Futbol üzrə milli komandamız yeni ildə ilk oyununu keçirib. Yığmamız fevralın 25-də səfərdə İordaniya komandası ilə keçirdiyi yoldaşlıq görüşündən qalib ayrılıb.
Paytaxt Əmmandakı "Kinq Abdullah" stadionunda baş tutan qarşılaşma Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb. Matçın isə birinci dəqiqəsi tamam olmamış komandamız hesabı açıb. Yığmada ilk görüşünü keçirən Fərid Quliyevin 46-cı saniyədə ötürdüyü topu yığmamızın braziliyalı üzvü Fabio Luis Ramim baş zərbəsi ilə rəqib komandanın qapısından keçirib. Millimizin daha bir debütantı - Əfran İsmayılov isə özü fərqlənib. O, 31-ci dəqiqədə rəqib qapıçı ilə təkbətək çıxaraq hesabı 2:0-a çatdırıb. İkinci hissədə də üstün oyun nümayiş etdirən komandamız bir neçə qol imkanlarından istifadə edə bilməyib. Bununla da yığmamız meydançanı 2:0 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, İordaniya yığmasına qarşı oyunda millinin əsas oyunçularından olan Vaqif Cavadov və Mahir Şükürov iştirak etməyiblər. Komandamız İordaniyada hazırlığı başa vurduqdan sonra Lüksemburqa yola düşəcək və martın 3-də bu ölkənin millisi ilə yoxlama oyunu keçirəcək.
Bu arada isə komandamızın digər yoxlama oyununda üz-üzə gələcəyi növbəti rəqibinin adı məlum olub. Aldığımız bilgiyə görə, İslandiya milli komandasının Bakıya gələcəyi gözlənilir. AFFA baş katibi Elxan Məmmədovun sözlərinə görə, o, "AVRO-2012"nin püşkatması zamanı İslandiya Futbol Federasiyasının prezidenti ilə görüşüb və bu barədə ilkin razılıq əldə olunub. Martın 12-də daha bir görüş keçiriləcək və Azərbaycan-İslandiya matçının keçirilmə tarixi həmin görüşdə dəqiqləşəcək. Baş katib daha sonra bildirib ki, İordaniya ilə də Bakıda yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb. Bu oyunun gələn il baş tutacağı planlaşdırılır.
2008-ci ilin avqustunda Azərbaycan yığması Reykyavikdə İslandiya yığması ilə qarşılaşıb. Həmin oyunda yığmamız hesabı açsa da, islandiyalılar məğlubiyyətdən qaça bilmişdilər.
|