çap et  
Alim Qasımov ünlü DY-lə mahnı oxuyub
Alim Qasımov ünlü DY-lə mahnı oxuyub
Yaradıcılıq işinin təqdimatı Bakıda keçiriləcək
Şənbə, 27.02.2010

Xatun

Azərbaycanın xalq artisti Alim Qasımov Fransanın tanınmış DY David Vendetta ilə birgə mahnı yazdırıb. Bu əməkdaşlıq layihəsinin ideyası Mübariz Abdullayevə məxsusdur. Məhz bu əməkdaşlıq çərçivəsində "Mamedia"nın Bakı studiyasında Alim Qasımovun ifasında mahnıda istifadə olunmuş hissə yazılıb. Mübariz Abdullayevin Fransaya David Vendettanın studiyasına gedişləri nəticəsində "Paradise" səsyazma leybli altında mahnı hazırlanıb. Alim Qasımovun səs sessiyası David Vendettanın yeni "Vendetta" albomunda sırada 4-cü olan "I'm your Goddess" mahnısına daxil edilib. Mahnının Azərbaycanda yayıma buraxılması da nəzərdə tutulur. David Vendettanın yeni "Vendetta" albomunun təqdimatı isə Beynəlxalq Muğam Mərkəzində martın 20-də gözlənir. Martın 21-də "Vendetta" albomu Azərbaycanda və eləcə də bütün dünyada satışa buraxılacaq. Mübariz Abdullayevin fikrincə, Avropa mahnı mütəxəssisləri tərəfindən bu mahnı dünya musiqi çarxlarında yüksəlmə potensialına malik bir musiqi kimi qiymətləndirilir. Onu da öyrəndik ki, hazırda Fransada "Paradise" studiyası tərəfindən "I'm your Goddess" mahnısına klip çəkilişləri başlayır. Bu klipdə Alim Qasımov da iştirak edəcək. Bu ekran əsərində Qız Qalasından bir neçə kadr da işlənəcək. Klipin çəkilişləri Fransa və Mərakeşdə aparılacaq. Məlumat üçün bildirək ki, David Vendettanın klipləri dünyanın ən tanınmış musiqi kanallarında, musiqi hitləri isə 2000-ə yaxın məşhur FM radiostansiyalarında qaynar rotasiya formatında yayımlanır. Onun "Rendezvous" adlı ilk debüt albomu 2007-ci ildə dünyada 2 milyon tirajla satılıb. DY-in "Unidos rara la musica" mahnısı 2007-ci il boyunca dünya hit paradlarının ən yüksək pillələrində dayanıb. Onun Alim Qasımovla birgə olan mahnısının da dünyaya səs salacağı istisna edilmir.

Yeri gəlmişkən, Alim Qasımov yaxın həftələrin birində ABŞ-a yollanır. Xanəndənin martın 14-də Nyu-Yorkda "Carnegie Nall"da çıxışı nəzərdə tutulub. Onun bu səfəri "Sərhədsiz musiqi" proqramı çərçivəsində reallaşacaq. Bu proqramda bir çox populyar müğənnilər çıxış edəcəklər. Onların arasında koreyalı Dohee Lee və əfqan rübab ifaçısı Nomayoun Sakhi də var.