Azərbaycanda kompüter informasiyasına qanunsuz daxil olub xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan mütəşəkkil dəstənin məhkəməsi başlayıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan vətəndaşları - Elqan Hikmət oğlu Vəliyev, Elçin Bəyverdi oğlu Abbasov, Ruslan Abidin oğlu Həsənov, Abidin Nüsrət oğlu Həsənzadə, Firudin Əlimöhsüm oğlu Mayılov, Suriya vətəndaşı İbrahim Məhəmməd Əhməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Cinayət işinə məhkəmənin hakimi Əfqan Hacıyev sədrlik edir.
Təqsirləndirilən şəxslər hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olaraq onların surətlərini əldə ediblər. Mütəşəkkil dəstənin üzvləri həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıb və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
Məlum olub ki, Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim istintaq sirri olduğuna görə adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, Elçin Abbasovun adına "Nur-AB" MMC təsis etmiş və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirmişlər. Daha sonra mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qeyri-qanuni şəkildə əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər. Qanunsuz əldə olunmuş həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən "Nur-AB" MMC-yə məxsus "POS-terminal" vasitəsilə təxminən 300 min AZN məbləğində pulun "Nur-AB" MMC-nin hesabına köçürülməsinə nail olublar.
Mütəşəkkil dəstə tərəfindən "POS-terminal" vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılıb, həmin vəsaitin "Nur-AB" MMC-nin hesabına köçürülməsi təşkil edilib və 2009-cu il mayın əvvəlində 54 min manat məbləğində pul vəsaiti "Nur-AB" MMC-nin bank hesabından çıxarılıbdır. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən "Nur-AB" MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməyiblər.
Bundan başqa, Elqan Vəliyevin başçılığı ilə dəstə üzvləri 2009-cu il iyunun əvvəlində növbəti dəfə "Nur-AB" MMC tərəfindən "POS-terminal"la saxta plastik kartlar vasitəsilə 160 900 AZN məbləğində nağdsız əməliyyatı təşkil ediblər. Elqan Vəliyevin göstərişi ilə Elçin Abbasov və Abidin Həsənzadə 2009-cu il iyunun 8-də həmin vəsaitin çıxarılmasını asanlaşdırmaq məqsədi ilə Bakıdakı bir bankın hesabından digər bankın hesabına köçürülməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi önləyici əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.
Təqsirləndirilən şəxslər CM-nin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyanvurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə ittiham olunurlar. Məhkəmə prosesi davam edir.
|