![]() |
çap et |
|
|||
Azərbaycan Silahlı Qüvvələrinin yaxın illər üçün islahatlar planı zəngindir. Ötən illərdə həyata keçirilmiş islahatlar bütöv bir prosesin başlanğıc hissəsi kimi görünə bilər. Bunu "Ayna"ya açıqlamasında Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) sədri, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri üçün başlıca islahatlar 2005-ci ilin ortalarından start götürüb:
"Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP) imzalandıqdan sonra həyata keçirilən islahatlar 2008-2009-cu illərdə bir qədər sürətləndi. Amma 2010-cu ildə daha çevik tədbirlərin gerçəkləşməsi nəzərdə tutulur. Hər şey ölkə başçısının iradəsindən və Silahlı Qüvvələrin səylərindən asılı olacaq". Eyni zamanda İ.Məmmədovun fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin hazırkı durumu narahatlıq doğurur: "İslahatlar gecikdirilir, forma var, məzmun yoxdur". Onun sözlərinə görə, hazırkı vəziyyətdə DİN Daxili Qoşunları, FHN, Dövlət Sərhəd Xidməti islahatlar baxımından Azərbaycan Silahlı Qüvvələrini geridə qoyub: "Bu, çox məyusedicidir. Əslində Müdafiə Nazirliyi islahatlar prosesinin avanqardı olmalı idi". İ.Məmmədov hesab edir ki, Azərbaycan SQ-yə aid qanunlar müasir gerçəkliyə cavab vermir. "Orduda nə komplektləşdirmə NATO standartlarına uyğundur, nə də məvaciblər", - deyən İ.Məmmədov bildirdi ki, ordu zabitlərinin əksəriyyəti məcburiyyətdən rüşvət alır: "Komissiyalar gəlir, bu bəzən 30-40 nəfərdən ibarət olur, yoxlamalar aparılır: onlar nə istəyirlər? Pul!" Ekspert hesab edir ki, bu gün aşağıdakı addımların atılmasına ehtiyac yaranıb: 1. Silahlı Qüvvələrin fəaliyyətini nizamlayan qanunvericilik bazası dəyişdirilməli, təkmilləşdirilməlidir, 2. Silahlı Qüvvələrin peşəkar - müqaviləli əsasa keçidi təmin edilməlidir, 3. Silahlı Qüvvələrin fasiləsiz maddi-texniki təminat məsələsi həll olunmalıdır, 4. Ordunun komplektləşdirmə problemləri həllini tapmalıdır, 5. Azərbaycan Ordusunun mərkəzi institutunun olması təmin edilməlidir. Cəmiyyətin problemləri orduya sirayət edib "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin sözlərinə görə, Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar kompleks xarakter daşımalıdır: "İslahatlar ordunun güclənməsinə, təkmilləşməsinə yönəlməlidir. Bu islahatlar Silahlı Qüvvələrdə xidmət peşəsinin üst məqamını ortaya qoymalıdır. Cəmiyyətdə ordunun yeri bəlli olmalıdır". ![]() Zabitlərin Diskussiya Klubunun (ZDK) təmsilçisi, ehtiyatda olan polkovnik-leytenant Nəriman Zeynalova görə, ordu cəmiyyətin bir hissəsi olduğundan orada baş verən hadisələrə cəmiyyətdəki proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Ekspert hesab edir ki, ordunu cəmiyyətdən ayırıb oradakı problemləri əlahiddə şəkildə qiymətləndirmək kobud səhv sayıla bilər. ZDK təmsilçisinin sözlərinə görə, orduda xidmət şəraitini ideal qaydaya salmaq üçün cəmiyyəti "tərbiyələndirmək" lazımdır. "Hər şey ailədən, məktəbdən başlanmalıdır. Cəmiyyət maarifləndirilməlidir. Bilinməlidir ki, müharibə və ya sülh dövründə ordunun hədəfləri nədir və ya struktur necə olmalıdır", - deyə o bildirdi. N.Zeynalovun fikrincə, mülki həyatda yönləndirilməmiş çağırışçılar ordunun sərt təsirlərinə məruz qalır: "Həmin əsgərlər ya "dedovşina" ilə üzləşir, ya da hansısa cinayəti törədərək həbsə girir. Nəticədə ordunun döyüş qabiliyyətinə ciddi zərbə dəyir. Çağırışçılar Silahlı Qüvvələr sıralarına hazır gəlməlidir. Biz görürük ki, gənclərin