çap et  
Gövhər Həsənzadənin fan-klubu istifadəyə verildi
Gövhər Həsənzadənin fan-klubu istifadəyə verildi
Sənət ocağı ilk aksiyasına başlayır
Şənbə, 27.02.2010

Zəminə

Bəstəkar Gövhər Həsənzadənin bir müddət əvvəl haqqında danışdığı "Nika" adlı fan-klubu istifadəyə verilib. Bəstəkarın mətbuat əlaqələndiricisi bildirir ki, nəzərdə tutulduğu kimi, bu fan-klub bilavasitə musiqiyə xidmət edəcək. Gövhər Həsənzadənin bu klub ilə bağlı fikirləri çox yüksəkdir. Bəstəkar xanım "Nika" fan-klubunda bir sıra görüşlər təşkil etməyi planlaşdırır:

"Azərbaycan estradasının yüksək pilləsində duranları, bu estradanın inkişafı üçün çalışanları, estrada janrının təkmilləşməsində rolu olanları, retro estrada ulduzlarını, klassikaya çevrilən, yaddaşlarda iz salan, unudulmaz ifaya imza atan, əsl Azərbaycan estradasına xidmət edən qocaman estradaçıları bir araya toplayıb, onlar üçün xüsusi estrada gecələri keçirəcək. Hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da Gövhər Həsənzadənin - "Nostalji günlər" adlı bu aksiyasına qoşulacaqlar. Eyni zamanda, 1939-cu ildən təməli qoyulan Azərbaycan estradasının ustadları bu aksiya ətrafına yığışaraq, isti ocaqda nostalji hisslərini paylaşa biləcəklər. Bütün bunlar bağlı qapı arxasında keçiriləcək. Yəni hansısa kanalda və ya mətbuatda işıqlandırılmasına icazə verilməyəcək".

Mətbuat əlaqələndiricisi bildirdi ki, aksiyanın əsas məqsədi qocaman sənətkarların xatirələrində gizlənən milli estradamız barədə bilgilər toplamaq və bir növ unudulmaqda olan 70 illik tarixə malik estrada arxivi yaratmaqdır.