"Oğlumun qanı hərbi hissə rəhbərliyinin üstündədir"
 |
Oğlunu itirən əsgər atası məhkəmədə sərt ittihamlar səsləndirdi
Şənbə, 27.02.2010
|
|
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin "dedovşina"da təqsirləndirilən əsgərləri - Elsevər İsgəndərov, Hacı Əliyev, Anar Kərimov, İsmət İslamov, Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başladı. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi İlham Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirildi.
Təqsirləndirilən şəxslər hərbi xidmətdə olarkən əsgər yoldaşları Mirzəliyev Teymur İsaxan oğlundan 5 manat tələb ediblər. Mirzəliyev onların tələbini yerinə yetirmədikdə, təqsirləndirilən şəxslər onu döyüb, şərəf və ləyaqətini alçaldan ifadələrlə təhqir ediblər. Mirzəliyev bu təhqirlərə dözməyərək, 2009-cu il oktyabrın 4-də intihar edərək ölüb. Təqsirləndirilən şəxslər əsgər yoldaşları olan Fərid Manafovdan da hədə-qorxu yolu ilə pul alıblar.
Hərbçilər CM-nin hədə-qorxu yolu ilə tələb etmə (182), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddələri ilə ittiham olunurlar.
Prosesdə təqsirləndirilənlər Anar Kərimov və Hacı Əliyevin vəkili Ağaveyis Şahverdi vəsatətlə çıxış edərək bildirdi ki, müdafiə etdikləri şəxslərə qarşı 182 və 332-ci maddələrlə ittiham irəli sürülüb. Vəkil narazıdır:
"İttihamda yazılıb ki, Teymur Mirzəliyev əsgər yoldaşları tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı özünə qəsd edib. Həmin ittihamları irəli sürərkən, ittiham tərəfi mötəbər sübutlara əsaslanmayıb".
Vəkil qeyd etdi ki, ittihamın gəldiyi nəticəyə görə, müdafiə etdiyi şəxslər iyun ayında mərhumdan 5 manat pul tələb ediblər və həmin vaxt Hərbi Prokurorluğun müstəntiqi İdrak Tağıyev tərəfindən hərbi hissədə araşdırma aparılıb: "Əgər bu şəxslər həmin vaxt hərbi hissə ərazisində cinayət törədibsə, niyə məsuliyyətə cəlb edilməyiblər. Yalnız oktyabrın 4-də mərhum özünə qəsd edəndən sonra bu əsgərlərin barəsində cinayət işi başlayıb. Bu da əsas vermir ki, müdafiə etdiyim şəxslərə ittiham sürülsün. Buna görə də məhkəmənin hazırlıq iclasında cinayət işinin təqibinə xitam verilməsini istəyirəm".
Ağaveyis Şahverdi bildirdi ki, mərhumun meyitinə tibbi ekspertiza zamanı bir sıra qanun pozuntusuna yol verilib. Onun sözlərinə görə, istintaq işini aparan şəxslərin qanun pozuntusuna yol verməsi ilə bağlı hərbi prokuror Xanlar Vəliyevə şikayət ediblər. Vəkil qeyd etdi ki, prokurorluq işçilərinin hərbi hissədə apardığı qanunsuz araşdırma nəticəsində mərhum oktyabrın 4-də psixi sıxıntı keçirib.
Onun sözlərinə görə, mərhum Teymur Mirzəliyev prokurorluq işçilərinə təqsirləndirilən əsgərlərdən şikayəti olmadığını bildirib:
"Lakin İdrak Tağıyev mərhum əsgərə deyib ki, əgər bu əsgərlərdən şikayət etməsən, onda sənin özünü məsuliyyətə cəlb edəcəyik. Belə nəticəyə gəlmək olar ki, gərgin vəziyyətdə saxlamanın nəticəsində əsgər özünə qəsd edib. Onu da deyim ki, müdafiə etdiyim şəxslər oktyabr ayında ordudan tərxis olunmalı olduğu halda, tərxis edilməyiblər. Hərbi Hissənin komandiri deyib ki, həmin əsgərlərin ordudan tərxis edilməməsi prokurorluğun müstəntiqi İdrak Tağıyevin göstərişi ilə olub.
Bu məsələlərə aydınlıq gətirilməsi üçün müstəntiq və hərbi hissə komandirinin məhkəmədə əlavə şahid qismində dindirilməsi vacibdir".