bir çoxu mənəvi və fiziki hazırlıq baxımından orduda xidmətə hazır deyil, bu, ciddi problemdir və onun həll yolları üzərində ciddi düşünülməlidir". Ekspert bildirdi: "Zabit 18 ay ərzində cəmiyyətin 18 il şikəstə çevirdiyi adamı tərbiyələndirə bilməz. Zabitlərin əsgəri tərbiyə etməyə heç vaxtı da yoxdur. Belə əsgərlərlə necə döyüşmək, döyüş tapşırığını yerinə yetirmək olar? Orduya döyüşə hazır olan çağırışçılar çağırılmalıdır". Onun sözlərinə görə, əgər istəyiriksə ordumuz normal olsun, onda hər şey cəmiyyətdən başlanmalıdır. N.Zeynalovun fikrincə, cəmiyyətdə hərbi vətənpərvərliyin təbliğat formaları da dəyişdirilməlidir: "Bu gün bəyan edirlər ki, biz Qarabağ uğrunda ölümə hazırıq. "Ölüm", "canını vermək" kimi ifadələr yersiz görünür. Savaşda ölmək yox, öldürmək, canını almaq, qalib olmaq lazımdır". N.Zeynalovun sözlərinə görə, əslində bu gün Azərbaycan KİV-i hərbi vətənpərvərlik təbliğatını çox zəif şəkildə həyata keçirir: "İnsanları işğal altında olan torpaqlarımızı azad etməyə ruhlandıran real təbliğat, demək olar, yoxdur". Orduya nəzarətçi vətəndaş cəmiyyəti yaranmalı Ehtiyatda olan kapitan, "Orduya ictimai nəzarət" mərkəzinin rəhbəri Tərlan Eyvazov fərqli düşünür. Onun fikrincə, KİV-dən daha çox ordudakı problemləri həll etmək üçün istifadə edilməsi əhəmiyyətli olardı. Onun fikrincə, orduda olan problemlər dərhal KİV-ə verilməli və eyni zamanda sənəd şəklində hüquq-mühafizə orqanlarına göndərilməlidir: "Bu, problemlərin vaxtında qarşısının alınmasına və həllinə müsbət təsir göstərəcək". T.Eyvazovun fikrincə, qeyd edilən istiqamətdə QHT-lər və KİV orqanları güc strukturları və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərməlidirlər. "Düşünürəm ki, bu, müsbət effekt yaradacaq", - deyə o bildirdi. "İctimai Maraqların Öyrənilməsi" Mərkəzinin sədri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyevin fikrincə, hər hansı problemi şəxsiyyətlə bağlamaq səhvdir. "Azərbaycanda hər hansı problemi şəxsiyyətlə bağlayırlar. Düşünürlər ki, hansısa nazir gələcək və orduda olan problemləri həll edəcək. Bu, cəmiyyətin bədbəxtliyidir", - deyə o qeyd etdi. "Əslində problemlərin həllində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Məktəblərdən başlanaraq insanların qanunların aliliyi istiqamətində biliklərinin, vətənpərvərlik ruhunun artırılması istiqamətində ciddi addımlar atılmalıdır", - deyə o bildirib. Lakin Silahlı Qüvvələrdə Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri, ehtiyatda olan mayor Telman Əbilovun fikrincə, Azərbaycan SQ-də baş verən problemlərin, itkilərin əksəriyyəti hərbi məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşmasından yaranır. T.Əbilovun sözlərinə görə, 2002-ci ilin əvvəllərindən - 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri Füzuli istiqamətində ən azı 120 hərbi qulluqçusunu itirib. "Bu itkilərə görə hərbi birləşmənin rəhbərliyi məsuliyyət daşıdımı?" - deyə o sual edir. Ekspertin fikrincə, Azərbaycan ordusunun rüşvətxor, korrupsioner və məsuliyyətsiz məmurlardan təmizlənməsi yönündə konsepsiya hazırlanmasına və onun həyata keçirilməsinə ehtiyac var. "Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti yaradılmalıdır və bu cəmiyyət orduya nəzarət etməlidir. Belə olduqda hansısa uğurlardan, ordunun güclənməsindən danışmaq mümkün olacaq", - deyə o bildirdi. Onun sözlərinə görə, bir millətin dəyəri onun dövləti, dövlətin dəyəri isə onun ordusu, ordunun