri başqa cür izah etmək mümkün deyil. Bundan sonra Türkiyə "soyqırım olmayıb" deməyə də çətinlik çəkəcək. Ermənistan Konstitusiya Məhkəməsinin qərarını qəbul etmək Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul etmək deməkdir. O bəyannamədə Ermənistan həm Türkiyənin sərhədlərini tanımır, həm də bizim şərq bölgələrimizə iddia edir. Ermənilərin Konqresin gündəliyinə "soyqırım" iddialarını gətirmək istədiyi bir vaxtda biz Xocalı soyqırımını dünyanın gündəliyinə gətirmək üçün ciddi çalışmalıyıq. Çünki son 105 il ərzində ermənilər ən böyük soyqırımı azərbaycanlı qardaşlarımıza qarşı törədiblər". "Konqresdəki görüşlərinizdə azərbaycanlı millət vəkillərinin də yanınızda olmasını istərsinizmi" sualına cavab verən təcrübəli diplomat bu mübarizəni birlikdə aparmağın zəruriliyinə diqqət çəkib: "Bölgədə sülhə nail olmağın yeganə yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərhsiz çıxmasıdır. Başqa heç bir yol Türkiyənin Ermənistanla müzakirə aparmasına səbəb olmayacaq və bölgədə sülh yaratmaq çətinləşəcək". Ermənistanın siyasi rəhbərliyi isə indidən özünü gələcəkdəki hər hansı arzuolunmaz vəziyyətdən sığortalamaq siyasəti yürüdür. Belə ki, erməni parlamenti ikinci oxunuşda hökumət tərəfindən təklif olunmuş "Beynəlxalq müqavilələr haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Bu qərarın tələsik qəbul edilməsini şərh edən Ermənistan XİN başçısı Edvard Nalbandyan Ermənistan prezidentinin protokolların Ermənistan parlamenti tərəfindən ratifikasiyasından sonra qarşı tərəflə sənəd mübadiləsi etməmişdən öncə beynəlxalq müqavilələri dayandırmaq səlahiyyətinə malik olmaq üçün belə bir təşəbbüslə çıxış etdiyini bildirib. "Bunu parlamentə hörmətsizlik kimi qiymətləndirmək lazım deyil, qərara qarşı tərəfin hərəkətləri səbəb olub", - deyə Nalbandyan bildirib. Qeyd edək ki, "Daşnaksütyun" partiyası səsvermədə iştirak etməyib, "İrs" partiyası isə qərarın əleyhinə səs verib. |