Şirvan şəhərində köhnə "kolxoz bazarı" sanitariya qaydalarına cavab vermədiyi üçün bağlanıb. Ticarət mərkəzinin bağlanmasına görə satıcılar narazılıq bildiriblər. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər ticarət mərkəzində alverlə məşğul olan satıcılar xəbər veriblər. Əvvəllər kolxoz bazarı kimi fəaliyyət göstərən, indi ticarət mərkəzinə çevrilən ərazidə yüzlərlə sakin ticarətlə məşğul olub.
Satıcılar bildiriblər ki, sonradan şəhərin Rəsulzadə küçəsində inşa edilən yeni ticarət mərkəzinə onları məcburi qaydada köçürüblər. Ona görə də bu gün bir qrup satıcı köçürülməyə etiraz olaraq köhnə bazarın ətrafına toplaşıb. Etiraz edənlərdən iki nəfər polis tərəfindən saxlanıb. Məsələyə aydınlıq gətirən Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov bildirdi ki, şəhərdə yeni, Avropa standartlarına uyğun və bütün sanitariya qaydalarına cavab verən infrastruktura malik ticarət mərkəzi istifadəyə verilib: "Köhnə bazarda isə antisanitariya şəraiti hökm sürürdü. Satıcılar yayda istinin altında tozlu və infeksion şəraitdə, qışda soyuqda və palçığın icərisində alver edirdilər. Ona görə də yanvar ayında İqtisadi İnkişaf Nazirliyinin və Sanitar-Epidemioloji Mərkəzin nümayəndələri tərəfindən akt tərtib edildi və qərara alındı ki, bu şəraitdə ərzaq məhsullarının satışı dayandırılmalıdır. Həm də bu bazar müasir tələblərə və standartlara cavab vermir. Ona görə satıcılarla danışıqlar aparıldı və qarşılıqlı anlaşma şəraitində onlar yeni ticarət mərkəzinə köçürüldü".
|