dəyəri isə onun zabit və komanda heyəti ilə ölçülür. "Əfsuslar olsun ki, Azərbaycanda bu dəyərlər sisteminin müsbət ardıcıllığını söyləmək mümkün deyil" deyən Əbilovun sözlərinə görə, ölkədə hərbi təbliğatla bağlı ciddi problemlər var: "Bunun nəticəsi isə məyusedicidir: ən müxtəlif səbəblərdən SQ-də zabit olmaq istəyən yoxdur. Buraya təhsil zamanı ortaya çıxan problemlərdən başlayaraq xidmət dövründəki neqativ hallar təsir edir". Ekspertin sözlərinə görə, bu məsələ hərbi rəhbərliyi ciddi düşündürməlidir. Əbilov hesab edir ki, SQ-də ciddi islahatlara, dəyişikliklərə ehtiyac yaranıb. "Zampolit"ləri ləğv etməklə, mənəvi-psixoloji hazırlıq məhv edildi "Ordu cəmiyyətin bir hissəsidir, bu gün bizdə elə cəmiyyət formalaşıb ki, dünyaya gələn rüşvətlə gəlir, gedənlər də rüşvətlə gedir. Bu gün cəmiyyətdə olduğu kimi, orduda da cinayətkarların fəaliyyət göstərməsinə şərait yaradılıb". Bunu isə "Hərbi Jurnalistlər" ictimai birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirir. Onun sözlərinə görə, orduda islahatlar gecikib. "İslahatlar prosesi gecikir, normal təkliflərə isə əks reaksiya verirlər" deyən Ü.Cəfərov qeyd edib ki, bir sıra səbəblər ucbatından orduda ciddi problemlər yaranıb: - birincisi, orduda "zampolit"ləri ləğv etdilər və bununla da ordunun mənəvi-psixoloji hazırlığını məhv etdilər. Məhz bu qərardan sonra orduda neqativ, əcaib, tükürpədici hallar ortaya çıxdı, halbuki ondan əvvəl orduda belə hallara rast gəlinmirdi. - ikincisi, taqımlara komandir vəzifəsinə təyin olunan leytenantların bir çoxunun savad və biliyi müasir standartlara uyğun gəlmir. Fəal çavuşlar belə leytenantları görür və onlar faktik olaraq komandirləri üzərində "nəzarət" həyata keçirirlər. Bu, çox böyük faciədir. - üçüncüsü, bu gün Azərbaycan SQ-də həyata keçirilən "J" və "G" islahatları heç bir səmərə vermir: forma var, məzmun yoxdur. - dördüncüsü, bu gün Azərbaycan ordusunda peşəkar çavuş heyəti azlıq təşkil edir. 3 aylıq hazırlıq kursu keçən çavuşlar səmərə vermir. Azərbaycan SQ-yə peşəkar çavuş heyəti lazımdır. Bizdə çavuşların 2-3 illik hazırlıq məktəbi yaradılsa, əsgərlərə təlim keçmək asanlaşar, komanda heyəti təsərrüfat işlərindən can qurtarar, qlobal şəkildə böyük nailiyyətlər əldə etmək olar. - beşincisi, hüquq-mühafizə orqanlarının, prokurorluğun ordu ilə bağlı fəaliyyətləri diqqət mərkəzində tutulmalıdır. Bu gün prokurorluq orqanları bir çox hallarda orduya pul mənbəyi kimi baxır. Bu isə orduda çox neqativ fəsadlar yaradır. - altıncısı, bu illər ərzində ordu rəhbərliyində eyni simaların qalması islahatları gecikdirən əsas səbəb kimi başa düşülməlidir. Orduya yeni rəhbər simalar lazımdır. - yeddincisi, bu gün cəmiyyətdə orduya çox pis yanaşma var, orduya hörmətsizlik var. Bunun qarşısı alınmalıdır. Ekspertin fikrincə, bu gün Azərbaycan ordusunda dəyərlər sistemi yaratmaq lazımdır: "Zabit kimdir, ona nə olar, nə olmaz - bilinməlidir. Heç olmasa dəyərlər üzərində nəsilləri tərbiyələndirmək lazımdır. İndi heç kim dəyərini bilmir. Ona görə özbaşınalıq var. Qanundan da yüksək bir dəyərlər sistemi yaradılmalıdır". Ehtiyatda olan polkovnik-leytenat Y.Cəfərlinin fikrincə, bu gün cəmiyyətdə, eyni zamanda SQ-də istefa mədəniyyəti yaradılmalıdır. Onun sözlərinə görə, bir çox məmurlar ordunun güclənməsi, islahatlar prosesinə əngəl olduqlarını hiss etdikləri zaman könüllü şəkildə istefa verməli və bu hərəkətləri ilə digərlərinə nümunə olmalıdırlar. |