Vəkil onu da diqqətə çatdırdı ki, təqsirləndirilən şəxslərin valideynləri hərbi hissədə araşdırma aparan müstəntiq İdrak Tağıyev tərəfindən istintaqa dəvət edilib və onlarla uzunmüddətli söhbətlər olub. Vəkil Anar Kərimov və Hacı Əliyevin valideynlərinin də məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırdı: "Qoy həmin valideynlər məhkəmədə müstəntiqlə hansı söhbətləri ediblər, danışsınlar".
Ağaveyis Şahverdi müdafiə etdiyi şəxslərin həbs qərarının dəyişdirilməsi və onların barəsində həbs olmayan qətimkan tədbirinin seçilməsi barədə də vəsatət qaldırdı.
Prosesdə çıxış edən prokuror Toğrul Hüseynov isə bildirdi ki, vəkilin qaldırdığı məsələ məhkəmənin hazırlıq iclasında həll edilən məsələ deyil. Prokuror vəsatətin əsassız olduğunu və təmin edilməməsini istədi.
Prokuror vəkilin əsgərlərin hərbi xidmət müddətinin başa çatması, lakin müstəntiqin göstərişi ilə hərbi hissədə saxlanılması barədə ittihamlarına da cavab verdi:
"Əsgərlərin ordudan tərxis olunması hərbi hissə komandirinin səlahiyyətləri çərçivəsində həll edilir. Əsgərlərin ordudan tərxis edilməsi qanunla bir ay ərzində həyata keçirilir. Ona görə də bu əsgərlərin oktyabrın 4-dək hərbi hissədə saxlanılması ittihamedici mövqe deyil. Digər tərəfdən, valideynlərin prokurorluğun müstəntiqi ilə söhbət etmələrini işin hallarına aidiyyəti yoxdur. Əsgərlərin barəsində olan həbs qərarının dəyişdirilməsini də düzgün hesab etmirəm. Çünki əsgərlər ittiham üzrə özlərini təqsirli bilmirlər və azadlıqda olduqları müddətdə iş üzrə zərərçəkmiş və şahidlərə təzyiq edə bilərlər. Buna görə də vəsatətlərin təmin edilməməsini xahiş edirəm".
Zərərçəkmiş İsaxan Mirzəliyev bildirdi ki, prokuror təqsirləndirilən əsgərlərin barəsində çox yumşaq danışır. O, təqsirləndirilən şəxslərə daha ağır cəzanın verilməsini istədi. O, vəsatətlərin təmin edilməməsini də məhkəmədən istədi.
Təqsirləndirilən Elsevər İsgəndərovun vəkili Osman Kazımov bildirdi ki, hərbi hissədə ağır cinayət hadisəsi baş verib. Onun sözlərinə görə, bu ağır cinayət nəticəsində bir əsgər həyatını itirib, digər 5 əsgər isə həbs edilib. Vəkil bu cinayətin başvermə səbəblərini araşdırmağın vacib olduğunu bildirdi. Dedi ki, bu cinayət olayı ilə bağlı komandanlığın təqsirinin olub-olmadığını araşdırmaq lazımdır. Osman Kazımov müstəntiq və hərbi hissə komandirinin məhkəmədə dindirilməsinin vacib olduğunu bildirdi.
Zərərçəkmiş İsaxan Mirzəliyev isə hərbi hissə komandirini ağır cinayətdə ittiham etdi: "Mənim oğlum özünü öldürməyib. Trosla onu boğaraq, qətlə yetiriblər. Mən oğlumun yerinin dəyişdirilməsi ilə bağlı hərbi hissə komandirinə müraciət etmişəm. Amma mənim müraciətlərimə məhəl qoymayıb. Oğlumun qanı hərbi hissə rəhbərliyinin üstündədir".
Hakimlər vəkilin vəsatətini təmin etmədilər. Bildirdilər ki, hazırkı mərhələdə həmin məsələlərə baxılması düzgün deyil və məhkəmə zamanı araşdırılacaq.
Qeyd edək ki, yuxarıda göstərdiklərimiz istintaq orqanının gəldiyi qənaət və müdafiə tərəfinin mülahizələridir. Martın 4-də bu cinayət işi üzrə məhkəmə başlayacaq və həmin məhkəmə araşdırması zamanı baş vermiş cinayətə aydınlıq gətiriləcək.
|
|
|
Oxşar xəbərlər:
Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi
Bir əsgər minaya düşüb, digəri qayadan yıxılıb
Orduda bu il itkilərimiz 60-ı keçdi
Ərdoğan ABŞ-da Qarabağdan danışacaq
Azərbaycanda da sülhməramlı əməliyyat keçirilə bilər
|
|
|